Ağlamalı vəziyyətin gülməli analizi
Yaxud, hökumət sözçülərinin Qarabağ düşüncələri
Hökumətin politoloqları uğursuz Vyana görüşündən sonra yenə də “ciddi şərh”lər verməyə başlayıblar. Əslində, 24 illik uğursuz danışıqlardan sonra uğurdan danışmaq üçün plastik əməliyyat olunmaq lazımdır. Çünki, bu qədər yalanlardan, əsassız vədlərdən sonra xalqın qarşısına çıxıb bəh-bəhlə danışmağa yeni sifət lazımdır. Əgər köhnə sifətlə ağ yalan danışa bilirsənsə, deməli utanmaq hissini dəfn etmisən.
Faktiki olaraq Vyanada müharibə etməmək öhdəliyi götürülüb. Ermənistana 22 ildir sərf edən status-kvo dəyişilməz qalıb. Ermənistan prezidenti “Ilham Əliyev bizi inandırdı ki, müharibə olmayacaq” açıqlaması verir. Rejimin sözçüləri isə bu qədər çılpaq həqiqətləri çürük libas geyindirməklə məşğuldular.
Əslində, Vyana görüşündən sonra hökumət komandasının verdiyi “şərh”lər lətifə mövzusudur. Ağlamalı vəziyyətə, gülməli şərhlər verirlər.
Məsələn, politoloq Mübariz Əhmədoğlu Vyana görüşünün uğurunu masaların yeni düzülüşündə, prezidentlərin yanında kimlərin oturmasında görür: “ABŞ-ın dövlət katibi Con Kerri və ATƏT nümayəndələri başda oturmuşdu. Rusiyanın XIN rəhbəri və onun müavini Ermənistan nümayəndə heyətinin tərkibində kimi oturmuşdular. Azərbaycan nümayəndə heyətinin tərkibi kimi Fransa XIN rəhbəri oturmuşdu. Bu format da çox şey deyirdi. Elə hesab edirəm ki, Ermənistan 1-2 gün rahat olacaq, 3-4-cü gündən sonra başa düşəcəklər ki, itkiyə məruz qalıblar”- deyə Mübariz Əhmədoğlu bildirir.
Belə çıxır ki, Sarkisyan bir neçə gündən sonra görüşün video görüntülərinə baxacaq və masada oturlanların yerləşməsindən məyus olacaq. Axı, Con Kerrinin harda oturması, Lavrovun hara qısılması nəyi dəyişir? Qarabağ münaqişəsinin ədalətli həlli kimin harda oturmasından keçsəydi, bu gün Azərbaycan ordusu Irəvanda oturardı. Avropa Parlamentinin Azərbyacannı ərazi bütövlüyünü tanıyan 2 qətnaməsi var, Almaniya Bundestaqı Ermənistanı işğalçı kimi tanıyan qətnamə qəbul edib, ABŞ-ın 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyıb, BMT-nin 4 qətnaməsi də öz yerində. Bu mötəbər qurumların Qarabağla bağlı verdiyi reaksiyannı yanında, kimin harda oturması heç bir anlma daşımır. Fakt budur ki, Ermənistan “lazım”ın gəlməyəcəyinə əmin edilib, Azərbaycan isə bundan sonra da uzun illər mənasız sülh danışıqlarına sədaqətli olacağına söz verib.
Atəşkəs dövründə 2000-ə yaxın hərbçimiz şəhid olub, 24 ildir 24 qarış torpaq işğaldan azad edilməyib. Bizim politoloq isə masadakı yerləşmənin uğurundan danışır. Siyasi iradə yoxdursa, ölkə demokratikləşmirsə, hakimiyyət Rusiyanın qucağına sığınırsa, kimin harda oturması nəticəni dəyişməyəcək.
Yəni, Cənab Əhmədoğlu, hökumətin özü “format” edilməyincə, masadakı formatın önəmi yoxdur.
