QILINCININ DALI DA, QABAĞI DA KƏSƏN GENERAL

18-05-2016, 10:08   
QILINCININ DALI DA, QABAĞI DA KƏSƏN GENERAL
QILINCININ DALI DA, QABAĞI DA KƏSƏN GENERALİstər respublikanın paytaxtında, istərsə də əyalətlərdə əhali arasında, xüsusən də sürücülərdə dövlət yol polisləri barədə yaranmış neqotiv fikirlərin zənnimizcə kökü var. Amma bir millət olaraq onu da boynumuza almalıyıq ki, biz heç vaxt öz etdiyimiz səhvləri, qanun pozuntularını etiraf etməyə cəsarət edə bilmir, daim qarşı tərəfi günahlandırmağa çalışırıq. Qışın soyuğunda, yayın cırhacırında yolların kənarlarında dayanan, küçələrdə təhlükəsizlik tədbirlərini həyata keçirən yol polisi əməkdaşlarına qarşı nifrətimiz bəs niyə səngimir? Düzdür, bu ada xələl gətirənlər də az deyil. Amma vəzifə borclarını obyektiv, şərəflə yerinə yetirənlər də kifayət qədərdir.
Amma biz nədənsə yol polisi əməkdaşlarının peşə fəaliyyətində neqativ halları daha tez görür, onlara qarşı daha da aqressiv oluruq. Lakin bizim məsələyə necə, hansı aspektdən yanaşmağımızdan asılı olmayaraq bu gün təəssüfləndirici halların da çox şahidi oluruq. Məlum olduğu kimi yol polisi əməkdaşlarına dövlət qayğısı ilbəil artırılır. Prezident İlham Əliyev tərəfindən yol polisi əməkdaşlarının əmək haqları kifayət qədər artırıldı. İndi büdcədən maliyyələşən bir sıra dövlət orqanlarının əməkdaşları ilə müqayisədə yol polisi işçiləri daha çox maaş alan kateqoriyaya aid olublar. Bundan əlavə dövlət tərəfindən yol polisi əməkdaşları ən yüksək səviyyəli avtomobillərlə təchiz olunublar ki, bu da onların peşə fəaliyyətlərini daha da məsulliyyətlə həyata keçirməsinə şərait yaradır. Lakin köhnə şakər bəzi yol polisi əməkdaşlarının canından hələ də çıxmayıb.
Sürücülərin yol polislərindən şikayətləri yenə də səngimək bilmir. Avtomobillərin texniki baxışdan keçirilməsində, dövlət nömrə nişanlarının alınmasında, dəyişdirilməsində, sürücülük vəsiqələrinin alınmasında (satın?), ən son texnologiyalarla təchiz olunmasına baxmayaraq qayda pozuntularında yazılan şübhəli cərimələr və digər işlər bu strukturda hələ də «köhnə hamam, köhnə tas» rejiminin hökm sürdüyünü açıq-aşkar göstərməkdədir.
General-mayor Ramiz Zeynalov bəlkə iyirmi ildən çoxdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İlarəsinə başçılıq edir. Son iyirmi ildə Azərbaycanda gedən bütün ictimai-siyasi proseslər gözlərimizin önündə baş verdi. Son iyirmi ildə Azərbaycanda çox dəyişikliklərin şahidi olduq. Dövlət Yol Polisi sahəsində də kifayət qədər dəyişikliklər oldu. Yeni maşınlar, yüksək maaşlar, yeni qanunlar. Dəyişməz olan Ramiz Zeynalovun rəhbərlik etdiyi heyyətin daxili aləmi və cərimə metodlarıdır. Bu illər ərzində görəsən Ramiz müəllim özü necə, dəyişə bilibmi? Siz necə düşünürsünüz, əgər Qaradağ postunda duran bir yol polisi əməkdaşının şəhərin ən gözəl yerində üç mərtəbəli evi varsa, onda Ramiz Zeynalovun nələri ola bilər?
Dəyərli oxucuların diqqətinə çatdırmaq istərdik ki, Ramiz Zeynalovun rəhbərlik etdiyi qurum təkcə yollarda dayanmır. Ora son illərdə əhalinin ən çox müraciət etdiyi dövlət qurumlarından biri və bəlkə də birincisidir. Məlum olduğu kimi son illər ölkədə avtomobil sahiblərinin sayı durmadan artmaqdadır. Hər yeni avtomobil alan insan isə mütləq dövlət polisinin qapısını döyməlidir. Ən birinci sürücülük vəsiqəsi almaq üçün. Burada imtahan deyilən bir şey var. Guya imtahan versən sürücülük vəsiqəsini problemsiz ala bilmək olur. Bu formal bir şeydir. İmtahana gələnlərə qiymətin yazılmasına, sürücülük vəsiqəsinin verilməsinə şəxsən Ramiz Zeynalov özü rəhbərlik edir. Sual oluna bilər. Əgər sürücülük vəsiqələrinin verilməsinə, imtahanlara şəxsən general nəzarət edirsə nə üçün avtomobil qəzalarının sayı günbəgün artmaqdadır? Xeyr, Ramiz Zeynalov sürücülərin peşəkarcasına avtomobil idarə etməsinə deyil, imtahandan daxil olan gəlirlərə nəzarət edir.
