Əli İnsanovdan özü haqda qərara sərt münasibət
Keçmiş səhiyyə naziri Əli İnsanovun Ali Məhkəməyə keçən ilin mayında təqdim olunmuş kassasiya şikayətinə nəhayət ki, bu gün baxılıb.
Hakim İnqilab Nəsirovun sədrliyilə keçirilən məhkəmə prosesində keçmiş nazirin vəkilləri Ağaveyis Şahverdi və Toğrul Babayev iştirak ediblər.
Müdafiəçilər kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini istəyiblər. Həmçinin yada salınıb ki, Avropa Məhkəməsi də öz qərarında Əli İnsanovun işində ədalətli məhkəmə araşdırması prinsipinin pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökuməti cərimələnib.
Lakin Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.
Əli İnsanov Ali Məhkəmənin qərarına belə münasibət bildirib:
“Heç bir məntiqə sığmayan, qanuna uyğun gəlməyən bu açıq–aşkar siyasi qərar Azərbaycanda məhkəmə sistemini qanundan kənarda qoyur. Hakimiyyət özünün imzaladığı beynəlxalq sənədləri və götürdüyü öhdəlikləri inadkarlıqla inkar etməklə Azərbaycana dünyada etibarsız tərəfdaş imici formalaşdırır. Mən hər zaman olduğu kimi, rahat və nikbinəm. Heç bir siyasi, hüquqi və fiziki təhdid məni mübarizədən çəkindirə bilməz. Ali Məhkəmənin bugünkü qərarını əldə edən kimi Avropa Məhkəməsinə təkrar şikayət verəcəm“.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan ona qarşı vəzifə səlahiyyətlərindən sui–istifadə etmə, mənimsəmə və s. ittihamlar irəli sürülüb. Dövlət çevrilişinə cəhdlə bağlı cinayət işinin aqibəti isə naməlum qaldı.
Əli İnsanov digər ittihamlarla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2013-cü ildə keçmiş nazirin şikayəti əsasında qərar çıxarıb. Qərarda göstərilib ki, Azərbaycan məhkəmələrində keçmiş nazirin işinə baxılarkən Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi pozulub. Avropa Məhkəməsi həmçinin Əli İnsanovun müalicəsinə normal şərait yaradılmamasını Konvensiyanın 3-cü (işgəncəyə, qeyri–insani rəftara məruz qalmamaq hüququ) maddəsinin pozuntusu kimi qiymətləndirib. Bu hüquq pozuntularına görə, Azərbaycan hökumətinin üzərinə Əli İnsanova 12 min avro kompensasiya ödəmək öhdəliyi qoyub.
Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin bu qərarı əsasında Əli İnsanovun işinə yenidən baxıb. Keçmiş nazir barədə hökmün qüvvədə saxlanılmasına dair apellyasiya və kassasiya instansiyalarının qərarları ləğv olunub. İş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Amma bu qurum yenə də Əli İnsanov barədə əvvəlki hökmü qüvvədə saxlayıb. Ali Məhkəməyə həmin qərardan şikayət verilmişdi.
Əli İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.