Ölkədən çıxarılan pulların böyük bir qismi nəzarət altındadır
Azərbaycan məmurlarının xaricdəki pulların böyük qismi dondurulub. Bu barədə məlumatı “Azadlıq”a “Turan” Informasiya Agentliyinin direktoru verib. Mehman Əliyev deyib ki, artıq Azərbaycan məmurlarının ölkədən çıxartdığı vəsaitlərin böyük bir qismi artıq nəzarət altındadır və istifadə oluna bilmir: “Azərbaycandan böyük miqdarda pullar çıxaran şəxslərin o pullardan istifadə edə bilməməmələri bir həqiqətdir.
Buna səbəb həmin vəsaitlərin saxlanıldığı ölkələr tərəfindən dondurulmasıdır. Terrorizmin maliyyələşməsi, arzuedilməz, təhlükəli sahələrə vəsaitlərin ötürülməsi ilə bağlı sivil dövlətlərdə böyük narahatlıq var. Bu fikirlər ötən il Vaşinqtonda səslənmişdi. Bu baxımdan hesab edirəm ki, korrupsionerlər bu gün artıq mənimsədikləri pullardan istifadə problemi ilə üzləşirlər. ”Panama sənədləri” ilə bağlı ABŞ-da xüsusi bir komissiya yaradılıb. Aparılan yoxlamalar bu məsələ ilə bağlı da bir çox məqama aydınlıq gətirəcək. Görünən odur ki, korrupsionerlər üçün vəziyyət getdikcə çətinləşəcək”.
Mehman Əliyev əlavə edib ki, hazırda baş verən proseslər də bunun göstərir: “Indiki maliyyə böhranı dövründə hakimiyyət həmin pulları ölkəyə gətirib istifadə edə bilərdi. Lakin bu baş verməyib. Heç şübhəsiz pulların çıxarılmasına imkan verilməyib”.