90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd İqbal Ağazadənin Seçki Qərərgahı bəyənat yayıb.
AzNews.az-ın məlumatına görə, bəyənatda bildirilir ki, dairə ərazisində Cavid Osmanovun təşkilatçılığı ilə baş verən qanunsuzluqlar səngimək bilmir. İddiaya görə seçkiyə qanunsuz müdaxilə edənlər sırasına daha bir məmur da qoşulub. Bildirilir ki, yerli icra hakimiyyətinin ərazi idarəetmə və yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Həsənov Əsgərxan İsmayıl oğlu İqbal Ağazadənin seçki Qərargahı ilə əlaqə saxlayan, ofis və başqa əmlaklarını icarəyə verən şəxsləri bir-bir kabinetinə dəvət edərək hədə-qorxu gəlir.
"Etdiyi hərəkətlərin məsuliyyətini dərk etməyən bu məmur bilməlidir ki, seçki prosesinə qanunsuz müdaxilə cinayət məsuliyyəti yaradır və biz bu proseslə bağlı həm səlahiyyətli dövlət qurumlarına, həm də hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Əlimizdə kiçik bir məmurun rayon ərazisində törətdiyi qanunsuzluqlarla bağlı kifayət qədər material var. Fəaliyyətinin belə qanunsuzluq və canfəşanlıq üzərində qurulmasının səbəbləri bizə aydındır. Əsgərxan Həsənov Cavid Osmanovun deputat seçilməsinə ona görə çalışır ki, seçkidən sonra I müavin olmaq imkanlarını genişləndirsin", - deyə məlumatda qeyd olunur.
Əlavə laraq bildirilir ki, bundan əvvəl - İqbal Ağazadənin imzatoplama kampaniyasında Ağdaş Rayon İcra Hakimiyyətinin birinci müavini, YAP-ın Ağdaş şöbəsinin sədri, 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınmış Cavid Osmanovun qanunsuz təşkil etdiyi dəstələr kampaniyaya qanunsuz müdaxilə edib. İmza toplayanlar və səlahiyyətli nümayəndlər təhdid, təzyiq və təqibə məruz qalıblar. Mayın 10-dan etibarən isə İqbal Ağazadəyə imza vermiş şəxslərə qarşı təzyiq və təqiblər başlayıb.