Xızı rayonunda faciəli ölüm hadisəsi baş verib.
ANS PRESS məlumatına görə, Magistral Qaz Kəmərləri Sahələrinin “Qaz İxrac” idarəsinin işçisi Ağayev Elnur Fətullah oğlu Xızı rayonunda yüksək təzyiqli qaz xəttini çəkərkən faciəli şəkildə ölüb.
Belə ki, E.Ağayev qaz xəttinin üzərində təmir işləri apardığı zaman qaz xəttinin filtri yerindən çıxaraq zərblə onun üzünə dəyib. E.Ağayev hadisə yerində keçinib.
Mərhumun qardaşı Ramil Ağayevin verdiyi məlumata görə, E.Ağayev 10 ildir ki, Siyəzən rayonu “Qaz İxrac” İdarəsində elektrik kimi çalışıb. 2 ay bundan əvvəl isə o, çilingər kimi çalışmağa başlayıb.
Virtualaz.org xatırladır ki, “Qaz İxrac” İdarəsi Əməliyyat şirkətləri, “Şahdəniz”, AÇG və ARDNŞ - ə məxsus yataqlardan hasil olunan qazın qəbulu, respublika ərazisində magistral kəmərlər vasitəsilə nəqli, ARDNŞ - ə məxsus qaz həcmlərinin daxili və xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrin yerinə yetirilməsi, dünyanın yanacaq - energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın nəql olunması, ixrac marşrutlarının diversifikasiyası və tədarükü coğrafiyasının genişləndirilməsini həyata keçirir.