90 saylı Ağdaş Seçki Dairəsində təkrar parlament seçkiləri keçiriləcək
Ümid Partiyasının sədri İqbal Ağazadə təkrar keçiriləcək parlament seçkilərində iştirak edəcək. 2015-ci il parlament seçkiləri və iştirak etməyə qərar verdiyi təkrar parlament seçkiləri barədə Ümid Partiyasnın sədri İqbal Ağazadə ilə söhbətləşdik.
Ölkə.Az İqbal Ağazadə ilə olan müsahibəni sizə tədim edir:
- Salam İqbal bəy, necəsiniz?
- Hər şey yaxşıdır.
- İqbal bəy, bir neçə gün öncə imzaların toplanması zamanı bəzi problemlər yaranmışdı. Axır ki, namizədliyiniz qeydə alındı.
- Hər halda siyasi partiya, siyasi təşkilat kimi qarşımızda mövcud olandan bu günə qədər bir məsələ dayanıb, bütün seçkilərdə iştirak etmək. Bütün seçkilərdə maksimum namizədlərlə iştirak etməyi qarşımıza qoymuşduq. Siyasi partiya olandan ölkədə keçirilən prezident seçkilərinin hamısında iştirak etmişik. Bələdiyyə seçkilərində iştirak etmişik. Referendumda və parlament seçkilərində iştirak etmişik. Siyasi partiya kimi qarşımızdakı hədəf budur ki, bütün seçkilərdə seçiciyə maksimum mesajımızı verək, təbliğatımızı aparaq, seçicilərin problemləri ilə maraqlanaq, alternativ qüvvə olduğumuzu seçiciyə seçki vasitəsi ilə çatdıraq. Nə dərəcədə, nə qədər nail olmuşuq, bu sonradan tarixçilərin araşdıra biləcəyi məsələdir. Ancaq biz görəvimizi yerinə yetiririk. Bu seçkilərdə də, təkrar parlament seçkilərində də imkanı varsa, iştirak edəcəyik. 2015-ci ilin parlament seçkilərində haqqım tanınmış olsa idi, indi təkrar seçkilərdə başqa bir namizədlə mütləq mənada iştirak edəcəkdik.
- 2015-ci il parlament seçkilərində haqqınızın yeyildiyini dediniz və bunu sənədlərlə sübut etdiniz. Bununla bağlı sizinlə bir reportaj da etmişdim. O zaman qarşı tərəfi məhkəməyə verdinizmi?
- Məhkəməyə verdik. Ali məhkəməyə qədər getdik. Bütün instansiyalardan keçdik, MSK araşdırdı... Təəssüf ki, nəticə ürəkaçan olmadı.
- Niyə ürəkaçan olmadı?
- Biz həmişə qeyd etmişik ki, Azərbaycanda obyektiv məhkəmə yoxdur. Məhkəmənin vəzifəsi xüsusilə bu tip işlərdə ziddiyəti aradan qaldırmaqdır. Məhkəmə deyir ki, sizə verilən protokolu da MSK möhürləyib, qarşı tərəfə verilən protokolu da. Niyə sizin protokollara inanmalıyıq, qarşı tərəfin protokollarına inanmamalıyıq? Məhkəmənin vəzifəsi ziddiyəti aradan qaldırmaqdır. Eyni qurum iki fərqli cür protokol veribsə, onda bu ziddiyəti aradan qaldırmaq məhkəmənin öhdəsinə düşür. Məhkəmə bu ziddiyyəti aradan qaldırmaq üçün heç bir şey etmədi. Bu hüququn yanaşmasıdır. Siyasi yanaşmamız da var buna, təbii ki. Siyasi yanaşmamız odur ki, biz geriyə, keçmişə baxmırıq, keçmişlə yaşamırıq. Bu dövrdə seçki ilə, insan haqları, ölkədə baş verən proseslərlə bağlı mütəmadi mövqelərimizi ifadə etmişik. Hesab edirəm ki, mövqelərimizdə həmişə haqlı olmuşuq. Haqqın yanında olmuşuq, bundan sonra da elə olacağıq. Geridə qalan prosesləri təhlil edib, geridə qalan proseslərə acıq edib qarşıdakı prosesləri, fürsətləri əldən qaçırmaq istəmirik. Seçici ilə hər təmasımız bizə tərəfdaş toplayır. Seçici ilə hər təmasımız bizim üzvlərimizin sayını artırır.
- Namizədliyinizi verdiyiniz Ağdaş rayonu sizin üçün, belə desək, tanış yer deyil. Bir neçə dəfə Bakıdan deputat seçilmisiniz. Bu sizin üçün çətinlik yaratmayacaq ki?
