Qaranlıq keçmişi olan başçı müavininin deputatlıq iddiası hiddət doğurdu

19-05-2016, 09:04   
Qaranlıq keçmişi olan başçı müavininin deputatlıq iddiası hiddət doğurdu
Ağdaşda kəndlilərə və sahibkarlara qan udduran Cavid Osmanovun mandat eşqinə düşməsi əhalini qəzəbləndirib; rayon camaatı sosial problemlər məngənəsində çabalayır...
Ağdaşda sosial problemlər ifrat həddə çatıb. Bər-bəzəkli kabinetlərdə əyləşən məmurlar əhalinin problemlər məngənəsində çabalamasından sanki zövq alırlar. Ağdaşın elə bir küçəsi və ya kəndi yoxdur ki, orada yaşayan sakinlərdən şikayət eşitməyəsən.

Rayon rəhbərliyi ağ, sakinləri isə qara günlərini yaşayır. Elə rayondan reportaj hazırlayarkən bu sosial problemlərin, məmur laqeydliyinin şahidi olduq.

Elə Ağdaş Rayon İcra Hakimiyyətinin bir addımlığında yerləşən Gürcüva kəndinin vəziyyətinə baxmaq kifayətdir: Kəndin yolundan tutmuş suyuna, qazına qədər bütün sahələrdə acınacaqlı durum hökm sürür. İcra hakimiyyəti isə “qulağının dibindəki” Gürcüvanın problemləri ilə maraqlanmır.

Kəndə gedən yol Suriya müharibəsindən çıxmış Kobani şəhərini xatırladır. Sanki bu yerlərdən tank keçib. Halbuki Ağdaş Rayon İcra Hakimiyyətinə ayrılan vəsait hesabına ən azı mərkəzə yaxın kəndin yolunu asfaltlamaq olardı.

Gürcüvanın dərdi yoluyla bitmir. Bura sanki səhradır, içməli su tapmaq zülümdür. Kənd sakinlərinin sözlərinə görə, onlar mal-heyvanın da suvarıldığı arxdan su götürüb içmək məcburiyyətindədirlər. Kənd sakinləri ilə söhbət edərkən onlar dedilər ki, bir artezian quyusunun ümidinə qalıblar. Həmin quyunun suyu da camaata çatmır. Odur ki, inək-camışın su içdiyi arxa üz tuturlar. Rayon rəhbərliyinin, xüsusilə Ağdaşın sosial-iqtisadi məsələlərinə məsul olan icra başçısının birinci müavini Cavid Osmanovun isə başı özünə qarışıb, deputat olmaq istəyir... Başçı müavininin yarıtmaz fəaliyyəti üzündən camaat palçıqlı su içir.
İcra hakimiyyətinin rəhbərliyinin “yadına da düşmür” ki, yaxınlıqdakı kəndə baş çəkib camaatın şikayətini dinləsin. Ağdaşın sözügedən kəndində su və yoldan əlavə, qaz təchizatında da problem var.

Sakinlər bildirirlər ki, imkansızlıq və işsizlikdən qaz pulunu ödəyə bilmirlər. “Azəriqaz”ın yerli idarəsinin əməkdaşları da yoxsul kəndin qazını qışda da, yayda da tez-tez kəsirlər.
Bu kənddə kasıblığın bariz nümunəsini elə Gürcüvanın tən ortasında yerləşən kiçik bir mağazadakı nisyə dəftərindən görmək olar.

Dükan sahibi nisyə dəftərini qabağımıza qoyub camaatın halına bu siyahıdan baxmağa çağırır. Son səhifəsinə qədər dolmuş dəftərdə demək olar ki, bütün ailələrin borcu əks olunur. Mağaza sahibi deyir ki, əksəriyyət ərzaq məhsulları alıb, pulunu verə bilmir: “Camaat neyləsin, iş yox, məhsullar tökülüb qalıb ortada, sata bilmirlər. Bazara aparmağa da dəymir. Bunun yanacaq xərci var, əziyyəti var. Bazarda dəyər-dəyməz qiymətinə məhsulunu satır, onda da ziyan edir. Məhsullar çürüyüb qalır həyətlərdə. Bax, bu kişi (yanındakı insanı göstərir-red.) kələmini sata bilmir. Bazara aparsa 5 qəpikdən alacaqlar. Onda da ziyan edir. Kiminin 100 manat, kiminin 189 manat, birinin 50 manat, nə bilim çoxunun borcu var”.

Kələm əkən kənd sakini bizi həyətinə aparıb məhsullunun sahədə qaldığını göstəmək istəyir. Kənd sakini problemlərini danışarkən başımızın üstünü iki şəxs alır. Məlum olur ki, gələnlər bələdiyyə sədri və başının dəstəsidir. Qəzetdən gəldiyimizi bilib israrla kəndin heç bir probleminin olmadığını deyirlər. Kələm əkən sakin isə bələdiyyə sədrindən çəkinərək bizi sahəsinə aparmaqdan vaz keçir. Sakinlərin su və yol şikayəti barədə sualları cavablandırmayan bələdiyyə sədri özünü təqdim etmədən jurnalist vəsiqəmizi tələb edir. Hətta kəndə girməyimiz üçün Ağdaş Rayon İcra Hakimiyyətindən icazə almalı olduğumuzu deməklə özündən təzə “qanun” kəşf edir...

