Işsizliyin və yoxsuluğun səviyyəsi artır

27-04-2016, 09:51   


Ölkə vətəndaşları dolanışıq üçün ölkə xaricinə üz tutur və bu gün də yüz minlərlə ölkə vətəndaşı ölkə xaricində çalışır. Amma neftin qiyməti ucuzlaşdıqdan sonra vəziyyət daha da pisləşdi və “analoqsuz inkişaf”ın nağıl olduğu aydın göründü. Məsələn, yeganə real sektor hesab edilən tikinti sektoru çökdü, xeyli sayda obyektlər bağlandı, iş adamları kütləvi şəkildə ölkəni tərk etdi, bütün strukturlarda ixtisarlar başladı və s.

Amma Statistika Komitəsi hələ də “xoş xəbərlər” verməkdədir. Yəni, 1 “milyonluq iş yeri” təbliğatını davam etdirirlər. Statistika Komitəsinin məlumatına görə 2015-ci ildə 40450 iş yeri bağlanıb, 115869 iş yeri açılıb. Ləğv olunmuş iş yerləri iqtisadiyyatın əsasən ticarət, nəqliyyat vasitələrinin təmiri (19,2 faiz), nəqliyyat və anbar təsərrüfatı (15,5 faiz), tikinti (8,3 faiz), dövlət idarəetməsi və müdafiə, sosial təminat (6,4 faiz), emal sənayesi (5,5 faiz) və peşə, elmi və texniki fəaliyyət (4,7 faiz) sahələrində baş verib.

Əvvəla qeyd edək ki, qapadılan iş yerlərinin sayı dəfələrlə çoxdur. Xeyli sayda müəssisə, iri və xırda ticarət obyektləri var ki, fəaliyyətlərini dayındırslar da, Statistika Komitəsi onları “işlədir”.

Ikincisi, əgər sadalanan sahələr üzrə iş yerləri bağlanıbsa, yeni açılan iş yerləri hansı sahələri əhatə edir? Satatistika Komitəsi bu 115869 iş yeri haqqında niyə dəqiq məlumat vermir?

Başqa bir məqam bundan ibarətdir ki, 40450 iş yerinin bağlanmasına zərurət yarandığı halda, 115869 iş yeri hansı əsaslarla yarana bilər. Dövlət müəssisələri işçinin əmək haqqını ödəyə bilmədiyi üçün ixtisara start verirsə, 3 dəfə artıq adamı hansı maliyyə hesabına işə götürmək olur?

Təbii ki, hökumət bu dəfə də görüntü yaratmaqla məşğuldu. Müxtəlif dövlət strukturlarına, rayon icra hakimiyyətlərinə göstəriş verilib ki, müvəqqəti iş yerləri açsınlar. “Azərenerji”nin, “Azərsu”nun və digər qurumların timsalında bu “işə götürmə” texnikasının şahidi olduq. Təbii ki, bu “üsul”la 9 milyon əhalini də işə götürmək olar. Bəli, iş qabiliyyəti olan hər kəsə ayda 30-40 manat maaş verməklə bir neçə aylıq işlə təmin etmək olar. Qeyd edək ki, “Azərenerji” yeni işçilərin ən aşağı maaşla təmin olunması haqqında rəsmi qərar vermişdi.

Əsas odur ki, yuxarıdan gələn sifariş yerinə yetirilsin və “hökumətimiz böhran günlərində də kütləvi iş yerləri açır” təbliğatı aparılsın.

Bir sözlə, Statisik Komitəsi bizi inandırmağa çalışır ki, 40450 iş yerini qurban verməklə problem həll edib və bundan sonra 115869 iş yeri açıb. Görünür, analoqsuz iqtisadi siyasət belə olur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.