- Prinsip olaraq onu deyim ki, vətənin o başı, bu başı yoxdur. Azərbaycan seçicilərinin aşağı-yuxarı problemlərini bilirik. Azərbaycan o qədər böyük yer deyil ki, regional xüsusiyyətlərinə görə, həyat tərzinə, məişətinə düşüncəsinə görə kəskin şəkildə bir-birindən fərqlənsin. Azərbaycan çox kiçik bir yerdir. Biz nə qədər doğulduğumuz yerdəniksə, o qədər də qonşu rayondanıq, ən ucqar hiss etdiyimiz kəndlərdənik. Çünki insanlar o qədər qaynayıb qarışıb ki, bu proseslərdə çətinlik yoxdur. Ən başlıcası isə biz oraya hansısa şəxsi işimizdən ötrü getmirik. Söhbət ictimai, siyasi yükü olan məsələdən ötrü gedən prosesdir. İctimai, siyasi yük isə ölkə daxilində hər yerdə eynidir. Ona görə də, fərq etmir Ağdaş seçicisi olsun, Bakı seçicisi olsun, heç bir fərqi yoxdur.
- Yaxın günlərdə xəbər gəzirdi ki, Ağdaş 90 saylı seçki dairəsinin sədri yoxa çıxıb. O tapıldı?
- Ağdaş seçki dairəsində çox təəssüflər olsun ki, seçki məcəlləsinin tələblərini yerinə yetirməyən çoxsaylı addımlar atılır. Bu gün də o proses davam edir, yəqin ki, sabah da, seçki dönəmində də davam edəcək. Əvvəldən bunun bünövrəsini bu şəkildə qoyublar.
Məsələn, biz imza vərəqələrini təhvil vermişik. 550 imza. Düzdür, bizi 530 etibarlı imza ilə qeydə alıblar. Ancaq bizim imza vərəqələri nəyə görə icra nümayəndəsində olmalıdır? Bizə imza verən şəxsləri nəyə görə təqib etməlidirlər? Niyə bu qədər teleqram göndərməlidirlər? Seçki məcəlləsinin tələblərinə görə imza atan şəxsin imzasının məxfiliyi MSK tərəfindən qorunmalıdır. Yoxlama prosesində belə onların ünsiyyəti vətəndaşlarla yox, ekspertlərlə olur. Bu onu göstərir ki, insanlar qeyri-qanuni şəkildə prosesə müdaxilə edirlər. Vəzifələrini doğru-dürüst icra etmirlər. Təbii ki, Dairə Seçki Komissiyası bildiyimiz, ənənəvi formada Ağdaş rayon İcra Hakimiyyətinin birinci müavininin nəzarətində olan bir qurum olub. İcra başçısının birinci müavini bu gün namizəddir. İcra başçısının birinci müavininin namizəd olması və seçicilərə vəd verməsi çox qəribədir. İlk seçicinin, hətta çəkinsə belə, içindən belə bir sual keçəcək, "axı sən icra strukturunun bir nümayəndəsi kimi bilavasitə bu problemləri həll etməli idin? İndi çıxıb seçiciyə desin ki, su problemini həll edəcəm, yol problemini həll edəcəm, qanunverici orqanda sizin müdafiənizi təşkil edəcəm. Adama deyərlər, bu onsuz da sənin görəvin idi. İcra başçısının birinci müavini olaraq hansı vəzifəni yerinə yetirirdin? Niyə yollar o cür bərbad vəziyyətdədir, niyə su kranını açanda qapqara su gəlir. Adama deyərlər, icra başçısının birinci müavini olanda hara baxırdın? İnsan bu şəkildə seçici qarşısına çıxa bilməz. Ona görə də, məcburdur ki, inzibati resuslardan istifadə etsin. İnzibati resurslar da dairə seçki komissiyası, kənd nümayəndəliyi, icma qruplarıdır. Orada eşitdiyimiz bəzi ifadələr Azərbaycan dövlətçiliyinin fəlsəfəsi ilə uyğun gəlmir: "Biz məscidlərdə bu qərarı qəbul etdik".
Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda din azaddır, Azərbaycanda bütün dinlərə tolerant münasibət var. Bir rayonda yığışıb məscidlərdə qərar qəbul etmək icra hakimiyyətinin birinci müavininin bilavasitə namizədliyi ilə bağlı olan məsələ kimi çox ciddi və qorxulu tendensiyadır. Azərbaycan hakimiyyəti də, güc strukturları da, vətəndaş cəmiyyəti də, partiyalar da dinin nə qədər azad və sərbəst şəkildə təbliğ olunması, dini inancların yerinə yetirilməsində tolerant münasibət nümayiş etdirirlərsə, dinin dövlət işləri və xüsusilə də seçki işlərinə qarışmasının, bütün saydığım cəmiyyətlər, siyasi institutlar, təşkilatlar dinin idarəetməyə qarışmasının həmişə əleyhinə olublar. İndi birdən-birə çıxıb bu şəkildə çıxış etmələri qaranlıq məqamlardan xəbər verir. Hesab edirəm ki, bu insanların hissi ilə oynamaq və yaxud da o istiqamətdə insanların təmərküzləşməsini bu və ya digər şəkildə təşkil etməkdir. Bu yanlışdır. Kimin seçilməyindən asılı olmayaraq, seçkinin nəticələrinin necə olmasından asılı olmayaraq, bu, Azərbaycan cəmiyyəti üçün yaxşı tendensiya deyil. Çünki Azərbaycan konstitusiyasının dəyişdirilməyəcək bir müddəası var, heç kim onu referenduma, Milli Məclisə çıxara bilməz, Azərbaycan dünyəvi və unitar bir dövlətdir. Dünyəvi prinsipdə isə din dövlətdən ayrıdır. Din dövlətdən ayrı olduğu yerdə də, təbii ki, onu idarəçiliyə, xüsusilə seçki kimi məsələlərin içərisinə qatmaq doğru deyil. Bu məsələdə çox böyük yanlışlıqlar var. Düşünürlər ki, insanların bu hissləri ilə oynamaqla nələrsə əldə etmək olar. Bu cür əldə edilmənin özünün belə əleyhinəyəm.
Daha bir yanlış tendensiya isə Ağdaş rayon icra hakiminin birinci müavini Cavid Osmanovun "Ağdaşdan ağdaşlı seçilsin" fikridir. Seçici ilə ünsiyyətdə bu məsələlərə qayıdacağam. Ağdaşın bu qədər şəhidləri nədən ötrüdür? Heç o şəhidlərin biri bir dəfə dedimi ki, işğal olunan torpaqlar, Qarabağ mənim nəyimə lazımdır? Bu qədər insanlar bədən üzvlərini itirib, qazi olmuş insanlar heç ağıllarından belə keçirmədilər ki, vətən Ağdaşdan, Qarabağdan, Füzulidən, Ağdamdan, Şəkidən ibarətdir. Vətən bütöv sevilər. Vətən bütöv Azərbaycandır.
Necə ola bilər ki, indiki məqamda "Ağdaşdan ağdaşlı seçilsin" fikri səsləndirilər. Bu fikri səsləndirməklə insanları təhqir etmək deməkdir. Hesab edirəm ki, bu fikri səsləndirmək ağdaşlıların özlərinin hissləri ilə oynamaqdır. Bu ucuz təbliğat vasitəsidir. İmza toplayarkən bizim insanlar oradakı insanların necə səmimi, mehriban olduqlarını gördü. Açılan hər qapıda, hətta imza verməyən qapıda belə "xoş gəlmisiniz, gəlin çayımızı için" deyirdilər. Biz onların necə qonaqpərvər olduqlarını gördük. O cür insanları çirkin siyasi əməllərə qurban etmək olmaz. Seçici ilə ünsiyyətimiz bizi qane edəcək səviyyədədir. Təxminən 8-10 saat ərzində imza vərəqələri toplandı.
- Rəqiblərinizi tanıyırsınız?
- Yalnız Cavid Osmanovu tanıyıram. O da icra başçısının birinci müavinidir. Heç bir rəqibimi kiçiltmək istəmirəm, heç bir rəqibimə yuxarıdan aşağı baxmıram. Ancaq ortada görünən və qanunsuzluqlar edən Cavid Osmanovdur deyə onunla mətbuatda polimika aparırıq. Digər namizədlərə də hörmətlə yanaşırıq.
- Ağdaşa özünüz getmisiniz?
- Bəli.
- Nə zaman?
- 2 gün bundan əvvəl gəlmişəm Ağdaşdan.
- Yəqin yenə də gedəcəksiniz.
- May ayının 26-dan Ağdaşda olacam. Proseslərdə özüm iştirak edəcəm. Seçicilərlə görüşəcəm. Təbliğat materiallarımız da genişdir. 15 illik parlament dönəmindəki çıxışlarım, maarifləndirici və insanlara bilgiverici bukletlərimin paylanılması seçici ilə ünsiyyətimizi asanlaşdıracaq. Komandamız böyükdür. Böyük komandamız bu prosesdə çox ciddi şəkildə iştirak edəcək. Hakimiyyət özü də ən azı bir dairədə seçkinin keçirilməsi istiqamətində demokratikliyin təmin edilməsində maraqlı olmalıdır. Hakimiyyət bu məsələdə elə bir siyasət sərgiləməlidir ki, həm beynəlxalq təşkilatlar, həm də ölkə daxilində qınaq obyektinə tuş gəlməsin. Bir dairə kiməsə az görsənə bilər, ancaq bir dairənin effektində keçirilən seçki fərqli olur. Xatirimdədir, 2000-ci ilin parlament seçkilərində 11 dairədə seçkilərin nəticələri ləğv edilmişdi, biz onda Avropa Şurasına daxil olmaq ərəfəsində idik. O zaman Ştudmanın rəhbərliyi ilə faktaraşdırıcı missiya Azərbaycana gəlmişdi. 11 dairədəki seçkilərin nəticələrinə verilən müsbət rəy Azərbaycanın Avropa Şurasına daxil olması üçün ən böyük bazalardan biri oldu. Bu gün Azərbaycan həssas dönəmdədir. Bir dairədə də demokratik seçkinin keçirilməsi nəticə etibari ilə siyasi proseslərə təkan verə bilər. Bəziləri qalsa belə, siyasi dustaqların böyük bir qismi azad edildi. Amnistiya aktı verilib, bu aktdan sonra kifayət qədər insan azadlığa qovuşacaq. İqtisadi islahatlar sahəsində bəzi addımlar atılır. Bu seçki demokratik keçirilsə, Azərbaycanın xeyrinə olacaq, Azərbaycan hökuməti bu xeyiri qaçırmamalıdır.
