«Aqrolizinq» ASC 70 milyonun 51-ni xaricdə təsis olunan şirkətlərə verib
Vahid Məhərrəmov: «Müvəqqəti yaradılmış şirkətlər üzərlərinə heç bir məsuliyyət götürmürlər, maliyyə vəsaiti dövlət məmurları ilə birgə mənimsəyirlər»
“Aqrolizinq” ASC ilə bağlı maraqlı faktlar üzə çıxıb. ASC bir ildə 70 milyon manatın 51 milyonunu xaricdə təsis olunan şirkətlərə verib. Gübrənin alınması üçün təkcə bir tenderdə 13 163 904 manat, başqa birində 3 657 225 manat sərf olunub. Statistik rəqəmlərdən görünür ki, adıçəkilən qurum dövlətə gözləndiyi qədər xeyir gətirmir (“Bizim Yol”)
Səhmdar cəmiyyətə bütün mənbələrdən “pul yağışı”
Qazanılan dividend “Aqrolizinq” ASC-nin bir ildə icbari sığortasından belə azdır. 6 ildə təkcə 300 milyon manatdan artıq pulu tenderdə xərcləyən bu müəssisənin mənfəəti barədə web-resurslarda nəinki məlumat yoxdur, maliyyə hesabatını belə vermirlər. Səhmləri 100 faiz dövlətdə olan “Aqrolizinq” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı dövlət büdcəsindən xərclər 2011, 2012, 2013, 2014-cü illərin hər birində 35 milyon, 2015-ci ildə 40 milyon, 2016-cı il üçün 32 milyon manatdır. Prezidentin Ehtiyat Fondundan da cəmiyyətə iri məbləğlər ayrılıb. 2009-cu ildə 3 milyon, 2010-cu ildə 5 milyon, 2011-ci ildə yenə 5 milyon, 2012-ci ildə 10 milyon manat ayrılıb. 2014-cü ilin 9 ayı üçün verilən hesabatda maliyyə naziri Samir Şərifov deyib ki, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən verilmiş vəsaitlə yanaşı, Prezidentin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30 milyon manat pul ayrılıb. Əslində bu məlumatlar maliyyə qurumlarının, eləcə də müəssisənin öz saytında ayrıca yerləşdirilmədiyindən ayrılan vəsaitləri özündə tam əks etdirmir, bununla belə büdcəsi haqqında müəyyən təsəvvür yarada bilir. Cəmiyyətin həmin pulları necə xərclədiyi də diqqət çəkir.ÿ
Onlar milyondan az pul xərcləmirlər
2010-cu ilin satınalmalar reyestrində ASC-nin keçirdiyi 47 tenderdə xərclədiyi vəsait 53 557 598 manat təşkil edib. 50 tenderdən 30-u 200 min, ondan 20-si 1 milyon, bunun da 11-i 2 milyon manatın üzərindədir. Biz əsasən bir milyondan bahalı satınalmalardan yazacağıq. Məsələn, bir ildə “Solola Group LTD”-dən düz 12 008 916 manatlıq mineral gübrə və pessisidlər alınıb. Həmin şirkətdən 2 524 320 manata da qərzəkli məhsulların qovrulması və emalı avadanlığı əldə edilib. Soyuducu kamera və kartof anbarına avadanlığa 4 985 338 manat (“Lexus Investment Group limited”), yenə soyuducu kamera və ona əlavə avadanlığa 2 970 000 manat (“South Trading”), atmosfer kontrollu soyuducu kamera Ceyranbatana 1 880 000 manat (“Dafoltetec Partnes” LTD), Goranboya 1 550 000 manat (“Baktac” LTD), Şəmkirə 615 000 manata (“Adegar Alliance” LLP) alınıb. “Baktac” LTD-dən daha 373 500 manata suvarma və istehsal avadanlığı götürülüb. Göygöl və Abşeronda 2 ha sahədə istixana avadanlığı və konstruksiyalara 4 268 942 manat (“Proline Technology” LTD), bu işin Şəmkirdə görülməsinə 2 070 003 manat (“Alten Group” MMC), Masallıda 2 070 000 manat (“Yuqa Motors” MMC) xərclənib. Qusar, Ağcabədi, Biləsuvar rayonlarında aqroservis filialının tikintisinə 3 082 500 manat (“Texaqro” MMC) gedib. Neftçala və Saatlıda aqroservis filialı, Bərdə və Cəlilabadda regional logistik gübrə anbarının tikintisinə 6 516 095 manat sərf olunub (“Xəzər Sənaye Inşaat” MMC). Traktora qoşulan müxtəlif kənd təsərrüfatı texnikası, kartofun çeşidlənməsi, təmizlənməsi və yüklənməsi üçün avadanlıq, motorlu otbiçən və dırmıq 1 772 947 manat (“Rimls” LTD), Yevlax və Abşeronda suvarma qurğusu 1 286 000 manat (“Streamford Worldwide Limited”), meyvəqurutma avadanlığı 990 795 manat (“Murova Sistems”), sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıq 601 509 manata (“Distant Complex Limited”) satın alınıb.
