Rusiya xarici işlər naziri İrəvanda məxfi danışıqlara başladı; Rusiyanın baş diplomatı Ermənistana “əlidolu” gəlib; Moskva ermənilərin həm könlünü almaq, həm də onları güzəştli həllə razı salmaq niyyətindədir; politoloq: “Azərbaycan Rusiyanın sülhməramlı qüvvələr və Avrasiya layihələri tələbləri ilə razılaşmasa, 5 rayon da qayıtmayacaq...”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən iki günlük səfərlə Ermənistana gəlib. İrəvan səfərinin hansı nəticələr verəcəyi Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanan hər kəsin diqqət mərkəzindədir. Bölgəyə ilk səfəri zamanı, aprelin 7-də Bakıda olarkən “danışıqlar masası ətrafında bir neçə həll variantı var” deyən Rusiya baş diplomatının Ermənistana hansı sənədi apardığı gündəmin əsas suallarındandır.
Ermənistanda neçə gündür davam edən anti-Rusiya aksiyaları, “Rusiya, Qarabağdan əlini çək!” tələbləri ilə keçirilən yürüş-mitinqlər, erməni hakimiyyətində və cəmiyyətində müşahidə olunan antirus ovqatı zahirən belə qənaət yaradır ki, masa üzərindəki plan Azərbaycanın faydasınadır. Ancaq hələ ki nə Bakı, nə də Moskvadan detallı bir açıqlama verilmədiyindən müəmmalar qalmaqdadır. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan Lavrovun səfəri ərəfəsində yalnız bunu deyib ki, erməni və rus mediasında Qarabağdakı danışıqlarla bağlı yayılan məlumatların bir çoxu həqiqəti əks etdirmir: “Doğrudur, həmsədrlərin təklif etdikləri variant erməni tərəfinin istəyinə uyğun deyil, amma orda qarşılıqlı güzəşt məsələsi, həmçinin referendum ideyası da var” - nazir müavini əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Lavrovun Ermənistana əliboş getməyəcəyini açıqlayıb. “Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir”, deyən XİN sözçüsü Qarabağ müzakirələrinin olacağını və həll planının müzakirə predmeti olacağını təsdiqləyib. Xatırladaq ki, S.Lavrov Bakıda olarkən masa üzərindəki sənədin bir sıra komponentlərinin razılaşdırıldığını bildirmişdi. Ancaq onun “Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm” sözləri Bakının seçim qarşısında qaldığı barədə təxminlərə yol acımışdı.
Əksər müşahidəçilər bu qənaətdədir ki, Rusiya aprel əməliyyatlarına susqunluq nümayişinin qarşılığı olaraq Kazan sənədinə Bakının razılığını alıb, üstəlik, Azərbaycanın adıçəkilən təşkilatların çətiri altına keçməsini istəyib. Hələlik rəsmi Bakı məsələ ilə bağlı qəti mövqeyini açıqlamayıb. Ancaq hesab olunur ki, “Lavrov planı”nda ən təhlükəli məqam ilkin mərhələdə 5 rayonun işğaldan azad olunmasının ardınca münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilməsidir. Düzdür, sülhməramlıların yerləşdirilməsi bütün danışıqlarda müzakirə mövzusu olub. Lakin kontingentin bir ölkənin hərbçilərindən ibarət olmaması da prinsipial olaraq razılaşdırılıb. Moskvanın isə razılaşmalara sözsüz əməl etmədiyini Gürcüstan və Ukrayna hadisələrində hər kəs gördü.
Bu mənada aprel toqquşmalarını təkbaşına dayandırmasının “mükafatı” olaraq Kremlin öz hərbçilərini konflikt zonasına yerləşdirməsi “tərəflərin istəyi” ilə baş verə bilər. Yeri gəlmişkən, ermənilər özləri də anlayır ki, Rusiya olmasa, onların Azərbaycan torpaqlarında qalması mümkün olmayacaq, ona görə də həm qəzəb püskürür, həm də rus əsgərinə arxayın olub aqressiyanı davam etdirirlər. Hətta bugünlərdə Ermənistandakı rus hərbçilərinin və hərbi texnikasının Xankəndində göründüyü barədə xəbərləri düşmən mətbuatı həvəslə yaydı.
***
Qeyd edək ki, son bir neçə il ərzində Qarabağa sülhməramlıların gətirilməsi danışıqlarda əsas müzakirə mövzularından olub. Erməni tərəfi ətraf 7 rayonu “Dağlıq Qarabağ əhalisinin” təhlükəsizliyinin təminatı" olaraq işğal etdiyini hələ illər öncə açıq şəkildə etiraf edirdi, üstəlik, bu ərazilərin Azərbaycana məxsusluğunu da ara-sıra dilə gətirirdi. Məhz o zaman ermənilərin bəhanəsini kəsmək üçün sülhməramlı ideyası ortaya atıldı. Lakin hələ o zaman da rəsmi Bakı bildirirdi ki, sülhməramlıların tərkibi və digər məsələlər sülh planı üzərində iş başlayanda müəyyənləşdiriləcək. Yəni bu prosesdə hansı ölkələrin iştirak edəcəyi, münaqişə zonasına yerləşdiriləcək qüvvələrin sülhməramlı olacağı, yoxsa sülhü qoruyan inspektorlardan ibarət olacaqları konkretləşdirilməmişdi. Eyni zamanda illər uzunu sülhməramlıların harada, Dağlıq Qarabağın daxilində, yoxsa ətrafında yerləşdirilməsi də danışıqlarda konkretləşdirilməyib.
