Sumqayıtda dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitin təyinatı üzrə xərclənməməsinə dair ciddi şübhələr var.
Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Sumqayıtın icra başçısı şəhərdəki tikinti və abadlaşdırma işlərini əsl qazanc mənbəyinə çevirməyi bacarıb. Bunun reallaşma mexanizmi haqda bir qədər sonra daha ətraflı məlumat verəcəyik. İndilik isə onu qeyd edək ki, Zakir Fərəcov Sumqayıtdakı bütün təmir-tikinti işlərini qudası Akif Zeynalova tapşırıb.
Təkcə elə bu məqam ortada yeyinti risqinin kifayət qədər yüksək olduğunu düşünmək üçün əsaslar yaradır. Məgər, icra başçısı dəyəri milyonlarla ölçülən iri tikinti layihələrini tapşırmaq üçün qudasından başqa peşəkar tapmadımı? Yaxud, Zakir Fərəcovun qudası Akif Zeynalov bu sahədə hansı istedada və təcrübəyə malikdir ki, onu başqası ilə əvəzləmək qeyri-mümkün olub? Təbii ki, bu sualların cavabı özlüyündə aydındır: bütün bunlar korrupsiya və yeyinti üçün münbit zəmin hazırlamaqdan özgə heç nəyə xidmət etmir.
Bəlkə buna da göz yummaq olar və mövzuya qayıtmamaq da olardı. Əgər, Zakir Fərəcovun tikinti işlərindəki digər ortağı kifayət qədər müəmmalı görünməsəydi. Bəs, kimdir Zakir Fərəcovun ürək qızdırdığı digər ortağı? Bu bir müddət əvvələdək həbsxana həyatı yaşamış, o zamanlar həyata keçirdiyi maliyyə maxinasiyalarına görə medianın gündəmindən düşməyən goranboylu iş adamı Müqayis Verdiyevdir.
Savash.org xatırladır ki, indi Sumqayıtda peyda olan Müqayis Verdiyevin daha əvvələr Goranboy və İmişli rayon icra hakimiyyətləri ilə ciddi problemləri ortaya çıxmış və bu problemlər üzündən də iş adamı həbsə atılmışdı. Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 09 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Azadlığa qovuşduqdan sonra isə bu qalmaqallı iş adamı gözlənilmədən Sumqayıtda peyda olub. Maraqlıdır, necə?
İnformasiya mənbəyimiz iddia edir ki, Müqayis Verdiyev Zakir Fərəcovun qudası ilə köhnə tanışdır. Elə bu tanışlıq da Müqayis Verdiyevin Sumqayıt ŞİH başçısının kabinetinə aparan yolu qısalda bilib. O, görüş zamanı Zakir Fərəcovu öz “istedad və bacarığına” inandıra bilib və bundan sonra tərəflər ortağa çevriliblər.
Orxan HƏSƏNLİ
Savash.org
P.S Növbəti yazımızda isə Sumqayıtda həyata keçirilən tikinti maxinasiyalarının şok gizlinləri və şəhərdəki abadlıq işindən “çörək yeyən” digər qohumların kimliyinə aydınlıq gətirəcəyik. Həmçinin Sumqayıt bulvarının tikintisinin hansı iş adamlarının boynuna və hansı şərtlərlə qoyulmasına da aydınlıq gətirəcəyik