Məmmədyarovun dərdi: Qarabağ, yoxsa Ramazotti?

29-04-2016, 08:09   

Cəbhədə vəziyyət yenidən gərginləşib. Ayın əvvəlində atəşkəs pozuldu və 3 gün davam edən döyüşlər zamanı 100-ə yaxın hərbçimiz şəhid oldu. Bir müddət keçdikdən sonra yenidən atəşkəs pozuldu və yenə də ölülər, yaralılar var, mülki əhaliyə ciddi zərər dəyib. Hələ də gərginlik davam edir və ölkə gündəmi yenə də müharibə xəbərləri ilə çalxalanır.

Amma ölkədə müharibə ab-havası hiss olunmur. Sadə vətəndaş baş verənlərin həyəcanını yaşasa da hökumət komandası öz ənənəvi həyatını davam etdirir. Belə ki, ayın 27-də məşhur italyan müğənnisi Eros Ramazotti Bakıda “Crystal Hall” da konsert verdi. Konsert zalı tamam dolmuşdu. Sanki, indiki vəziyyətdə ölkəyə Ramazotti lazım imiş, sanki Ramazottinin konserti döyüş əzmi yaradacaqmış. Təbii ki, belə bahalı konsertə əsasən vəzifəlilər, onların ailələri, ümumiyyətlə təminatlı təbəqə gedir.




Amma toxunmaq istədiyimiz əsas məqam tamam fərqlidir. Belə ki, Eros Ramazottinin konsertinə Xarici Işlər Naziri Elmar Məmmədyarovla, AZAL prezidenti Cahangir Əsgərov da təşrif buyurubmuş. Sosial şəbəkələrdə, saytlarda bu adamların məlum konsertdən çəkilmiş fotoları yayılıb. Bəli, cəbhədə atəş səslərinin səngimədiyi, əsgərlərin, mülki əhalinin düşmən gülləsinə tuş gəldiyi vaxtlarda xarici siyasətimizin rəhbəri konsertdə istirahət edir. Hansıki, bu gərgin vaxtlarda Elmar Məmmədyarovun gündəmini başqa məqamlar zəbt etməliydi. Elmar Məmmədyarov beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin rəhbərləriylə gərgin danışıqlar aparmalıydı, nüfuzlu xarici media orqanlarına müsahibələr verməliydi. Ümumiyyətlə, Elmar Məmmədyarovun Ramazottinin konsertinə getmək niyyəti, həvəsi olmamalıydı. Belə məqamlarda əsas məsuliyyət Müdafiə Naziri ilə Xarici Işlər Nazirinin üzərinə düşür.

Amma cəbhədəki döyüşlər, ölüm xəbərləri, mülki əhalinin üzləşdiyi çətinliklər Elmar Məmmədyarovun üzündə hiss olunmurdu. O, Cahangir Əsgərovla birlikdə Ramazottinin məlahətli səsinə qulaq asırdı.



Bəlkə, Elmar Məmmədyarov sülh danışqlarını uğurla başa çatdırıb, 20 faiz torpaq işğaldan azad edilib və bizim xəbərimiz yoxdur? Bəlkə, AZAL-ın təyyarəsi ilə həyata keçirilən sonuncu səfər Azərbaycanın bütün problemlərini həll edib və buna görə də Cahangir Əsgərovla Elmar Məmmədyarov bu uğuru qeyd edilər?

Amma reallıq bunun əksini göstərir. Əgər hər hansı uğur olsaydı indi rəsmi təbliğat qulağımızın pərdəsini deşmişdi. Məlum olan budur ki, danışıqlar heç bir nəticə vermir və son günlər hökumət rəsmiləri də bunu etiraf edirlər. Deməli, nə döyüş cəbhəsində, nə də siyasət cəbhəsində ürəkaçan heç nə yoxdur.



Belə çıxır ki, Elmar Məmmədyarov uğursuzluğun, yarıtmazlığın təntənəsini qeyd edirmiş. Görünür, xarici siyasətimizin şefi “Qarabağ boyda dərdi” Ramazottinin ifasıyla unudur.

Istənilən halda Elmar Məmmədyarov bu məqamda Ramazottiyə yox, güllələrin səsinə qulaq asmalı idi. Cəbhədən ölüm xəbərlərinin gəldiyi bir vaxtda, nazirin konsert salonlarında gəzişməsi acı reallıqdır. Kaş, nazirimiz şəhid dəfnlərində iştirak etməyə də belə tələsəydi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.