Zakir Fərəcovun MTN-nin keçmiş idarə rəisi olan yeznəsinin “Sumqayıt sərgüzəştləri”

18-04-2016, 07:04   

Zakir Fərəcovun MTN-nin keçmiş idarə rəisi olan yeznəsinin “Sumqayıt sərgüzəştləri”
Zakir Fərəcovun MTN-nin keçmiş idarə rəisi olan yeznəsinin “Sumqayıt sərgüzəştləri”Sumqayıt şəhərində icra başçısı Zakir Fərəcovun rəhbərliyi altında həyata keçirilən tikinti maxinasiyaları haqda yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, Savash.org olaraq ötən yazımızda Sumqayıtda dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitin xüsusilə də tikinti sektorunda təyinatı üzrə xərclənməməsinə dair müəyyən bilgiləri vermişdik.

Həmin yazıda qeyd etmişdik ki, Zakir Fərəcov Sumqayıtdakı bütün təmir-tikinti işlərini qudası Akif Zeynalova tapşırıb və təkcə elə bu məqam ortada yeyinti risqinin kifayət qədər yüksək olduğunu düşünmək üçün əsaslar yaradır. Məgər, icra başçısı dəyəri milyonlarla ölçülən iri tikinti layihələrini tapşırmaq üçün qudasından başqa peşəkar tapmadımı? Yaxud, Zakir Fərəcovun qudası Akif Zeynalov bu sahədə hansı istedada və təcrübəyə malikdir ki, onu başqası ilə əvəzləmək qeyri-mümkün olub? Təbii ki, bu sualların cavabı özlüyündə aydındır: bütün bunlar korrupsiya və yeyinti üçün münbit zəmin hazırlamaqdan özgə heç nəyə xidmət etmir.

Eyni zamanda bildirmişdik ki, Zakir Fərəcovun tikinti işlərindəki digər ortağı da kifayət qədər müəmmalı şəxslərdən biridir. Bu şəxs bir müddət əvvələdək həbsxana həyatı yaşamış, o zamanlar həyata keçirdiyi maliyyə maxinasiyalarına görə medianın gündəmindən düşməyən goranboylu iş adamı Müqayis Verdiyevdir. Xatırlatmışdıq ki, indi Sumqayıtda peyda olan Müqayis Verdiyevin daha əvvələr Goranboy və İmişli rayon icra hakimiyyətləri ilə ciddi problemləri ortaya çıxmış və bu problemlər üzündən də iş adamı həbsə atılmışdı. Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 09 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Azadlığa qovuşduqdan sonra isə bu qalmaqallı iş adamı gözlənilmədən Sumqayıtda peyda olub.

İnformasiya mənbəyimiz iddia edir ki, Müqayis Verdiyev Zakir Fərəcovun qudası ilə köhnə tanışdır. Elə bu tanışlıq da Müqayis Verdiyevin Sumqayıt ŞİH başçısının kabinetinə aparan yolu qısalda bilib. O, görüş zamanı Zakir Fərəcovu öz “istedad və bacarığına” inandıra bilib və bundan sonra tərəflər ortağa çevriliblər.

Savash.org-un əldə etdiyi yeni informasiyada isə Zakir Fərəcovun rəhbərliyi altında həyata keçirilən tikinti talanında yeznəsi Pərvin Əsədovun da iştirakçı olması haqdadır. Məlumat üçün bildirək ki, Pərvin Əsədov son zamanlara qədər artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun bu vəzifəyə keçmiş MTN rəhbəri Eldar Mahmudovun xətti ilə gətirildiyi və həbs olunmuş bir çox MTN rəsmiləri ilə qaranlıq əlaqələrinin olması haqda da məlumatlar kifayət qədərdir. Zakir Fərəcovun yeznəsinin adı hətta MTN-lə bağlı mediayaya sızan şikayətlərdə qırmızı xəttlə keçir. Pərvin Əsədovun Akif Çovdarovla “işguzar” əlaqələrinin olması barədə ölkə mediasında ilginc iddialar yer alıb. Həmin məlumatlarda iddia olunur ki, sahibkarların şantaj edilərək onlardan pul alınmasında Akif Çovdarovla “əməkdaşlıq” edənlərdən biri də Pərvin Əsədov olub.

MTN-nin ləğv olunması, adıçəkilən qurumun bazasında Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması və Mədət Quliyevin DTX-ya rəhbər təyin olunmasından sonra isə bu qurumda da ciddi təmizləmə işləri həyata keçirildi. Məhz bu təmizləmə əməliyyatının nəticəsi olaraq işini itirənlərdən biri də Zakir Fərəcovun yaxın qohumu Pərvin Əsədov olub.

MTN-dəki postunu itirdikdən sonra isə Pərvin Əsədov iş axtarmaq üçün çox gözləməyib. Savash.org-a daxil olan məlumata görə, əvvəllər də tikinti sektorunda iştirakçı olan Pərvin Əsədov indi də elə bu sektorda fəaliyyət göstərir. Qohumu və himayədarı Zakir Fərəcovun Sumqayıtın icra başçısı olması isə onun “gənclik şəhərində” qol-qanad açmasına rəvac verib. Mənbənin bildirdiyinə görə keçmiş MTN-çi hazırda Sumqayıt və Abşeronda ciddi tikinti maqnatı kimi tanınlır. Onun müəlliflik etdiyi müəmmalı tikinti əməliyyatları haqda isə yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.