Hakimiyyət vahimədə: Azərbaycanı sərt sanksiya gözləyir

27-05-2016, 11:53   
Hakimiyyət vahimədə: Azərbaycanı sərt sanksiya gözləyir
Hakimiyyət vahimədə: Azərbaycanı sərt sanksiya gözləyir“Maqnitski Aktı” yenidən gündəmdə

Zəlimxan Məmmədli: “Dövlətin rıçaqları vətəndaşlara azadlıq verməlidir”

Tahir Kərimli: “Sanksiyalar indiki halda real görünmür”

ABŞ-ın Respublikaçılar Partiyasından senator Con Makkeyn Azərbaycanda insan haqları və siyasi məhbus məsələsinə toxunub. Makkeyn insan haqlarına hörmət edilməyəcəyi təqdirdə, Azərbaycan rəhbərliyinə qarşı addımlar atılacağını bəyan edib.

Senator Azərbaycan hakimiyyətinə qarşı “Maqnitski Aktı”nın da tətbiq olunacağını istisna etməyib:

“Mən insan haqlarına hörmət qoymayan Azərbaycan hökumətinə qarşı addımlar atılmasının tərəfdarıyam. “Maqnitski Aktı” bir sıra hakimiyyətləri vahiməyə salıb. Əlbəttə ki, biz bu seçimi ciddi şəkildə nəzərdən keçirməliyik. Ümid edirəm ki, biz o mərhələyə çatmamış Azərbaycanda vəziyyət qaydasına düşəcək”. Con Makkeyn Azərbaycan hökumətinə mesaj da göndərib: “Azərbaycan hökumətinə mesajım budur ki, mən uzun müddət Azərbaycan hökumətinin dostu olmuşam. Mən onlardan çoxunu tanıyıram. Özüm orada olmuşam. Bu, düzgün hərəkət deyil. Onlar bütün xalqın imicini korlayırlar. Azərbaycanlılar yaxşı, gözəl insanlardır. Bu hərəkət onların imicinə ziyan vurur”.

Respublikaçıların post-Obama dövrü üçün planı

ABŞ-da keçiriləcək prezident seçkilərinə bir neçə ay qalmış ABŞ Konqresinin nüfuzlu senatının Azərbaycana qarşı sanksiyaların mümkünlüyünü dilə gətirməsini analitiklər təsadüf olmadığını deyirlər. Hesab olunur ki, bu post-Obama dövrü üçün hakimiyyətə gəlmək şansı yüksək qiymətləndirilən Respublikaçılar Partiyasının diqqət edəcəyi əsas məsələlərdən biri olacaq. Belə ki, partiyanın namizədi Donald Trampın növbəti ABŞ prezidenti olacağı istisna olunmur.

Nəticədə təbliğat işlərində əsas rəqibi, keçmiş Dövlət katibi Hillari Klintonla mübarizədə üstün görünən Trampın hakimiyyətə gəlməsilə Ağ Evlə Bakının münasibətləri pozula bilər. Buna səbəb kimi isə siyasi məhbus probleminin açıq qalması və insan haqları sahəsində demokratik islahatlar keçirməyə yaxın durmayan Azərbaycan hakimiyyətinə qarşı sanksiyaları nəzərdə tutan layihələrin Konqresdə ratifikasiya olunacağı göstərilir.

Makkeyn də vəziyyətə uyğun olaraq, Azərbaycanla bağlı qərar qəbul edəcəklərini istisna etmir. Ağ Evin qərarı məlumdur. Böyük ehtimalla bu “Maqnitski Aktı”, senatorlar - Kris Smit, Co Hek və Benjamin Kardinin layihələridir. Makkeyndən əvvəl də layihə müəllifləri, Azərbaycan hakimiyyətinin siyasi məhbusları azad etməyəcəyi halda sanksiyaları tətbiq etmək məcburiyyətində qalacaqlarını bildiriblər.

“Siyasi məhbus problemi Azərbaycana təhlükədir”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Cümhuriyət”ə sanksiyaların mümkünlüyünü istisna etməyib. Z.Məmmədli hesab edir ki, Qərbin sanksiya hədələrindən xilas olmaq üçün demokratik islahatlara gedilməlidir:

Hakimiyyət vahimədə: Azərbaycanı sərt sanksiya gözləyir

“Azərbaycan vaxtilə İslam-Türk dünyasında ilk demokratik cümhuriyyəti yaradan dövlət olub. Rəsulzadə Azərbaycanda demokratiyanın ənənələri qoyub. Bu gün də Rəsulzadə irsinə müraciət edib, demokratik islahatları davam etdirmək lazımdır. Zindan cinayətkarların yeridir. Siyasi baxışlarından xoşlanılmayan rəqibləri zindanlara doldurmaq doğru deyil, bu Azərbaycan təhlükəsizliyi üçün də təhdiddir. Dövlətin rıçaqları vətəndaşlara azadlıq verməlidir.

Hesab edirəm ki, bizə utanc gətirən addımların atılmasına imkan verməməliyik. Çünki bu kimi amillər kənar dövlətlərin Azərbaycanla diktə dilində danışmasına şərait yaradır. Biz istəmirik ki, ABŞ və Avropa bizi sanksiyalarla hədələsinlər. Azərbaycan hakimiyyəti siyasi baxışlarına görə, həbs olunan adamları azad etməlidir. Bundan sonra görərik, bizə nə deyirlər. Bizdən demokratik dünyanın tələblərinə uyğun sistem formalaşdırmaq tələb olunur. Siyasi məhbus olan yerdə demokratiya sual altına düşür.

Bu də bizim milli maraqlarımızı təhdid edir. Hakimiyyət demokratik islahatlara getməklə dünya güclərinin dəstəyini qazana bilər, bu halda da kənardan olan təhdidlər aradan qalxacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində də dəstək qazanmaq üçün demokratiyanın inkişafına yer verməliyik”.

“Hər şey mümkündür”

Millət vəkili Tahir Kərimli “Cümhuriyət”ə bildirib ki, ABŞ indiki vaxtda Azərbaycana qarşı sanksiya tətbiq edəcəyi inandırıcı görünmür. T.Kərimli qeyd edib ki, indiyədək bir neçə dəfə Amerika tərəfindən Azərbaycana qarşı bu cür fikirlər səsləndirilib və öz nəticəsini tapmayıb:

Hakimiyyət vahimədə: Azərbaycanı sərt sanksiya gözləyir

“Lakin belə hallarda dəqiq proqnoz vermək çətin olur. Çünki dünyada hər şey mümkündür. Ancaq indiki halda mənim üçün ABŞ-ın sanksiyalara üz tutacağı mümkün görünmür. Keçən il ABŞ Senatında Azərbaycanla bağlı qərar layihəsi hazırlandı, hətta müzakirələrə də yönəldildi. Amma bu indiki halda real görünmür. Vaxtilə Makkeyn birmənalı şəkildə Rusiyanın çökəcəyini deyirdi. Az vaxt verdi ki, Putin gedəcək. Amma onun istəkləri özünü doğrultmadı. Buna görə də hesab etmirəm ki, tezliklə sanksiyalar ABŞ-ın Azərbaycan dövlətinə qarşı prioritetlərindən birinə çevrilsin”.

Mənsur
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.