Zakir Fərəcov dələduz iş adamının əli ilə milyonlar silir

22-04-2016, 10:26   


Sumqayıtın abadlaşdırılması üçün prezident tərəfindən ayrılan büdcə vəsaitləri yağmalanır.



Sumqayıtda talan olunan büdcə vəsaitləri; daha əvvəl dələduzluğa görə tutulan iş adamı Müqayis Verdiyevin Zakir Fərəcovun qudası Akif Zeynalovla 16 milyonluq son əməliyyatı

Prezident İlham Əliyev Zakir Fərəcovu Sumqayıt şəhərinə icra başçısı təyin etdikdən sonra şəhərdə xeyli dəyişikliklərə, yeniliklərə start verilib. Ancaq Zakir Fərəcov da digər həmkarlarından fərqlənməyərək prezidentin ona olan inamından istifadə edərək Sumqayıt şəhərini büdcə pullarını silmək üçün poliqona çevirib. Bunun üçün Sumqayıtın icra başçısı abad yerləri dağıdaraq yenidən “abalaşdırmağa” start verib.

AzMedia.infoya-ya Sumqayıtdan daxil olan məlumata görə, icra başçısı şəhərdəki bütün təmir-tikinti işlərini qudası Akif Zeynalova tapşırıb. Ancaq icra başçısının Sumqayıt şəhərindəki tikinti işlərində Akif Zeynalovla bərabər digər bir ilginc iş adamının adı da keçir. Saytımıza məlumat verən mənbə qeyd edir ki, Zakir Fərəcovun Sumqayıtda tikinti-təmir işlərindəki ortağı, bir müddət əvvələdək həbsxana həyatı yaşamış, o zamanlar medianın gündəmində olan goranboylu iş adamı Müqayis Verdiyevdir. Bildirək ki, Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 09 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Həbsdə olduğu müddətdə Müqayis Verdiyev Goranboy icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin sifarişinə əsasən həbs olunduğunu bildirirdi. Goranboy icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə öz növbəsində Müqayis Verdiyevi dələduzluqda və rayonda sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edirdi.

Həbsdən azad olunduqdan sonra Müqayis Verdiyevin Sumqayıt şəhərində və Bərdə rayonunda təmir-tikinti işlərinə girişb. Bu barədə AzMedia.bfo saytını məlumatlandıran mənbənini bildirdiyinə görə Sumqayıtdakı "pul silmə əməliyyatı"nda önəmli rol almasında Zakir Fərəcovun qudası Akif Zeynalovun böyük xidməti olub. Belə ki, iş adamı ilə Zakir Fərəcovun yaxından tanış olmasında vasitəçi şəxs məhz Akif Zeynalov olub.

Xatırldaq ki, bir müddət əvvəl mətbuat yazmışdı ki, Z.Fərəcov Sumqayıtı qeyri-rəsmi olaraq qudası Akif Zeynalovun ixtiyarına verib. İndi Akif Zeynalov bu şəhərdə əməlli-başlı at oynadır. Qudaların indi əsas qazanc mənbələrindən biri məhz Sumqayıtın abadlaşdırılmasına ayrılan dövlət vəsaitinin mənimsənilməsidir. Qudalar abadlaşdırlma adı altında pul silinməsini əvvəllər dövlət vəsaitlərinin mənimsənilməsində böyük təcrübəsi olan Müqayis Verdiyevə həvalə ediblər.

Mənbə bildirir ki, hazırda Sumqayıtda bulvar inşa edən Müqayis Verdiyev Akif Zeynalovla əlbir şəraitdə Sumqayıtın sosial inkişafının təminatı üçün ayrılan 16 milyon manat vəsaitdən artıq 4 milyon manat mənimsəyiblər. Mənbə iddia edir ki, mənimsənilən vəsaiti məhz Müqayis Verdiyev nəqdləşdirilib və yoxlama aparılarsa, mənimsəmə faktı çox asanlıqla üzə çıxarılar.

Qeyd edək ki, adı daha əvvəllər mətbuatın gündəmindən düşməyən və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ittihamı ilə həbs olunan bir iş adamının Zakir Fərəcov və qudası tərəfindən Sumqayıt şəhərində təmir-tikinti işlərinə ortaq edilməsi maraqlı məsələdir. Çünki Müqayis Verdiyev Goranboyda, İmişlidə və digər rayonlarda daha çox böyük talançılığı ilə yadda qalan layihələrin iştirakçısı olub. Maraqlıdır ki, Sumqayıtda peyda olan Müqayis Verdiyevin daha əvvələr Goranboy və İmişli rayon icra hakimiyyətləri ilə ciddi problemləri ortaya çıxmışdı və bu problemlər üzündən də iş adamı həbsə atılmışdı.

Qeyd edək ki, Prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9,0 (doqquz) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon (altı milyon beş yüz min) manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılması ilə bağlı sərəncam verib.

P.S. Müqayis Verdiyevin Sumqayıt və Bərdə macəraları barədə geniş araşdırma yazımızı ən qısa zamanda təqdim ediləcək..
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.