Abşeronda Heydər Əliyevin posterini söküb, yerində tikinti bazarı açdılar
Abşeron rayonunda Azərbaycanın sabiq prezidenti Heydər Əliyevə qarşı xüsusi bir saymamazlıq var. Xüsusən də bu proses İradə Gülməmmədova vəzifə başına keçdikdən sonra daha qabarıq şəkildə özünü büruzə verməyə başlayıb.
JAM.AZ xəbər verir ki, hələ bir müddət əvvəl Xırdalan şəhərinin girəcəyində Heydər Əliyevin nəhəng posteri qəfil yoxa çıxdı. Bunun ardından sabiq deputatlardan biri məsələni araşdırmaq istədi ki, İradə Gülməmmədovanın adamları onun başına elə oyun açdılar ki, adam səsini belə çıxara bilmədi. Həmin vaxt Abşeron İcra Hakimiyyəti əvvəlcə güclü küləyin posteri yıxdığı açıqlamasını versə də, sonradan guya, təmir işləriylə əlaqədar çıxarıldığını vurğulamağa başladı.
Həmin vaxt bu məsələyə xüsusi diqqət yetirən olmadığından nə Heydər Əliyevin posteri yerinə qoyuldu, nə də bunun üçün xüsusi bir addım atıldı. Hadisənin üzərindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, durum dəyişməyib. Hətta bəzilərində belə bir təəssürat yaranmağa başladı ki, İradə Gülməmmədova nə Heydər Əliyevi, nə də İlham Əliyevi prezident olaraq tanımır. Onun «prezidenti» isə hazırda Sumqayıtın icra başçısı olan Zakir Fərəcovdur. Çünki xanım Gülməmmədovanı hazırkı vəzifəyə yüksəlməsində müstəsna rolu olan elə sözügedən şəxs olub.
Onu da bildirək ki, Heydər Əliyevə qarşı laqeyid və saymazyana münasibətin Abşeronda müvəqqəti olduğunu düşünənlər isə çox keçmədən bunun heç də belə olmadığını görməyə başlayıblar. JAM.AZ Qlobal.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda analoji hadisə Mehdiabad qəbəsində yaşanıb. Belə ki, qəsəbənin girişindəki Heydər Əliyevin böyük posteri sökülərək, çıxarılıb. Sayt martın əvvəlində Abşeron İcra Hakimiyyətinə zəng edərək, məsələyə münasibətlərini öyrənmək istəyib. Dəstəyi götürən xanım isə jurnalisti dinlədikdən sonra bu suallara cavab vermək səlahiyyətinin olmadığını deyil.
Bu yaxınlarda isə Qlobal.az-ın Abşeron İcra Hakimiyyətinə göndərdiyi sorğuya cavab gəlib. İcra başçısının müavini Fuad Cəbrayılov tərəfindən ünvanlanmış məktubda vurğulanır ki, qəsəğədə abadlıq və quruculuq işləri aparıldığı üçün Mehdiabad qəsəbəsinin girişindəki Heydər Əliyevin posteri çıxarılıb.
Amma sayt müavinin yalanını üzə çıxarıb. Məlum olub ki, Mehdiabad qəsəbəsində hər hansı bir abadlıq, quruculuq işi aparılmır. Heydər Əliyevin sökülmüş posterinin yerində isə tikinti bazarı açılıb. Orada qumm, çınqıl, mişar daşları satılır.
Görünən isə odur ki, Abşeronun icra başçısına Heydər Əliyevdən daha çox, tikinti bazarı lazımdır. Və bir də köhnə sual meydana çıxır: İradə Gülməmmədovanın prezidenti kimdir?
Qarşı tərəfi də dinləməyə hazırıq.