Gültəkin Hacıbəyli: «Merkelin «Qarabağ probleminin açarı Rusiyanın əlindədir» deməsi, Əliyevin Rusiyayönümlü bəyanatına cavab idi»
Almaniyada səfəri zamanı I.Əliyevin və Merkelin açıqlamaları zamanı Rusiyanın adını hallandırması xüsusi maraq doğurur. I.ƏliyevÿAlmaniya ilə Azərbaycan arasında aktiv siyasi dialoqun mövcud olduğunu deyib.
O bildirib ki, Merkellə görüşdə enerji təhlükəsizliyi məsələsi də müzakirə olunub. “Rusiya Azərbaycanla qonşu, dost ölkədir. Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur. Rusiyanı strateji tərəfdaş hesab edirik.ÿRusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur”- deyən ƏliyevÿRusiyanınÿATƏT-in Minsk qrupunda rolunu pozitiv qiymətləndirib.
Merkel də Qarabağ münaqişəsinin həllində Rusiya amilinə toxunub. “Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk qrupu olaraq Rusiya hökumətini, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”,- A.Merkel deyib.
Rusiyanın adının I.Əliyevin Almaniyaya səfəri zamanı hallanması nəyin təzahürüdür. Əliyevin bu reveranslarının arxasında nə dayanır?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycan hakimiyyəti uzun müddət Qərbi Qarabağ məsələsinə ədalətsiz yanaşmada ittiham edib. G.Hacıbəylinin sözlərinə görə, Azərbaycanda insan haqları ilə bağlı istənilən tənqidi fikir səsləndirilən zaman hakimiyyətin əks arqumenti o olur ki, Qərb niyə bir milyon qaçqının probleminə biganə yanaşır: “Bundan sonra Qərb siyasətinə ciddi korrektələr etdi. Son illər ərzində Almaniya Bundestaqında, Avropa Parlamentində və digər mötəbər qurumlarda insan hüquqlarına dair qəbul olunan bütün sənədlərdə mütləq bir neçə bənd Azərbaycan ərazilərinin işğalının pislənməsinə, Ermənistanın işğalçı adlandırılmasına həsr olunur. Bu sahədə Almaniya Bundestaqı daha irəli gedib. Bundestaqın qəbul etdiyi son qətnamədə nəinki Ermənistan işğalçı dövlət kimi tanınıb, nəinki BMT TŞ-nin dörd qətnaməsinin icrası tələb edilib, hətta Ermənistandan didərgin salınmış 200 min azərbaycanlının faciəsi işıqlandırılıb. Yəni bütün bunlar Azərbaycan hakimiyyətinin bəhanələrini kəsməyə, Qərbin demokratiya və insan hüquqları ilə bağlı tələblərinə qarşı Qarabağ kartından istifadə etməməsi məqsədilə edilib. Bu, Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinə dəstək verən, beynəlxalq hüququn prinsiplərindən çıxış edən yanaşmadır. Amma bunun müqabilində biz nəyi müşahidə etdik. Bundan sonra Azərbaycan Qərbin haqlı tələblərini yerinə yetirdimi, siyasi məhbus problemi həllini tapdımı? Xeyr. Biz əks prosesləri gördük. Vəziyyət daha da gərginləşdi. Xüsusilə 2013 və 2014-cü illərdə siyasi məhbus probleminin pisləşməsini gördük”.
G.Hacıbəyli vurğuladı ki, bütün bunlara baxmayaraq Azərbaycan hakimiyyəti Ermənistanı işğalçı adlandıran, işğal altında olan ərazilərdən çəkilməsini tələb edən Qərbi dünyada baş verən bütün günahlarda ittiham edir. G.Hacıbəyli vurğuladı ki, Azərbaycan hakimiyyəti ərazilərimizin işğalında Ermənistana yardım etmiş, işğal faktının davam etməsində Ermənistanın arxasında duran Rusiyaya qucaq açır: “Təbii ki, belə olan halda Qərbin də bu istiqamətdə yanaşmasında xoşagəlməz korrektələri görməliydik. Almaniya səfəri zamanı Ilham Əliyevin Rusiya ilə bağlı çox xoş, səmimi sözlərinə Merkelin cavabı adekvat idi. Əgər bu gün Azərbaycan Rusiyaya olan sevgisini beynəlxalq səviyyədə bu cür vəsf edirsə, bəzi məqamları da nəzərə almaq lazımdır. Aprel ayında Azərbaycan öz ərazilərini işğaldan azad etmək istiqamətində genişmiqyaslı hücuma keçmişdi və əhəmiyyətli dərəcədə irələmişdi. Amma bunun qarşılığında nə baş verdi. Rusiya Azərbaycana təzyiq etdi və Azərbaycan ordusu geri çəkildi. Nəticədə Ermənistan Azərbaycanın azad etdiyi ərazilərin böyük hissəsini geri qaytardı və Azərbaycan yalnız bir neçə yüksəkliyi əlində saxladı. Biz qəhrəman əsgər və zabitlərimizin canı, qanı bahasına daha irəli getmişdik. Rusiya Azərbaycanın Qarabağ zəfərinin qarşısını aldı. Çünki konflikti Rusiya yaradıb və ona görə yaratmayıb ki, münaqişəyə bir gün son qoyulsun. Rusiya konflikti daha da dərinləşdirməyə çalışır”.
G.Hacıbəyli hesab edir ki, əgər Azərbaycan ərazilərinin işğalına faktiki yardım etmiş Rusiya ilə mehriban dostluq münasibətindən, bu ölkənin hakimiyyətinə olan sevgisindən danışırsa, belə olan halda Qərbin başqa seçimi qalmır. “Düşünürəm ki, Merkelin ”Qarabağ probleminin açarı Rusiyanın əlindədir” deməsi də, Əliyevin bu cür yanaşmasına cavab idi. Əgər Qarabağın açarı Rusiyanın əlindədirsə və Rusiya da Azərbaycan hakimiyyətinin dostu-qardaşıdırsa, belə olan halda Bakının Qərbdən ədalət ummasının anlamı nədir? Bu baxımdan Merkelin cavabı və yanaşması kifayət qədər praqmatik yanaşma idi. Bu gün əraziləri işğal altında olan Gürcüstana münasibətdə Qərbin yanaşması tam fərqlidir. Çünki Gürcüstan ərazilərini Rusiyanın işğal etdiyini açıq deyir”, deyə G.Hacıbəyli vurğuladı.