Gəncədəki müəmmalı qətlin sirri: Icra başçısının başı bəlada

13-05-2016, 08:31   

Akif Əliyev: «Pul alıb iş gördükləri şəxslər ilk olaraq Nizami Hacıyevi vurmaq istəyiblər, lakin o, aradan çıxa bilib, əvəzində şəriki Nahidə Ismayılovanı bıçaqlayıb qətlə yetiriblər»

Bir neçə gün əvvəl Gəncədə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı olduqca maraqlı nüanslar meydana çıxıb. Avtozavod qəsəbəsində qeydə alınmış hadisə nəticəsində 1964-cü il təvəllüdlü Nahidə Ismayılova evində bıçaqlanaraq, qətlə yetirilib. Ona 8 bıçaq zərbəsi vurulub. Rəsmi məlumatlara görə, qətli törədən şəxs mərhumənin tanıdığı Ilham Abbasov olub. Abbasov özü polisə təslim olub və hadisənin mübahisə zəmnində baş verdiyini bildirib.


Jam.az-a müraciət edən Akif Əliyev adlı şəxs isə baş vermiş olayın heç də rəsmi məlumatlarda qeyd edildiyi kimi olmadığını iddia edib. O bildirib ki, qətl hadisəsi borc üstündə olub. Onun iddiasına görə, Gəncə şəhər, Nizami rayonunun icra başçısı Nizami Hacıyevin istintaqa etdiyi təsirlərdən sonra qətlin əsas motivi ört-basdır edilib: “Qətlə yetirilən Nahidə Ismayılova Gəncə şəhəri, Nizami rayonunun icra başçısı Nizami Hacıyev və Nizami Hacıyevin həm qaynı, həm də sürücüsü Şamxalla birlikdə qeyri-qanuni torpaq sahələri əldə edərək, onları kiçik hissələrə bölərək, satmaqla məşğul olub. Bu işləri görmək üçün Nizami Hacıyevin təzyiqləriylə müxtəlif imkanlı şəxslərdən, iş adamlarından, o cümlədən obyekt sahiblərindən borc pul götürülürmüş. Lakin sonradan geri qaytarılmırmış. Pul sahibləri borcu geri tələb etdikdə isə onları obyektlərini sökəcəkləriylə hədələyirmişlər”.

Akif Əliyev yazdığı məktubunda vurğulayır ki, belə evlərdən Gülüstan qəsəbəsində inşa edilmiş 3, Cavadxan qəsəbəsində tikilmiş 2 evi misal göstərmək olar.

Sözügedən şəxs olduqca maraqlı bir iddia da irəli sürüb. Onun sözlərinə görə, borc alınmış şəxslər pullarını geri ala bilmədikləri üçün ilk olaraq icra başçısı Nizami Hacıyevə hücum ediblər: “Lakin icra başçısı aradan çıxa bilib. Əvəzində isə şəriki olan Nahidə Ismayılova 8 bıçaq zərbəsiylə qətlə yetirilib. Məlumunuz olsun ki, Nizami Hacıyev bir müddət bundan əvvəl də qəzəbli vətəndaşlar tərəfindən möhkəm şəkildə döyülmüşdü. Başı daşla yarılan icra başçısı bir müddət xəstəxanada yatmalı olmuşdu”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.