Oqtay Əsədovun biabırçı etirafı

16-04-2016, 09:26   
Oqtay Əsədovun biabırçı etirafı


Həmişə demişik, bundan sonra da deyəcəyik ki, bu hökumət üçün Qarabağ məsələsi heç vaxt prioritet olmayıb. 22 illik atəşkəs rejimi ən çox bu hökumətə sərf edib. Bu illər ərzində bütün komanda aşırı dərəcədə varlanıb, bütün arzuları həyata keçib və ölkəni şəxsi təsərrüfata çeviriblər. 22 illik atəşkəs dövründə Milli Məclisdə 5 dəfə Qarabağ müzakirəsi getməyib, rəsmi təbliğat Qarabağı arxa plana keçirib.

Yalnız torpaqların işğal günündə 1-2 pafoslu bəyanatla işğal faktına münasibət bildiriblər. Bu ölkədə Xocalı soyqırımı günü iş günüdür, amma “Qurtuluş günü” qeyri-iş günüdür. Bu ölkədə Qarabağ qaziləri sosial vəziyyətin ağırlığı səbəbindən intihar edir, şəhid ailələrinin sığorta pulu verilmir, Qarabağ əlilləri dilənçi puluna möhtacdı və s. Yəni Qarabağla bağlı heç nəyə bu ölkədə xüsusi qayğı və diqqət yoxdur.


Cəbhədəki 3 günlük döyüşlər də göstərdi ki, cəmiyyətdəki həmrəylik, ordunun əzmi, milli ruh hökumətin xoşuna gəlmədi. 22 illik atəşkəs dövrü ərzində ən əlverişli zaman yarandı, torpaqlarımızı azad etmək üçün tarixi fürsət meydana gəldi və Azərbaycan hökuməti bu fürsəti könüllü şəkildə əldən verdi.

Milli Məclisin vitse spikeri Oqtay Əsədov da bunu etiraf edib: “Biz Ermənistanla müharibə aparmamışıq, müharibə aparsaydıq, bir həftədə xeyli irəliləyərdik”- deyə Oqtay Əsədov bildirib.

Deməli, 3 gün davam edən, 90-dan artıq hərbçimizin şəhid olmasıyla nəticələnən döyüşlər müharibə deyilmiş? Bəs, hücuma keçmək, yüksəklik tutmaq, “Xankəndini də vuracağıq” bəyanatı nə məna kəsb edirdi? Əgər biz Ermənistanla müharibə aparmırıqsa, ordu qurmağa, silah-sursat almağa, “lazım”ın adını sayıqlamağa nə ehtiyac var?

Bəs, sizin qəzəbiniz, torpaq sevginiz, milli qürur hissiniz hardadır? Əgər irəliləyə bilərdiksə, niyə bunu etmədik? 20 faiz torpağı işğal edən Ermənistan israrla döyüşü davam etdirirsə, birtərəfli atəşkəs razılaşmasına gülləylə cavab verirsə, sizin sülh sevdanız qorxaqlıq, xəyanət, iradəsizlik deyilmi?

Bəli, atəşkəs dövründə 2000-dən artıq hərbiçimiz həlak olub və bütün bunlardan sonra hökumət “biz müharibə istəmirik” mesajı verir.

Əgər bu fürsətdən istifadə edib irəli getmək mümkün idisə, həmin məsafəni qət edib daha sonra atəşkəsə əməl etmək olmazdımı? Biz ordunu bu günlər üçün yaratmamışıqmı?

Suallar çoxdur, amma bu hökumətin normal cavabı həmişəki kimi yoxdur.

Oqtay Əsədovun yadına salmaq istəyirik ki, AXCP sədri Əli Kərimli də bu sözləri söyləmişdi. Demişdi ki, indi böyük fürsət yaranıb və ordumuz irəliləyə bilər. Həm də bu dəfə heç kim bizi zorakılıqda, qan tökmədə ittiham edə bilməzdi. Biz özümüzü qorumaq məcburiyyətində qaldıq və cavab atəşimiz xeyli məsafə qət etməliydi.

Deməli, Oqtay Əsədov həm də etiraf etmiş olur ki, Əli Kərimliyə qarşı təşkil olunmuş aksiyalar, iyrənc planlar onun həqiqəti deməsiylə bağlıdır. Deməli, Əli Kərimlinin orduyla bağlı dedikləri, yaranmış vəziyyətə verdiyi qiymət düzgün olub.

Nəhayət, deməli, hökumət məqsədli şəkildə fürsətdən istifadə etməyib. Münaqişənin sonsuza qədər həllini tapmaması üçün Rusiyadan atəşkəs əmri gözləyiblər.

Görünür, ölkəni bir əsr geriyə salanlar üçün, bir həftədə irəliləmək imkanı cazibədar olmayıb.

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.