İcra başçısının «tuz» balası - FOTOLAR + YENİLƏNİB

23-04-2016, 10:16   
İcra başçısının «tuz» balası - FOTOLAR + YENİLƏNİB
Vilyam Hacıyevin Nərimanov rayon Prokurorluğunda işləyən oğlu üçün qanun onun özüdür

Paytaxtın elit məkanlarında dava salmağa vərdiş etmiş Məhəmməd Hacıyev bahalı maşınlarını yəqin ki, aylıq məvacibi ilə almayıb

Cəmiyyətdə özünü apara bilməyən məmur uşaqlarının sayı xeylidir. Qeyd edək ki, prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin bir çoxunda bu məsələyə toxunub və cəmiyyətdə özünü apara bilməyən məmur övladlarına xəbərdarlıq edib. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, ölkə başçısının xəbərdarlığına baxmayaraq, hələ də bəzi məmurların övladları qanundan kənar işlərlə məşğul olurlar. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də cəmiyyətdə özünü normal apara bilmir. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir. Məlumatlı mənbənin bildirdiyinə görə, əvvəllər Qaradağ rayon Prokurorluğunda işləyən, sonradan Nərimanov rayon Prokurorluğuna transfer olunan Məhəmməd Hacıyev sırf karyera naminə bu vəzifədə çalışır: «Belə ki, icra başçısının oğlu vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirir. Məmur oğlu davaya meyllidir. İndiyə qədər onun iştirakı ilə paytaxtın məşhur restoranlarında bir neçə dəfə kütləvi dava baş verib. Məsələn, bir müddət əvvəl Bakının ən məşhur restoranlarından biri olan «Şirvanşah» restoranında Vilyam Hacıyevin oğlu ofsiantları döyüb. O ofsiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar». Araşdırmalar nəticəsində onu da öyrəndik ki, icra hakiminin oğlu həm də bahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen» daxildir. Gundelik-baku.com-a daxil olan yeni məlumatlara görə, aylıq maaşı 500 manatdan çox olmayan Məhəmməd Hacıyev Teymur Əliyev küçəsindəki qiyməti 25 milyon manat civarında olan villada yaşayır. Təbii ki, gənc məmur oğlu qiyməti milyonlarla olan maşınları, villaları öz gücünə əldə etməyib. Atası neçə illərdir ki, müxtəlif rayonlarda icra başçısı işləyir. Məhz Vilyam Hacıyevin ötən müddət ərzində dövlət büdcəsinə tutduğu divan oğul Hacıyevə komfortlu həyat bəxş edib. Atasının büdcədən yayındırdığı vəsaitlər Məhəmməd Hacıyevə istər ölkə daxilində, istərsə də xaricdə oliqarxlara məxsus istirahət keçirməyə imkan yaradır. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Nərimanov Prokurorluğunda işləyən Məhəmməd Hacıyev davaya meylli uşaqdır. O hansı çay evinə, restorana və digər əyləncə məkanlarına gedirsə, orada mütləq dava salmalıdır. Bir müddət əvvəl icra başçısının oğlunun «İnşaatçılar» metrostansiyasının yaxınlığında yerləşən «Çardaq» çay evində döyülməsi haqda xəbər yayılmışdı. Bildirilirdi ki, adıçəkilən restoranda ədəbsiz ifadələr işlədən icra başçısının oğluna qarşı fiziki güc tətbiq edilib. Yalnız restoranın rəhbərliyinin müdaxiləsindən sonra ortalıq sakitləşib. Yaxud başqa bir faktı qeyd etmək istəyirik. Deyilənə görə, bir neçə gün əvvəl icra başçısının oğlu dostları ilə birlikdə «Enerji» klubda əylənən zaman onların yanında olan şəxslərdən biri başqa bir oğlanın yanındakı qıza söz atıb. Və bu zaman tərəflər arasında dava düşüb. İddialara əsasən, Məhəmməd Hacıyev hədsiz dərəcədə spirtli içki qəbul etdiyindən qarşı tərəfi, eləcə də qızları nalayiq söyüşlərlə təhqir edib. Klubun təhlükəsizlik xidmətinin əməkdaşlarının söhbətə müdaxilə etməsi ilə davaya son qoyulub. Göründüyü kimi, Nərimanov Prokurorluğunun işçisi olan Məhəmməd Hacıyev qanun keşikçisi olduğu halda, cəmiyyət arasında özünü apara bilmir. Maraqlıdır, belə bir şəxs prokurorluq orqanlarında necə çalışır? Sabah o, hansısa vətəndaşın hüquqlarını necə müdafiə edəcək? Bu arada, bir məqama da toxunmaq istəyirik. Əldə etdiyimiz məlumatlara görə, Məhəmməd Hacıyev jurnal nəşri ilə də məşğuldur. Belə ki, o, «İmishli Land» adlı jurnala sponsorluq edir. Jurnalda İmişli ilə bağlı məlumatlar yer alıb və iki dildə-Azərbaycan və İngilis dillərində xəbərlər yayımlanır. Təbii ki, Məhəmməd Hacıyevin jurnal nəşr etdirməsi qeyri-adi bir hadisə deyil və bunu hər kəs edə bilər. Ortada bir qanunsuzluq da yoxdur. Sadəcə, maraqlı olan odur ki, nəfis tərtibatda və xeyli baha başa gələn jurnal üçün bu qədər pul icra başçısının oğlunda haradandır? Onun biznesmen olduğunu deyəcəkləri təqdirdə, bu sualın qüvvədən düşəcəyi də istisna deyil. Amma başqa bir maraqlı sual meydana çıxır: Vilyam Hacıyevin oğlu nazir övladları ilə rəqabət aparır? Və ya onlar kimi özünü təqdim etmək istəyir? Və ya prokurorluq işçisində jurnal çap etdirməyə pul hardandır? Bu sualların cavabına növbəti yazımızda aydınlıq gətirəcək və icra başçısının oğlunun hansı model qızlarla əyləncəli vaxt keçirməsi haqda söhbət açacağıq. Bizi izləyin. Qarşı tərəfi də dinləyə bilərik.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.