Gübrə, avadanlıq, mal-qara almağa xəsislik yoxdur
2011-ci ildə 59 056 065 manatlıq tender barədə məlumat var. Cəmi iki ildə ASC tenderdə 112 milyon manat xərcləyib. 63 satınalmadan 43-ü 200 min manatın üzərindədir. Məsələn, gübrənin alınması üçün təkcə bir tenderdə 13 163 904 manat, başqa birində 3 657 225 manat sərf olunub. Hər ikisində podratçı qismində “Bioline Consulting” LTD seçilib. “Seçilib”, yazmırıq, çünki digər dövlət qurumlarındakı kimi rəqabətli tenderin olduğuna şübhələr var. Hesablama Palatasının yoxlamalarında da satınalmaların keçirilməsində qanun pozuntuları bütün müəssisələr üçün xarakterikdir. 200 baş südlük-ətlik, 1400 baş südlük mal-qara, yem istehsalı və qurudulması üçün avadanlıqlar ümumilikdə 5 907 296 manata “Swisspoint Merchants” LTD-yə sifariş edilib.
Havaya sovrulan milyonlar
2013-cü ildə 41 tenderdə 46 333 399 manat sərf olunub. Yenə vəsaitin əsas hissəsi xarici şirkətlərdən avadanlıq-mexanizm alınmasına yönəldilib. Əvvəlki ildə olduğu kimi “Bioline Consulting” LTD-dən 13 184 640 manat dəyərində gübrə, “Innuendo S.A.”-dan 10 629 053 manata taxılyığan kombaynlar, onlara ehtiyat hissələri, “Rimls” LTD-dən 4 492 786 manata kənd təsərrüfatı texnikası satın alınıb. “Milton Keynes Group” LTD 1 259 682 manata avadanlıq, “Wekkert Inc” 1 072 821 manata traktorlar, “Import Finance S.A.” 833 556 manata inkubator avadanlıqları, “Buttler Sales” 656 128 manata soyutma anbarına avadanlıqlar, “Ventmile Export” LLP 525 749 manata ət kəsimi və emalı avadanlığı, “Keyinvest Build” LLP 510 055 manata yem istehsal edən avadanlıq, “Neo Com Sales” LTD 3 866 062 manata istixana avadanlıqları və ehtiyat hissələri, “Adegar Alliance” LLP 261 298 manata dondurma avadanlığı, “Landbeal Limited” LLP 786 265 manata quşçuluq avadanlıqlarının alınmasını həyata keçirib. Yerli şirkətlər olan “Xəzər Sənaye Inşaat” tikinti-quraşdırma işlərini 3 999 786 manata, “Caspi Tech” MMC istixana avadanlıqlarının quraşdırılmasını 2 661 120 manata aparıb, “Azərtəmirmaş” MMC də 119 000 manatlıq təmir işləri görüb. “Alfa Sığorta” ASC damazlıq heyvanlar, kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr və əmlakın sığortalanması xidmətlərini 978 501 manata satın alıb.
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, bəzi hallarda “Aqroliznq”in keçirdiyi tenderlərdə elə şirkətlər qalib olurlar ki, sonradan onlar yoxa çıxırlar. V.Məhərrəmov qeyd etdi ki, həmin şirkətlərin vasitəsilə ölkəyə cins mal-qara gətirilir: “Hər inək üçün 4-5 min manat xərclənib. Bu da təxminən o zamankı kurs ilə 6 min dollardan çox edirdi. Amma məlum olur ki, həmin mal-qara gətirildiyi ölkədə 1500-2000 dollar arasında satılırmış. Mənim Baltikyanı ölkələrə səfərim zamanı məlum oldu ki, həmin mal-qara keyfiyyət, məhsuldarlıq baxımından bizə gətiriləndən daha yüksək keyfiyyətli imiş. Sonra gətirilən mal-qara guya mayalanmışdı, amma məlum oldu ki, əksinə, bəziləri qısır, bəziləri isə, ümumiyyətlə, xəstədir. Bu ondan xəbər verir ki, müvəqqəti yaradılmış şirkətlər heç bir məsuliyyəti üzərinə götürməyiblər. Bu şirkətlər həm ayrılan maliyyə vəsaitini özləri mənimsəyiblər, həm də bu işdə iştirak edən dövlət məmurları da əməliyyatlardan pay götürüblər. Əslində isə həm büdcədən külli miqdarda vəsait boşuna xərcləndi, həm də ölkəyə gətirilən mal-qaranın xəstə olduğu məlum oldu”.
Hikmət