Ağdaş RİH rəsmiləri yaxşı olar ki, çox uzaqda olmayan bu kəndə bir ayaq bassın, vəziyyətlə tanış olsun. Görsün ki, sakinlər haqlıdır, yoxsa bələdiyyə sədri. Gürcüva isə Ağdaşın problemlər içində çabalayan tək kəndi deyil.

Məsələn, Yenicə kəndi də eyni problemlərdən əziyyət çəkir. Əsasən də sakinlər qazın olmamasından narazıdırlar. Onların sözlərinə görə, RİH nümayəndələri sakinlərdən qaz çəkmək üçün pul yığıb. Ancaq indiyə qədər qaz yoxdur...

Rayonun Ağcaqovaq, Ərəbşəki, Eymur kəndlərinə gedən yol isə tamamilə bərbad hala düşüb. Üstəlik, qazın olmaması, elektrik dirəklərinin yararsız vəziyyəti, kəndə avtobus marşrutunun yoxluğu onların durumunu daha da ağırlaşdırır.

Sakinlərin sözlərinə görə, bu üç kənddə bir neçə nəfərin kompüteri var, amma internetə çıxış üçün istifadə etmək mümkün deyil. Azərbaycanda fəaliyyət göstərən üç mobil operatorun heç birinin data kartları da bu kəndlərdə işləmir. Halbuki kəndlər rayon mərkəzindən 35 kilometr, Ağdaş-Yevlax magistralından isə 5 km məsafədə yerləşir.

Ağdaşın mərkəzinə gəlincə, hər yerdə gedən kosmetik suvaq-boyaq işləri burdan da yan keçməyib. Büdcədən rayonun sosial-iqtisadi inkişafına ayrılan pullar RİH-in binasını ağartmağa xərclənib. Sakinlər deyirlər ki, Ağdaş rəhbərliyi laqeyddir.

Onlar icra başçısı Tofiq İbrahimovun “sağ əli” olan Cavid Osmanovun birinci müavin kimi fəaliyyətini görmədiklərini qeyd edirlər. Ağdaşlılar bildirirlər ki, müavin kimi heç bir fəaliyyəti olmayan Osmanovun millət vəkili kimi problemlərə ürək yandıracağına inanmırlar.
Sakinlər bildirirlər ki, C.Osmanov özünə işləyən, kommersant bir məmurdur. Onun deputat seçiləcəyi halda indiki fəaliyyətindən fərqli iş görəcəyi gözləntisi də yoxdur.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürən başçı müavini haqda rayonda müxtəlif xəbərlər də dolaşır.

Sakinlərin dediyinə görə, C.Osmanov Misirin paytaxtı Qahirədə təhsil alıb. Bildirilir ki, C.Osmanov bir müddət Qahirədə yaşayıb. Ölkəyə qayıtdıqdan sonra isə Qahirədə yaşama səbəblərini təhsil alması ilə əlaqələndirib. Rayonda dolaşan xəbərlərə görə, başçı müavininin diplomu saxtadır.

C.Osmanovun Misirdə şübhə doğuran yaşayışının səbəbləri Ağdaş Rayon İcra Hakimiyyəti başçısının I müavini təyin ediləndən sonra qabarıq şəkildə özünü göstərib. Sakinlər deyirlər ki, Ağdaşın əksər kəndlərində dini icmaların yaradılması, yerli icra nümayəndələrinin icma rəhbərləri təyin edilməsi, bəzi dini cərəyan nümayəndələrinə geniş biznes imkanlarının verilməsi C.Osmanovun təlimatları əsasında baş tutub.

Hətta bir müddət öncə “fətullahçıların” aşkarlanması prosesi zamanı Osmanov ciddi şəkildə narahatlıq keçirib və hadisələrin soyumasını gözləyərək iş yerində görünməyib. Ağdaş sakinləri sual edir ki, adı müxtəlif neqativ işlərdə hallanan, üstəlik, müavin kimi əhalinin sosial problemlərinə laqeyd qalan Osmanov deputat kimi nə iş görəcək?

Ağdaş sahibkarları da icra başçısının 1-ci müavininin fəaliyyətindən qətiyyən razı deyil. Sahibkarlar iddia edir ki, Osmanov vəzifəyə gəldiyi gündən bütün obyektlərə haqq qoyub, rayonun əsas infrastrukturunu və gəlirli yerlərini əlində cəmləşdirib.

C.Osmanov seçkilərə sayılı günlər qalmış öncə rayon sahibkarlarının dəstəyini almaq üçün ciddi vədlər verib. O, qalib gələcəyi təqdirdə sahibkarların sərbəst şəkildə fəaliyyət göstərəcəyini deyib. Lakin sahibkarlar başçı müavininə inanmır.

Bütün bu iddialar və rayonda müşahidə etdiklərimizlə bağlı RİH-ə üz tutduq, C.Osmanovun mövqeyini öyrənmək istədik. Amma RİH-dən bildirildi ki, müavin YAP qərargahındadır. YAP-dan isə deyildi ki, RİH-ə müraciət etmək lazımdır. RİH-ə getdiyimizi deyəndə isə partiyanın mərkəzi qərargahına, yəni Bakıya müraciət etmək tövsiyə olundu...

Bununla belə, RİH-in, icra başçısının 1-ci müavininin mövqeyini də dərc etməyə hazırıq.

“Yeni Müsavat”ın
Reportyor Qrupu,
Ağdaş
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.