Hökumətin başqa bir sözçüsü Qüdrət Həsənquliyev isə daha “dərin” şərh verib. Qüdrətli deputatımız deyib ki, Qərb Rusiyanın əli ilə Qarabağı bizdən almaq istəyir: “ABŞ və Fransa erməni lobbisinin güclü olduğu ölkələrdir. Onlar həmişə istəyiblər ki, bu münaqişədə beynəlxalq hüquqa zidd, ədalətsiz yanaşmanı Rusiyanın əli ilə Ermənistanın xeyrinə həll etsinlər. Yəni Dağlıq Qarabağı Rusiyanın əli ilə qoparıb Ermənistana versinlər, bununla da Azərbaycan-Rusiya münasibətlərini əbədi korlamış olsunlar. Bununla həm Qarabağın Ermənistanın ərazisi olmasına nail olurlar, həm də hər iki dövlətlə əməkdaşlıq edirlər. Bundan zərər çəkən Azərbaycan, siyasi baxımdan itirən isə Rusiya olur. Çünki Rusiyanın Cənubi Qafqazın əhəmiyyətli dövləti ilə münasibətləri korlanır. Qərbin istədiyi həmişə bu olub”- deyə Qüdrət Həsənquliyev bildirib.
Göründüyü kimi Rusiya qoşunlarını ölkəyə gətirmək təklifi verən deputat, indi də Rusiyanın xəyanətlərini ört-basdır etmək üçün Qrəbin üstünə yeriyir. Belə çıxır ki, Xocalı soyqırımını da, 20 yanvar faciəsini də Rusiya Qərbin əliylə edib? Belə çıxır ki, Putinin qondarma erməni soyğrımını ziyarət etməsi, Zori Balayanı mükafatlandırması da Qərbin sifarişidir? Belə çıxır ki, Avroviziya yarışmasında Rusiyanın Ermənistana verdiyi 12 xal da Qərbin xahişi olub?
Bəli, Qüdrətli oğlan elə bir nağıl seçib ki, 6 aylıq uşaq da inana bilmir. Adamın fantaziyası o qədər heydən düşüb ki, ortaya heç nə çıxara bilmir. Məcbur olub hökumətin qətiyyətsizliyini, Rusiyanın yaratdığı əngəlləri Qərbin üstünə atır. Bu adamların məqsədi Qarabağa gedən yolu əngəllərdən təmizləmək yox, əngəl yaradanlara imic düzəltməkdir. Bu qədər aydın mənzərədə Rusiyanı müdəfiə etmək, Qarabağın işğalına haqq qazandırmaqdı. Hətta, “Qarabağı Ermənistana Rusiya verib” deməyə cəsarətləri çatmır. Ona görə də bu faktı “çerez” Qərb təsdiqləməyə məcbur olublar.
Indi hamınız fikirlərşin. Işğala “yaşıl işıq” yandıranların müdafiəsinə köklənmiş zehniyyət, torpağı işğaldan azad edə bilərmi? Qüdrət Həsənquliyev sübut etməyə çalışır ki, qərb olmasa Rusiya Qarabağı Azərbaycana qaytarar.
Bir sözlə, Vyana danışıqlarından sonra məlum oldu ki, müharibə olmayacaq, işğalın ömrü davam edəcək. Görünür, bu Rusiyanın da, Ermənistanın da, Azərbaycan hökumətinin də marağına uyğundur. Ona görə də “lazım”ın yubanmasına görə Qərbi hədəf seçmək ən yaxşı metoddur.
Amma Qüdrətlər, Mübarizlər və digərləri anlamalıdırlar ki, artıq nağıllara inanmaq dövrü keçib. Indi balaca uşaqlar da filmlərə 3D formatında baxırlar. Yəni, Vyana görüşündən kəndir düzəltməyə çalışmayın, onsuz da qırılacaq.
Akif