Gecikən bir ziyarətin əsas gözləntisi; Ərdoğan bu gün gəlir - gözlər yenidən Azərbaycanda; Lavrovun İrəvandan səsləndirdiyi antitürk bəyanatına və “Ağrıdağ” jestinə ali qonağın Bakıdan verəcəyi reaksiya ağrılı ola bilər; iki qardaş ölkə liderlərinin prinsipial mövqeyi ölkəmizi təkləmək istəyən məkrli qüvvələrə də təsirli xəbərdarlıq mesajı olardı...
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, necə deyərlər, üçüncü cəhddən sonra Azərbaycana gələcək. Səfər BMT-nin qlobal forumu çərçivəsində reallaşsa da, aydındır ki, belə tədbirlərdə ən çox ikitərəfli təmaslar və liderlərin verdiyi bəyanatlar diqqət mərkəzində olur. Azərbaycan-Türkiyə münasibətləri isə məxsusi xarakter daşıyır və bu münasibətlərin inkişafı birliyimizi istəməyən və bundan qorxan qüvvələri həmişə narahat edib.
Söhbət öncəliklə iki məkrli qonşumuzdan - işğalçı Ermənistan və onun əsas müttəfiqi, daha doğrusu, 1 nömrəli havadarı Rusiyadan gedir. R.T.Ərdoğanın çoxdan gözlənilən budəfəki Bakı ziyarəti isə Rusiya ilə Türkiyə arasında münasibətlərin kifayət qədər ziddiyyətli bir dönəminə təsadüf edir.
Maraqlıdır ki, rəsmi Moskva son zamanlar bir yandan, Ankara ilə pozulmuş əlaqələri bərpa eləmək tövrü nümayiş etdirir, iqtisadi embarqoları götürmək yönündə addımlar atır, o biri yandan isə xarici işlər naziri Sergey Lavrovun dilindən İrəvandan Türkiyə əleyhinə bəyanatlar səsləndirir. Təsadüfmü?
***
Xatırladaq ki, Rusiya XİN başçısı İrəvanda bəyan edib ki, guya Ankara Qarabağda müharibənin körüklənməsində maraqlıdır. Nazirin iddiasına görə, Türkiyə rəhbərliyinin Dağlıq Qarabağla bağlı açıqlamaları müharibəyə yönəlib və qəti şəkildə qəbul edilə bilməz. “Türkiyə rəhbərliyi münaqişəni hərbi yolla həll etməyə çağırır. Bu isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin və bütövlükdə dünya ictimaiyyətinin mövqeyi ilə daban-dabana ziddir” - Lavrov deyib.
Hələ harasıdır, o da bəlli olub ki, Rusiya XİN rəhbəri Türkiyədə yerləşən və Ermənistan ərazisindən görünən Ağrıdağın (ermənilər ona “Ararat” deyir) şəklini çəkib və bununla da əslində Ankaraya qarşı ölkəsi adından daha bir qeyri-dost münasibəti ortaya qoyub. Fotonu sosial şəbəkədə paylaşan Rusiya XİN rəsmisi Mariya Zaxarova şəklə yazdığı qeyddə bunu belə əsaslandırıb ki, guya həmin gün “Ararat” dağı (Ağrıdağ) çox gözəl göründüyü üçün naziri dağı çəkmək qərarına gəlib.
Ancaq bu, adi dağ deyil - onu Lavrov da yaxşı bilir. Ermənilər illərdir Ağrıdağın onlara məxsus olduğunu bildirir, qardaş ölkəyə qarşı əsassız ərazi iddiaları irəli sürürlər. Ermənilərin milli simvolu kimi təqdim olunan Ağrıdağ (“Ararat”) digər ölkənin (Türkiyənin) ərazisində yerləşsə də, işğalçı Ermənistanın hətta dövlət gerbində əksini tapıb.
Başqa sözlə, Rusiya XİN başçısının jesti daha çox işğalçı Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarına haqq qazandırmaq cəhdinə bənzəyir - nə barədə ki, son vaxtlar ələlxüsus da Kremlin danışan dillərindən olan V. Jirinovski tez-tez söz açır, erməniləri, yunanları, kürdləri, bolqarları Türkiyəyə qarşı qalxmağa avantürist çağırışlar edir.
