BextiyarBəxtiyar Sadıqov məsuliyyəti «Azərtac»ın üstünə atdı
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiya prezidenti Vladimir Putin barədə fikirlərinin Azərbaycanın rəsmi mediası tərəfindən senzuraya məruz qalmasına münasibət bildirib. Qeyd edək ki, Ərdoğan 25-27 aprel tarixlərində “Inklüziv cəmiyyətlərdə birgə yaşama:
çağırış və məqsəd” devizi altında Bakıda keçirilən 7-ci Qlobal Forumda dolayısı ilə Putini Əsəd rejimini dəstəkləməməyə çağırıb. O bildirib ki, Suriyada öz xalqını barel bombaları ilə öldürən bir terrorçu var. “Bəs bu terrorçuları qırmızı xalçalarla qarşılayanlar, silah yardımı edənlər məsuliyyət daşımırmı? Suriyada artıq qruplar arasında terror deyil, dövlət terroru var. Onlar öz xalqını bombalayırlar”, – deyə Türkiyə prezidenti vurğulayıb.
Türkiyə KIV-lərinin tədbirdən verdikləri materialda Ərdoğanın məhz bu fikirləri qabardılıb. Amma Azərbaycanın rəsmi informasiya agentliyi olan “Azərtac” Türkiyə prezidentinin çıxışının həmin hissəsini kəsib. Rəsmi qəzetlər də “Azərtac”dan götürdükləri materialı tirajlayıb.
Bəxtiyar Sadıqov isə bu məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında əvvəlcə deyib ki, Türkiyə prezidentinin qeyd edildiyi şəkildə çıxışını eşitməyib: “Bu tipli fikirlər sosial şəbəkələrdə bəziləri tərəfindən yerləşdirilib ki, guya cənab Ərdoğanın çıxışı ixtisar edilib. Sosial şəbəkələri bir çox hallarda ciddiyə almaq lazım deyil. Kimin ağlı necə kəsirsə, kim nəyi necə təhlil edə bilirsə, sərbəst şəkildə sosial şəbəkədə yazır. Burada heç bir qadağa yoxdur. O insanlar özləri iştirak etmədikləri tədbirdən, şəxsən eşitmədikləri nitqi təhlil edirlər. Ərdoğanın nəyi necə dediyini dəqiq bilmədən bu barədə müzakirə açırlarsa, bunu doğrudan da ciddi qəbul eləmək lazım deyil”.
Əvvəla, Bəxtiyar Sadıqovun diqqətinə çatdırırıq ki, bu faktı “Azadlıq” qəzeti ictimailəşdirib. Məsələ bundan sonra sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Ikincisi, baş redaktor Ərdoğanın həmin fikirlərini eşitmədiyini deyir. Deputat və dövlət qəzetinə rəhbərlik edən bir şəxsin kifayət qədər ciddi tədbirdə kifayət qədər ciddi qonağın çıxışını dinləməməsi, yaxud diqqətlə dinləməməsi o qədər də yaxşı hal deyil.
Bəxtiyar Sadıqov: “O insanlar özləri iştirak etmədikləri tədbirdən, şəxsən eşitmədikləri nitqi təhlil edirlər”.
Baş redaktor burada da faktı təhrif edir. Çünki “Azadlıq”ın yazısında Ərdoğanın çıxışı təhlil olunmayıb, fikirlərinin senzuraya məruz qaldığı qeyd edilib. Tədbirdə şəxsən iştirak edib-etməməyə gəlincə, Ərdoğanın həmin fikirlərini Türkiyə KIV-lərinin əhəmiyyətli hissəsi tirajlayıb. Yerli KIV-lərdən isə yalnız ANS həmin hissəni verib. Yəni, o fikirlər “Azadlıq”ın uydurması deyil.
Əslində Bəxtiyar Sadıqov özü də baş verənlərin fərqindədir. Elə bu səbəbdəndir ki, sonrakı fikirlərində məsuliyyəti “Azərtac”ın üstünə atır. Baş redaktor deyib ki, Azərbaycan prezidenti də daxil olmaqla, prezidentlərin iştirak etdiyi o cür tədbirlərdən materialları “Azərbaycan” qəzetinə AzərTAc-Dövlət Informasiya Agentliyi göndərir. Bu agentliyin müxbirlər qrupu tədbirdən material işlənib hazırlanır və onların hazırladıqları materialı olduğu kimi qəzetdə dərc edilir: “Yəni biz AzərTAc-dan göndərilən materialların üzərində işləmirik, onu ixtisar etmirik. Konkret olaraq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Ərdoğanın çıxışı ilə bağlı da AzərTAC-dan bizə nə gəlibsə, biz də onu dərc etmişik. Biz dünya dağılsa da o materialı ixtisar etmərik”.