Mehman Əliyev: «Beynəlxalq qurumlar islahatların keçirilməsini gözləyir, əks halda Azərbaycana qarşı hərtərəfli təzyiqlər olacaq»
Dövlət başçısı Ilham Əliyevin Almaniyaya səfəri başa çatdı. Gözlənildiyi kimi, Almaniyaya səfər zamanı insan hüquqları, demokratiya məsələləri qabardılıb. Almaniyanın dünyaca məşhur “Der Spiegel” jurnalında Əliyevin Almaniya səfəri barədə məqalədə deyilir ki, Azərbaycan dünyanın ən çox korrupsiyaya qurşanmış ölkələrindən biridir. Qeyd olunur ki, beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan prezidentini seçkiləri saxtalaşdırmaqda, azad mətbuatı boğmaqda və işgəncələrdə günahlandırır.
“Der Spiegel” xatırladır ki, Ilham Əliyev klanının adı bu yaxınlarda üzə çıxarılan Panama sənədlərində də geniş yer tutur.
“Der Spiegel” hələ səfərdən öncə yazırdı ki, Ilham Əliyevə Berlində demokratiya və qanunun aliliyi barədə suallar veriləcəyi gözlənilir.
Digər nüfuzlu nəşr olan “Deutsche Welle” yazır ki, Ilham Əliyev Berlində səfərdə olarkən iqtisadi forumda iştirak edib. Daha sonra Almaniyanın federal kansleri Merkellə görüşüb: “Forum Almaniyanın iqtisadiyyat və energetika nazirliyinin binasında keçirilib. Həmin binanın qarşısında etiraz aksiyası təşkil olunub. Aksiyada qaldırılan plakatlardan birində Ilham Əliyev ”diktator” adlandırılıb.
Maraqlıdır ki, I.Əliyevin Almaniya səfəri zamanı Avropa Parlamenti Azərbaycana qarşı sanksiya tətbiq etməni və ölkəmizin qurumda səsvermə hüququnun dayandırılmasını gündəmə gətirib.
Millət vəkili Zahid Oruc bu məsələyə münasibət bildirərkən vurğulayıb ki, dövlətləri dəyənəklə və qamçı ilə döymək olmaz və Qərb Azərbaycanla normal dialoq dilini tapmalıdır.
Bir məqamı xatırlatmaq yerinə düşər ki, I.Əliyev Almaniyaya səfəri ərəfəsində Bakıda Avropa Parlamentinin nümayəndə heyətiylə görüşmüşdü. Görüş zamanı dövlət başçısı vurğulamışdı ki, Azərbaycanla təşkilat arasında münasibətlər sıfır səviyyəsindədir. Və münasibətlərin gələcək inkişafı Azərbaycana qarşı qurumun səsləndirdiyi tənqidlər bitməyincə mümkün deyil.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Almaniyaya səfər zamanı tərəflər arasında geniş fikir mübadiləsi aparılıb. M.Əliyevin fikrincə, Azərbaycandan ondan tələb olunan demokratik islahatların aparılması istənilir: “Azərbaycanın atmalı olduğu addımların müqabilində nələrin olacağı hələ bilinmir. Amma o məlumdur ki, Almaniyanın Azərbaycan iqtisadiyyatında iştirakı islahatlardan keçir. Yaxın zamanlarda Azərbaycan tərəfinin hərəkətlərindən hiss olunacaq ki, konkret olaraq hansı yol seçilib”.
Daha bir müzakirə predmetinin Qarabağla bağlı olduğunu deyən N.Əliyev bildirdi ki, Almaniyanın danışıqlar prosesinə verə biləcəyi töhfə müzakirə olunur.
Avropa Parlamenti ilə münasibətlərə gəlincə, N.Əliyev bildirdi ki, insan haqları və islahatlar məsələsində Avropa Parlamenti, Qərb kompromisə gedən deyil: “Bu məsələdə vahid bir mövqe var. Dövlətlərin, beynəlxalq insan haqları təşkilatlarının və beynəlxalq maliyyə qurumlarının Azərbaycanla bağlı vahid mövqeyi var. Beynəlxalq qurumlar Azərbaycandan islahatların keçirilməsini gözləyirlər. Əks halda Azərbaycana qarşı hərtərəfli təzyiqlər olacaq və problemlər yaranacaq”.
Xəya