Bu gün masaya çıxarılan “Kazan planı” ilə bağlı da detallı bilgi verilmədiyindən bütün bu suallara aydınlıq gətirilməyib. Lakin müşahidələr onu göstərir ki, Rusiya bu prosesdə təkbaşına hərəkət etmək niyyətindədir. Hətta uzaqgedən iddialar da var ki, Moskva Suriyadakı hərbi qüvvələrini tam çıxartmamaqla Qərbdən Qarabağda təkbaşına hərəkət etməsi üçün mandat almaq, onun ardınca Bəşər Əsəd rejimi ilə “haqq-hesab çürütməyi” ABŞ və müttəfiqlərinin ixtiyarına buraxmaq niyyətindədir.
Lakin Kremlin Cənubi Qafqazla bağlı istəklərinə bölgədə strateji maraqları olan Qərb dairələrinin müsbət yanaşacağını demək çətindir. Eyni zamanda Qərbin sükutu da suallar doğurur. Qarabağdakı aprel savaşından sonra ABŞ daxil, aparıcı dünya ölkələrinin adekvat reaksiyası müşahidə olunmur və prosesdə dominantlıq edən Moskvaya kart-blanş verilməsi ehtimalı getdikcə güclənir. Düzdür, ATƏT-in sədri olan Almaniyanın da 7 bəndlik Qarabağ təklifləri hazırladığı barədə xəbərlər var. Elə iki gün əvvəl Minsk Qrupu həmsədrlərinin ATƏT sədri ilə görüşüb vəziyyəti birgə müzakirə etməsi ortaq sənədin masaya çıxarıla biləcəyi gümanlarını da yaradıb. Ancaq bütün bunlar, sadəcə, gümanlardır və hətta BMT baş katibi Pan Gi Munun Cənubi Qafqaza nəzərdə tutulan səfərinin təxirə salınması kimi məsələlər də regionda Moskvanın əl-qolunu açmağa imkan verir. Bu mənada Rusiyanın baş diplomatının İrəvan səfərindən hansı nəticələrlə dönəcəyi suallar doğurur.
***
Belə görünür ki, artıq sülhməramlılarla bağlı situasiya yetişib. Əksər təhlilçilər hesab edir ki, Rusiya əsasən buna çalışır, yoxsa nə Qarabağı qaytarmaq istəyir, nə də Dağlıq Qarabağı ermənidən almaq niyyətindədir. Bakı sülhməramlıların yerləşdirilməsinin əvəzində Rusiyadan nə istəyir? Azərbaycan bu plana razılıq verməsə, nə baş verə bilər? Rusiya burada möhkəmlənməklə nəyə nail olmaq istəyir?
Politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a bildirdi ki, sülhməramlıların Qarabağda yerləşdirilməsi məsələsi əslində yeni məsələ deyil: “Rusiya xeyli vaxtdır ki, münaqişə zonasına əsgəri gücünün yerləşdirilməsini istəyir. Bu, nə qədər mümkündür, təbii ki, demək çətindir. Amma bunu da bilirik ki, əsas məsələ Azərbaycan dövlətinin razılığından asılıdır. Dolayısı ilə danışıqların nəticəsi belə olur: Azərbaycana 5 rayon qaytarılır, bunun əvəzində Dağlıq Qarabağa sülhməramlı rus kontingenti yerləşdirilir”.
T.İsmayıl bu planın ölkəmiz üçün “tələ” olması fikri ilə tam razıdır: “Əslində başqa dövlətin hərbi hissələrinin Azərbaycan ərazilərində yerləşdirilməsi o ərazilərdə Azərbaycan hakimiyyətinin itirilməsi deməkdir. Bunun da nəticəsini qonşu ölkələrdə görmüşük. Rusiya sülhməramlılarının Cənubi Osetiya və Abxaziyada yerləşməsi əslində faktiki olaraq uzun müddətdən sonra bu bölgələrin Gürcüstanın nəzarətindən çıxmasına gətirib çıxartdı. Nəticə etibarilə Gürcüstan bu istiqamətdə ərazi bütövlüyünü bərpa etmək istədiyi zaman böyük bir müharibə ilə üzləşdi və sonda Rusiya təktərəfli olaraq qondarma qurumları ”müstəqil dövlət" olaraq tanıdı. Bu nümunə Azərbaycan üçün yetərlidir. Azərbaycan ərazisində bir başqa dövlətin, xüsusilə də Rusiyanın hərbi qüvvələrinin yerləşdirilməsi bu bölgənin onun nəzarətindən birdəfəlik çıxması, sonrakı dönəmlərdə isə buranın Rusiyanın nəzarətinə keçməsi demək olar". Ekspertə görə, Rusiyanın əsas məqsədi Cənubi Qafqazda öz mövcudluğunu qorumaqdır: “Ermənistanda onun hərbi bazaları var, Ermənistana nəzarətini saxlayır. Azərbaycan ərazisində də hərbi qüvvələrin yerləşdirilməsi ən böyük təhlükələrdən biridir”.
