ABŞ Kremlə qarşı anti-işğal qanunu hazırlayır - Azərbaycan uduşda

2-05-2016, 08:18   

Vaşinqtondan “Yaxın xaric”də Rusiyanı zəiflədəcək plan; Konqresdə qeydiyyatdan keçən sənəd Krım və digər ərazilərin işğalını qanunsuz elan edir, Moskvaya qarşı sanksiyaları gücləndirməyi nəzərdə tutur; sanksiyalardan forpost Ermənistana da pay düşəcək, çünki...
Qarabağ konfliktinin həllində Rusiyanın fəallıq göstərməsi ABŞ-ın passivliyi və guya onun Moskva ilə gizli anlaşması haqda rəy formalaşdırıb. Lakin bir çox müşahidəçilərə görə, bu, ilk baxışda belədir. Hesab edilir ki, Qərb, ABŞ hələlik gözləmə mövqeyindədir və Rusiyanın sülh təşəbbüsü nəticə versə, o zaman lazımi məqamda müdaxilə edəcək. Əslində isə istər Dağlıq Qarabağ problemi olsun, istərsə də Ukrayna, Suriya kimi digər böhranlı məsələlər, bu iki güc mərkəzi bir-birinə gizli-açıq rəqabətdədir.

Bu da təzə fakt: ABŞ Konqresində Rusiya əleyhinə “Akt STAND” adlı yeni qanun layihəsi qeydiyyatdan keçib. “Amerikanın səsi” radiosunun Ukrayna bölümünün məlumatına görə, sənəd Rusiya tərəfindən Krımın qanunsuz ilhaqı, bütövlükdə postsovet məkanında Rusiya işğalları və Kremlə qarşı sanksiyaların gücləndirilməsi, habelə Ukraynaya əlavə iqtisadi-maliyyə və innovativ kömək barədədir.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü sonuncunun suverenliyini sarsıdıb, eyni zamanda ABŞ-ın bütöv, azad və dinc Avropaya uzunmüddətli sərmayələrinə təhlükə yaradıb. “Krımın ilhaqı - qanunsuzdur. Bu məsələdə Amerika siyasəti ifrat dərəcədə dəqiq olmalıdır, necə ki, Sovet İttifaqının üç Baltikyanı ölkənin çoxillik ilhaqı zamanı belə bir mövqe tutmuşdu. Biz aydın işarə verməliyik ki, ABŞ Putinin öz qonşularını qorxutmasına, NATO-nun vahidliyini sınaqdan çıxarmasına və Qərb ölkələrinin birliyini sarsıtmaq səylərinə seyrçi qalmayacaq” - qanun müəlliflərindən olan konqresmen Eliot Engel bildirib.

Sənəd müəlliflərindən digəri - konqresmen Adam Kinzinqer isə deyib: “Vaxtı çatıb ki, ABŞ təsdiq eləsin ki, biz Rusiya təcavüzünə loyal qalmayacaq, Krımın Rusiya tərəfindən ilhaqını heç vaxt qəbul etməyəcəyik”.



Qeyd edək ki, “Akt STAND” Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini ehtiva edir və Moskvanın Krım üzərində hakimiyyətinin hər hansı formada tanınmasını rədd edir. Bundan əlavə, Ukraynanın özünümüdafiə hüququnu müəyyən edir və sanksiyaların yumşaldılmasını Minsk anlaşmasının vaxtında və tam yerinə yetirilməsi ilə əlaqələndirir. Xüsusi vurğulanır ki, yalnız Krım Ukraynanın tərkibinə qaytarıldıqdan sonra sanksiyalar tam aradan qaldırıla bilər.
Qanun həmçinin, Moskva Ukraynada ilhaqa son qoymayanadək NATO-ya üzv ölkələr tərəfindən Rusiyaya Amerika texnologiyaları və komponentləri olan hərbi təyinatlı predmet və xidmətlərin ötürülməsinə qadağa qoyur, “Maqnitski qanunu”nun təsirini Rusiyanın işğal elədiyi və ya nəzarətdə saxladığı Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə kimi ərazilərə yaymağı nəzərə tutur. Bundan başqa, Ukraynaya əlavə maliyyə-investisiya köməyi üçün yollar təklif edir, Dövlət Departamentinə isə tapşırır ki, Rusiyanın dezinformasiya səylərinə və təbliğatına qarşı strategiya işləyib həyata keçirsin.