- Qayda olaraq müxalif partiya sədrinin rayonlara səfəri icra hakimiyyətləri tərəfindən əngəllənirdi. Sizdə necədir?
- Situasiya fərqli olduğuna görə, bilavasitə müdaxilə etmirlər. Dolayısı təzyiqlər olur və ya öyrədilmiş adamlar. Bunlar bizi çəkindirmir. O insanlarla 5 dəqiqəlik söhbətdən sonra deyirlər, vallah bizlik də bir şey yoxdur. O fəlsəfənin tərəfdarı deyiləm, nə yazıq ki, belə insanlar var. O vaxt Səməd Vurğun yazırdı ki, "Ehtiyac qul edər qəhrəmanı da". İnsanların ehtiyacından, ağır durumundan istifadə edirlər. O tipli adamlara müraciət edirəm ki, heç olmasa insanların acı durumundan özünüzün faydanız, gəliriniz, çıxarınız üçün istifadə etməyin. Onlar da şəxsiyyətdir, o insanların da insan kimi yaşamaq haqqları var. Ora göndərəcəyin insan sənin sözünü dedikdən sonra ona yardım edəcəksənsə, əlini qoy vicdanına onu ora göndərmədən yardım et, balasına bir tikə çörək aparsın. Onun şəxsiyyətini aşağılayaraq, sındıraraq yardım etmək insanlığa yaraşmayan şeydir.
- Namizədliyinizi təkrar verməyiniz müxalif düşərgədə necə qarşılandı? Dəstək var?
- Normal. Hər halda dəstəklər var. Birbaşa partiya kimi mövqelərini ifadə edənlər də var. Yəqin ki, yaxın günlərdə mətbuatda çıxacaq. Ağdaşda müxalif düşərgənin çox böyük dəstəyi var. Onların dəstəyindən çox razıyam. Bütün Ağdaşda olan, müxalif təşkilatlarda olan insanlara təşəkkürümü bildirirəm. Hər halda mənim parlament fəaliyyətimin əhəmiyyəti, rolu olub bu dəstəyi qazanmağımda. Mən parlamentdə Ümid partiyasını təmsil etməmişəm, mən haqqı təmsil etmişəm. Haqqı tapdalananın yanında olmuşam, doğru bildiyim hər şeyi demişəm. Ona görə də, bu qədər dəstək verirlər. Dəstək verənlərə də, verməyənlərə də təşəkkürümü bildirirəm.
- Gender məsələləri üzrə müaviniz Həcər Abbaslı vəzifəsindən və partiyadan istefa verdi. Buna səbəb kimi 90 saylı Ağdaş seçki dairəsindən özünün namizədliyini verəcəyi təqdirdə, sizin namizədliyinizi vermənizi göstərib. Həcər Abbaslı 90 saylı Ağdaş seçki dairəsindən namizədliyini verəcəyini bildirmişdi.
- Həcər Abbaslı gəncdir, perspektivli idi. Bu cür düşünürdüm. Heç kimin gözləmədiyi halda dəstək verdim, müavin vəzifəsinə qədər qaldırdım. Düşüncəsi elədir. Qınamıram onu. Dediklərinə və etdiklərinə heç bir münasibətim yoxdur. Namizədliyini verib, ancaq imza vərəqələrini qaytarmadığı haqqında məlumatım var. Bütün həyat boyu ona uğur arzulayıram. O bilir ki, ona partiyada sədr-müavin münasibəti yox, övladım kimi yanaşmışam. Partiyamızdakı gənclərin hamısına valideyn qayğısına yaxın qayğı göstərməyə çalışmışam. Haqqı varsa halal etsin, mən haqqımı halal edirəm.
İqbal Ağazadəyə uğur diləyib, sağollaşırıq.
Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov
Ölkə.Az