Lavrovun “əli dolu” vəziyyətdə yalnız İrəvana getməsi də diqqət çəkir. Rus diplomatın Azərbaycana da səfər edəcəyi xəbəri sonradan təsdiqlənmədi. Onun Bakıya gəlməməsi o deməkdirmi ki, artıq Bakı masa üzərindəki sənədə razılığını verib?
Hələ ki rəsmi Bakının məsələyə münasibəti yoxdur. T.İsmayıl isə bunu real saymır: “Bu aralar Rusiya ilə Ermənistan arasında vəziyyət bir az gərgindir. Lavrovun İrəvan səfəri aradakı bu soyuqluğu ortadan qaldırmaq üçündür. Mən zənn etmirəm ki, Bakı belə asanlıqla sülhməramlıların bölgədə yerləşdirilməsinə izn verə bilər. Bu, mümkünsüzdür. Azərbaycan hökumətinin belə addım atması əslində bir növ intihara bərabər olardı. Amma İrəvandakı görüşmələr çox vacibdir. Rusiya Qarabağdakı son döyüşlərdən sonra rəsmi İrəvanla münasibətlərini nizamlamaq istəyir”.
***
“Burada mən politoloqların sevimli sözlərini deməyə bilmərəm. Axı mən bunu əvvəldən demişdim ki, ruslar bura qoşun yeridib Azərbaycanı asılı vəziyyətə gətirmək istəyir. Onu da demişdim ki, Gürcüstandakı (Abxaziya və Canubi Osetiya-red.) vəziyyətə baxın, orada Moskvanın sülhməramlı qüvvələri nə etdi. Rusiya ilk növbədə Azərbaycana nəzarətini bərpa eləmək istəyir, bunu özünün sülhməramlı qüvvələri vasitəsilə etmək niyyətindədir.
Torpağımızda sülhməramlı qüvvələrin yerləşdirilməsi müqabilində o, Ermənistandan 5 rayonun qaytarılmasını tələb edır”. Bu fikirlərsə politoloq Hikmət Hacızadəyə məxsusdur.
Ancaq Rusiya imperiyasının şərtlərinə razılaşmamağın da riskli olduğu barədə fikirlər var. Hesab olunur ki, Kreml hətta öz müttəfiqi və forpostunu onun cızdığı xətdən kənara çıxdığı üçün cəzalandırıb Azərbaycanla üzbəüz döyüş meydanında qoydusa, Bakı üçün də hansısa sürprizlər hazırlaya bilər. H.Hacızadə isə sonucu belə təsəvvür edir: “Əgər Azərbaycan rusların sülhməramlı qüvvələr və Rusiyanın yaratdığı yeni ittifaqlarla bağlı tələbləri ilə razılaşmasa, onda 5 rayon da qayıtmayaq.
Rusun razılığı olmasa, biz özümüz təkbaşına hələ ki o rayonları qaytara bilməyəcəyik. Çünki o zaman Rusiya İrəvanı aktiv şəkildə dəstəkləyəcək”. Ekspert hələ ki masa üzərindəki heç bir sənədin razılaşdırılılmadığı qənaətindədir: “Yəqin Lavrov çalışır əvvəl İrəvanı yola gətirsin. Sonra isə Bakının qarşısında məsələ qaldıracaq ki, 5 rayonu sənə qaytaracağam, amma sən də mən istədiyini elə!”
***
Təbii ki, qarşıda çox gərgin bir dövr var. Qarabağ toqquşmalarından sonra artıq status-kvonun saxlanmasının mümkünsüzlüyünü dərk edən qüvvələr nəyin bahasına olursa-olsun bölgədə sülhü təmin etməyə çalışır, hətta Qarabağın Azərbaycandan qoparılması bahasına olsa da. Bu mənada əminliklə demək olar ki, artıq Qarabağla bağlı həll prosesi təhlükəli məcraya daxil olub.
Qəribəsi odur ki, özgə torpağını ilhaq etmiş Ermənistan daha çox qışqır-bağır salmaqdadır. Lakin hərbi uğurlardan sonra təmkinini qoruyub-saxlamağa çalışan Bakı da Azərbaycan şəhidlərinin qanı bahasına əldə olunmuş mövqelərin birdəfəlik itirilməsinə - özü də xalqın savaş çağırışlarının səsləndiyi bir dönəmdə - çətin ki, razılaşsın. Üstəlik, Azərbaycan bu prosesdə tək deyil, onun yaxın müttəfiqi Türkiyə heç zaman imkan verməz ki, Qarabağda rus əsgəri əbədi söz sahibi olsun. Gözləyək, görək İrəvan səfəri zamanı Lavrovun “dolu” çantasından nələr çıxacaq.
Elşad PAŞASOY