***
Türkiyə tərəfi, özəlliklə də prezident Ərdoğan əsla xoş məram güdməyən bu kimi bəyanat və jestləri, yəqin ki, cavabsız qoymayacaq. Məhz Ərdoğanın Bakı səfəri ərəfəsində Rusiya baş diplomatının İrəvandan məlum mesaj və bəyanatı ünvanlaması, Rusiyanın Ermənistanın arxasında olduğunu ortaya qoyması xüsusilə diqqət çəkir.
Məsələyə rəsmi Bakının da hansısa formada cavab reaksiyası vacibdir. Çünki bizim 1 nömrəli təbii strateji müttəfiqimizin Qarabağ məsələsində ittiham edilərək haqsız yerə hədəf götürülməsi - özü də Ermənistandan bunun edilməsi - Rusiya tərəfdən Azərbaycanın da hədəf edilməsi, suçlanması anlamı verir.
Halbuki, Türkiyə, sadəcə, beynəlxalq hüququ əsas götürərək Azərbaycanın ərazi bütövlüyünə, haqq işinə dəstək verir - hansını ki, Rusiya heç yanından da keçmir. Ankaranın yeganə “suçu” işğalçı Ermənistanın qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını tələb eləməsidir - hansı ki, yenə Kremli maraqlandırmır. Əksinə, Rusiya üçüncü on illikdir ki, işğalçının, Qarabağ separatçılarının gözünə belə üfürmür, onları hərtərəfli himayə edir.
İndi kim münaqişəni, müharibəni qızışdırır, ona öz davranışı və siyasəti ilə rəvac verir, problemin ədalətli həllini əngəlləyir, dünya ictimaiyyətinin mövqeyinə qarşı çıxır - beynəlxalq hüquq normalarından, BMT, ATƏT prinsiplərindən çıxış edən Türkiyə, yoxsa bu norma və prinsipləri xeyli vaxtdır öz maraqları naminə ayaqaltı edən, iki suveren qonşusunun (Ukrayna, Gürcüstan) ərazilərini zəbt eləmiş Rusiya?
Cavab ritorikdir. Bu xüsusda gözləmək olar ki, Bakıda Azərbaycan və Türkiyə liderləri səviyyəsində həm Kremlə, həm də İrəvana Qarabağ məsələsi ətrafındakı son durum və Moskvanın sülh təşəbbüskarlığı ilə bağlı müəyyən çatdırış-xəbərdarlıqlar ediləcək, qəti mövqe ortaya qoyulacaq. Bu, eyni zamanda iki qardaş ölkənin bütün strateji məsələlərdə vahid siyasi kurs yürütdüyü barədə dünyaya, ortaq düşmənlərə, Qarabağ məsələsində Azərbaycanı təkləmək istəyən qüvvələrə güclü bir xəbərdarlıq mesajı, vahid iradə nümayişi olardı. Əsas gözlənti zatən, budur.
***
Sözsüz ki, Lavrovun antitürk açıqlamalarının arxasında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının xüsusən də son illər yüksək səviyyəyə qalxması və bu əməkdaşlığın 4 günlük savaşın nəticələrində müsbət tərəfdən özünü göstərməsindən dolayı bir təlaş, qısqanclıq da dayanır. Ancaq Moskvanın nə düşünməsindən asılı olmayaraq, Azərbaycan bu yola davam etməli, Ukrayna, Pakistan, İsrail, Belarus kimi dost dövlətlər hesabına hərbi qüdrətini və potensialını artırmalıdır.
Məgər bizim öz kürəyimizi söykəyəcəyimiz bir dövlət, alyans olmalı deyil? Necə olur, Ermənistana bu rəva görülür, Azərbaycanın öz təbii müttəfiq(lər)i ilə yaxınlaşması isə anormal sayılır və qıcıqla qarşılanır?
//musavat.com/
Siyasət şöbəsi