Deputatla ağdamlı İqbalın müdhiş kazino əlaqələri – Təfərrüat

6-05-2016, 06:05   

Bakıda “kazinolar kralı” İqbal Ağdamlının obyektindən oğurluq edildiyi barədə məlumat yayılıb. Vizual.az xəbər verir ki, bir müddət əvvəl onun kazinolarından birində müştəri soyulduğu iddia edilir. Qumar oynamağa gələn şəxsin avtomobilindən 30 min manat aparılıb. Lakin cinayət qumarxanda baş verdiyi üçün polisə müraciət edilməyib.
Bir müddət əvvəl polisin keçirdiyi reydlər zamanı Ağdamlı İqbalın bəzi obyektləri müvəqqəti bağlanmışdı. Ancaq bunun uzun müddət davam edəcəyi inandırıcı görünmürdü. Çünki onun arxasında kifayət qədər güclü fiqurların dayanması işləri yenidən başlamasına imkan yaradacaqdı.
Jam.az yazıb ki, Ağdamlı İqbal paytaxtdakı bütün lotoxanalarını bağlayaraq, onları kazinolarla əvəzləməyə başlayıb. Bununla əlaqədar Bakıda xüsusi məkanlar seçilib və yaxın günlərdə onların qurulması prosesi yekunlaşacaq. Həmin obyektləri işlətmək üçün isə məşhur qumar kralı Türkiyədə avadanlıqlar gətizdirir. Həmin məkanların ünvanı məlumdur. Bu barədə hazırladığımız geniş araşdırmanı oxuculara təqdim edəcəyik.
Yada salaq ki, Ağdamlı İqbal qumarxana şəbəkəsini əvvəlcə Qara Qarayev metrostansiyasının yaxınlığından, Yasamal rayon ərazisində və başqa yerlərdə qurub. Araşdırmalar zamanı məlum olub ki, Ağdamlı İqbal bu işlə hələ xeyli əvvəldən məşğul olub. Hətta belə bir iddia da var ki, onun ilk qumarxanası Türkiyə səfirliyinin həyətində fəaliyyət göstərib. Bunun nə dərəcədə mümkün ola biləcəyi hazırda araşdırılır və yaxın günlərdə nəticəsi ilə bağlı məlumat veriləcək.
Ağdamlı İqbalın əsas obyekti Səməd Vurğun bağının yaxınlığında yerləşir. Bir zamanlar aviakassa kimi işləyən həmin yerdə qumarxana qurulub və oradan külli miqdarda qazanc götürülür. Sözügedən “qumar kralı”nın Qara Qarayev metrosu yaxınlığında fəaliyyət göstərən qumarxanaları isə az qala göz çıxarır. İqbalın bir digər obyekti isə Elmlər metrostansiyasının yaxınlığında, düz Vergilər Nazirliyinin bir addımlığında fəaliyyət göstərir.
“Ləziz Lahmacun” adlı restoranda yalnız qumar oynamaqdan ləzzət aparmaq olar. Maraqlıdır ki, ölkənin ən nəhəng dövlət qurumlarının düz qulağının dibində belə qanunsuz işlərlə məşğul olan obyektlərdən onların ya xəbərləri olmur, ya da xəbərləri olsa da, kimsə səsini çıxarmır. Belə obyektlər sırasında “Limon” Çay Evinin də adı çəkilir.
28 May metrosu yaxınlığında fəaliyyət göstərən bu qumarxana da Ağdamlı İqbala məxsusdur. Lakin onu işlədən şəxs Emin adlı biridir. Eminin Ağdamlı İqbalın əsas adamlarından biri olduğu vurğulanır. Həmçinin Ayna Sultanova heykəlinin yaxınlığındakı yeni tikilinin altında fəaliyyət göstərən “Auto Cars” adlı obyekt də Ağdamlı İqbala məxsusdur. Bu yaxınlarda həmin qumarxana ətrafında qalmaqal baş versə də, sonradan problem aradan qaldırıldı. Həmin qumarxananın hazırda da fəaliyyət göstərdiyi deyilir. Qarşı tərəfi dinləməyə hazırıq. Ağdamlı İqbalın polisdə çalışan Fərid Mirələmovla mütəmadi görüşməsi müəmmalara yol açıb.
Ötən günlərdə xəbər vermişdik ki, Bakıda əksər qumarxanaların işlədicisi kimi ad çıxarmış və bu sahədə «kral» ləqəbi almış Ağdamlı İqbal bir müddət əvvəl bağlanmış lotoxanalarının profilini dəyişməyə başlayıb. Jam.az xəbər verir ki, sözügedən şəxs artıq əvvəlki kimi obyektlərindən lotoxana kimi deyil, kazino kimi istifadə edəcək. Bunun üçün isə o, Türkiyədən özünə kazino qurğuları gətizdirir.
Bu əsnada, apardığımız araşdırmalar zamanı məlum olub ki, Ağdamlı İqbalın deputatlardan birinin oğluyla çox yaxın münasibətləri var. Həmin deputat oğlu isə polisdə işləyir və bir xeyli əvvəl adı qalmaqallı məsələyə qarışmışdı. Məlumatlı mənbələrin bildirdiyinə görə, deputatın Dəmir Yolu Polisində zabit kimi çalışan oğlu Fərid Mirələmovla Ağdamlı İqbal mütəmadi görüşürlər. Həmin görüş isə «Tri Karona» deyilən ərazidəki «Park Klub» adlanan məkanda baş tutur. Həmin məkanın zirzəmisində isə elə sözügedən şəxsin qumarxanası fəaliyyət göstərir.
Elə bu səbəbdəndir ki, Fərid Mirələmovla Ağdamlı İqbalın mütəmadi olaraq görüşməsi müəmmalara yol açıb. Belə ki, polis orqanlarında çalışan birinin qeyri-qanuni işlərlə məşğul olan və fəaliyyət növünə görə cinayət məsuliyyəti daşıdığı adamla əlaqə qurması kifayət qədər qaranlıqdır.
Bəzi iddialara görə, Ağdamlı İqbalın qumar biznesində uğur qazanmasında deputat oğlunun mühüm rolu olub. Bunun nə dərəcə doğru olduğu barədə dəqiq nəsə demək çətindir. Lakin qəribə olan odur ki, Fərid Mirələmov görüşdüyü adamın cinayət məsuliyyəti daşıdığının fərqinə vardığı halda, onunla bağlı hər hansı bir tədbirin görülməsi üçün zəmin yaratmayıb. Yəni ən azından özünün səlahiyyətində olmasa belə, müvafiq dövlət qurumlarını məlumatlandırmaq onun vəzifə borcu hesab edilir. Ən azından, DİN-in ayrı-ayrı qurumlarına məlumat verib, qeyri-qanuni fəaliyyət növüylə məşğul olan şəxsin zərərsizləşdirilməsinə nail ola bilərdi. Elə müəmma da odur ki, deputatın polis oğlu niyə bu addımı atmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.