***
Sözügedən sənəd şübhə yox ki, Azərbaycanın da ciddi faydasınadır. Çünki Azərbaycan da postsovet ölkəsi və Ukrayna kimi işğaldan əziyyət çəkir, onunla oxşar taleyi yaşayır. Bizim də ərazi bütövlüyümüz illərdir Rusiyanın forpostu Ermənistan tərəfindən pozulub, torpaqlarımızın 20%-i işğal altındadır - hansı işğala ki, dünya, o cümlədən ABŞ apreldəki 4 günlük savaş zamanı bir daha əminlik hasil elədi.

Məsələ də ondadır ki, keçmiş SSRİ məkanında hazırda iki işğalçı dövlət mövcuddur - Rusiya və Ermənistan və onlar bir-biri ilə üstəlik, müttəfiqdirlər. Belədirsə, onlardan birinin zəifləməsi məntiqi olaraq, digərinin də zəifləməsinə gətirməlidir. Odur ki, yeni anti-işğal sənədinin birbaşa və dolaysıyla Azərbaycana, onun ərazi bütövlüyünə də dəxli var.



Bu qanun ölkəmizin də ərazi bütövlüyü məsələsinin ABŞ üçün önəmini artırmış olacaq, onu diqqət mərkəzinə gətirəcək. Hər necə olmasa, postsovet ölkələrinə, işğal məsələsində yanaşmada ABŞ ikili yanaşmadan çıxış edə bilməz.

***
Doğrudur, qanun layihəsində bilavasitə Azərbaycanın və Dağlıq Qarabağın adı çəkilmir, çünki orada ilk növbədə Rusiyanın ilhaq elədiyi Krımdan, Abxaziya və Cənubi Osetiyadan, Dnestryanı bölgədən danışılır - hansı regionlar ki, birbaşa Rusiyanın işğalına məruz qalıb. Amma amerikanlar bilməmiş deyillər ki, Azərbaycan əraziləri də məhz Rusiyanın köməyi ilə işğal olunub. Başqa yandan, “Putin öz qonşularını qorxudur” ifadəsi yüzdə yüz Qərbin, ABŞ-ın bölgədəki əsas enerji tərəfdaşı Azərbaycan sarıdan da narahatlığın ifadəsidir.



Qanunun Azərbaycan üçün önəmi həmçinin, ondadır ki, sənəd işğalçı Ermənistanın əsas müttəfiqi Rusiyanı bir az da zəiflədəcək, onun iqtisadi çöküşünü sürətləndirmiş olacaq. İqtisad-maliyyə durumu ağır olan Rusiya isə Ermənistana əvvəlki kimi nə maliyyə-iqtisadi dəstəyi göstərmək imkanında olacaq, nə də əvvəlki illərdəki kimi, ona ucuz qiymətə və ya havayı silah sata biləcək.

Moskva hələ heç ötən il İrəvana vəd elədiyi 200 milyon dollarlıq krediti verə bilmir ki, sonuncu elə həmin məbləğə Rusiyanın özündən silah-sursat ala bilsin. Bundan ötrü Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan 4 günlük müharibədən dərhal sonra bir neçə günlük fasilə ilə şəxsən Moskvada olsalar da, nəticə yoxdur.



Yeni sanksiyalar isə şübhəsiz ki, Rusiyanın iqtisadi-maliyyə göstəricilərini bir az da ağırlaşdıracaq. Bu isə avtomatik şəkildə Moskvanın gözündə Azərbaycan kimi etibarlı və sərfəli silah alıcılarının önəmini qaldırmış olacaq. Paralel surətdə Ermənistanın önəmi azalacaq. Onsuz da 4 günlük savaşdan sonra Rusiya-Ermənistan münasibətlərində müəyyən soyuqluq yaranıb. Demək, İrəvan-Moskva münasibətlərində yaranmış çat daha da dərinləşəcək ki, bu da sözsüz ki, Bakının maraqlarına uyğundur.

Birincisi, ona görə ki, o halda ərazilərimizin güc yolu ilə azad edilməsi üçün daha məqbul şərtlər yetişə bilər. Konqresdə qəbulu gözlənilən anti-işğal sənədi bu yöndə bizə əlavə stimul yaradır. İkincisi, zəifləmiş Rusiya Qarabağ nizamlanmasını özünün monopoliyasına ala, Azərbaycana istədiyi sülh modelini sırıya bilməyəcək - bir şərtlə ki, rəsmi Bakı da yeni şərait və şərtlərdən bacarıqla istifadə eləsin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.