Dövlət Yol Polisi İdarəsindən Ramiz Zeynalova gəlir verən digər bir sahə də texniki baxış şöbəsidir. Adından göründüyü kimi, burada avtomobilləri texniki baxışdan keçirməli və onlardan istifadə üçün razılıq verilməlidir. Yollarda texniki baxışdan keçməsi ilə bağlı sənədi olmayan şəxsin avtomobili dərhal cərimə meydançalarına aparıldığından bu qapını ildə bir dəfə mütləq döyməlisən. Əslində texniki baxışa avtomobillərin mühərrik gücünə uyğun olaraq dövlət rüsumu təyin edilib. Lakin Ramiz Zeynalovun əməkdaşlarının öz rüsumları var. Hər bir avtomobil sürücüsü mühərrikin gücündən asılı olmayaraq dövlətin müəyyən etdiyi rüsumun ən azı tən yarısı qədər xərcə düşməsə avtomobilə elə diaqnozlar qoyurlar ki, lap başını itirirsən. Ona görə də burada pulsuz heç bir şey mümkün deyil.
General Ramiz Zeynalovun digər bir gəlirli sahəsi də dövlət nömrə nişanlarını verən şöbədir. Bu yaxınlarda eyni rəqəmdən olan dövlət nömrə nişanlarına dövlət rüsumu tətbiq edilsə də bu heç nəyi dəyişməyib. Burada nömrələr müxtəlif qiymətlərə var. «Zerkalnı» deyilən nömrələrə dövlət rüsumu tətbiq edilməsinə baxmayaraq rüsumun bir qat mislini də Ramiz Zeynalovun əməkdaşlarına vermək məcburidir. Digər sahədə dövlət nömrə nişanlarının da qiyməti «sadədir» 100-500-ə qədər.
Bir sözlə, Dövlət Yol Polisi əməkdaşlarının yaşadığı hər bir dəqiqə bir qızıla bərabərdir. Burada hər bir xidmətin öz qiyməti var. Rüsumu fəaliyyətə başlayana qədər yox, qiyməti.
Generalın ən birinci kassiri Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovdur. O, Nuşirəvan Səfərov ki, bir neçə il öncə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun müavini idi. Nuşirəvan Səfərov şəhər yol polisi idarəsində rəis kimi müxtəlif yerlərdən pul çıxara bilirdi. Bu onun kommersiya obeyktlərindən gələn gəlirləri idi. Onun Qaradağ raoynu ərazisində hekatla torpaq sahəsi, istirahət mərkəzləri də fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları əməkdaşlarının kommersiya fəaliyyəti ilə məşğul olmalarına qanun yol vermədiyi halda N.Səfərov bu cəsarəti kimdən alır?
Ramiz Zeynalovun respublikanın magistral yollarına nəzarət edən müavini Balakişi Əhmədovun da gündəlik gəlirləri on minlərlə ölçülür. Yollarda üzü Qazaxdan – Bakıya, Astaradan – Qusara qədər postlarda yol polisi əməkdaşlarının ağır tonnajlı maşınlardan haqq almalarını heç kim inkar edə bilməz və bunlar hər birimizin gözləri önündə hər saat (gün yox) baş verən hadisələrdir. Lakin Balakişi müəllim qətiyyən belə şeylərə yol vermədiyini söyləyəcək. Amma hər şeyin yollarda, hamının gözləri qarşısında baş verdiyini gərək heç kim unutmasın.
İmtahan qeydiyyat İdarəsinin rəisi Hacı Abdullayev sürücülük vəsiqəsinin verilməsi zamanı imtahanların da şəffaf keçirilməsini iddia edə bilər. Lakin bu da belə deyil. Burada da qanunsuzluqlar baş alıb getməkdədir. Daha böyük qanunsuzluqlar isə idarənin dövlət nömrə nişanlarının verilməsi və texniki baxış şöbələrində baş verir. Bura respublikada bəlkə də yeganə qurumdur ki, işçilərdə heç bir qorxu hissi yoxdur. hər şey açıq-aşkar. Sanki elə belə də olmalıdı kimi. Dövlət nömrə nişanlarının verilməsi şöbəsinin rəisi Müşfiq Rəhimovdur. Nömrə nişanları alan hər bir sürücü miqdarından asılı olmayaraq rüşvət verməsinə baxmayaraq ondan narazılıq etmirlər. Amma Zabrat qəsəbəsindəki texniki baxış şöbəsinin müdiri Rauf Talıbovdan narazılıq edənlərin sayı kifayət qədər çoxdur. Son statistik məlumatlara görə respublikada avtomobil istifadəçilərinin sayı iki milyonu keçib. Təsəvvür edin ki, iki milyondan çox avtomobilin texniki baxışdan keçirilməsindən nə qədər gəlir əldə edilir. Minimum əlli manatdan götürsək. Amma bu əlli manat deyil, mühərrikin gücü ilə ölçülən bir şeydir. Rauf Talıbovun müavini isə Ramiz Zeynalovun bacısı oğludur. Bu isə pulların birbaşa general mayora aid olduğuna bir işarə deyilmi? Necə deyərlər, indi cənab generalın qılıncının dalı da kəsir, qabağı da.
Yuxarıda qeyd etdiyimiz kimi bütün bu hallar hamımızın gözləri qabağında baş verir. Gözlərimizə görünməyənlər barədə isə heç düşünməyə dəyməz. Gözlərimizlə gördüklərimiz az qala bizi dəhşətə gətirir, o ki qala görmədiklərimiz.
T. Məmmədov
AzToday.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.