Mehman Əliyev: «Hakimiyyətdə kimsə yenidən Eldar Mahmudovun adını gündəmə gətirməkdə maraqlı ola bilər»
Keçmiş deputat Gülər Əhmədovanın hakim Yeni Azərbaycan Partiyasını (YAP) tənqid atəşinə tutması barədə xəbər vermişdik. Söylənilənlər gündəmin əsas mövzularından olaraq qalır.
Qeyd edək ki, Gülər Əhmədova siyasətə qayıtdığı və fəaliyyətini Müasir Müsavat Partiyasında davam etdirəcəyi barədə məlumatlara münasibət bildirərkən deyib ki, ən çətin anında bəzi partiyadaşları əllərindən gələn hər şeyi ediblər ki, onu əqidəsindən döndərsinlər. G.Əhmədovanın söylədikləri maraq doğurur. Özü də bu məsələnin indi gündəmə gətirilməsi bəzi suallar yaradır: “Zaman göstərdi ki, onlar səhv addım atdılar, ən çox dəstəyə ehtiyacım olduğu bir dövrdə məni meydanda tək buraxdılar. Bilmədikləri-bildikləri hər mövzuda danışdılar, hətta tənqidlə təhqiri də səhv salanlar oldu. Allahın bir görkü idi ki, Eldar Mahmudov olayına qarışanların içərisində YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri belə çıxdı. Məni bir anın içində az qala ”xalq düşməni” elan edənlər YAP-ın bu qədər yüksək çinli funksionerinin belə bir çetenin içərisində olduğundan qətiyyən “əsəbləşmədilər”, onun ünvanına güldən ağır bir kəlmə işlətmədilər. Bu məni də bir çoxları kimi təəccübləndirdi. Açığı, bunu müxtəlif cür yozanlar oldu. Gülər Əhmədova 8 yaşlı oğlunun ad günündə həbs olundu, bütün ailə üzvləri işdən çıxarıldı, kiçik oğlumdan başqa bütün ailə üzvləri şantaj olundu. Dövlət rəsmisinə qarşı şər atmadığım üçün başıma olmazın oyunlar gətirdilər”.
Deməli belə, G.Əhmədova ad çəkmədən hakimiyyət düşərgəsində müəyyən şəxsləri hədəf aldı. G.Əhmədovanın bu barədə məhz indi danışmasını təsadüfi saymayanlar az deyil. E.Mahmudovun və YAP-ın adının bir yerdə hallanması hakimiyyətdaxili proseslərin təzahüri kimi qiymətləndirilir.
“Turan ” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, G.Əhmədova bir qədər məsələləri qarışdırır. Çünki G.Əhmədova olayı ilə bağlı dövlət başçısının açıqlaması olmasa da MTN işi ilə bağlı olub: “Ümumiyyətlə Gülər Əhmədova azadlığa çıxmamalı idi. O da sual yaradır. Gülər Əhmədova belə vəziyyətdə danışmamalıdır. Çünki onun görüntüləri ortada idi, məhkəmənin necə keçdiyini hamı gördü”.
E.Mahmudovun adının bütün cinayyətlərdə hallanmasının bir dəbə keçdiyini deyən M.Əliyev vurğuladı ki, hətta Xədicə Ismayılın həbsində də onun adı halanmağa başlamışdı: “Ümumiyyətlə Eldar Mahmudovun həbsi də elə təəssürat yaradırdı ki, guya heç kimin heç nədən xəbəri olmayıb. Və bütün hər şeyi Eldar Mahmudov edib. Amma digər tərəfdən saray daxili ziddiyyətləri nəzərə almaq lazımdır. Həmişə saraydaxili ziddiyyətlər olub. Ona görə də hakimiyyətdə kimsə yenidən Eldar Mahmudovun adını gündəmə gətirməkdə maraqlı ola bilər”.
Hikmət