Hökumətin növbəti düşük təbliğatı

13-06-2016, 09:16   

ABŞ-ı söyənlərin, Obamanın məktubu ilə öyünməkliyi

Hakimiyyətin ziddiyyətli, qeyri-ciddi, özünüifşa xarakterli təbliğatı onu göstərir ki, yapışmaq üçün sağlam budaq, öyünmək üçün uğur göstəricisi yoxdur. Bir məqamı diqqətinizə çatdıracağıq və hökumətin nə qədər cılız təbliğat üzərində çabaladığını aydın görəcəksiz. Belə ki, “Newtimes.az” saytında “Qərbin mesajları: Azərbaycanla strateji tərəfdaşlığa doğru” başlıqlı məqalə dərc olunub. Hökumətin bir nömrəli sözçülərindən olan “Azərbaycan” qəzeti də bu palaz boyda məqaləni öz səhifəsində tirajlayıb.

Məqalədə sübut etməyə, inandırmağa çalışıblar ki, ABŞ və Böyük Britaniya Azərbaycanla əməkdaşlıqdan, Ilham Əliyevlə dostluqdan məst olub, onun apardığı uğurlu siyasətə heyran qalıblar. Bunun təsdiqi kimi də ABŞ prezidenti Barak Obamanın və Böyük Britaniyanın baş naziri Devid Kameronun Ilham Əliyevə ünvanladığı məktublara istinad ediblər. Həmin məktublarda Azərbaycanın enerji təhcizatında oynadığı roldan, regionda mühüm tərəfdaş olmasından, təhlükəsizlik məsələlərindəki töhfəsindən söhbət açılır. Daha dəqiq desək məktubda yazılanlar kontekstdən çıxarılıb, yalnız qeyri-siyasi məqamlar önə gətirilib. Yəni, Azərbaycan hakimiyyətindən israrla tələb edilən demokratiya, insan haqları məsələləri göz ardına vurulub.


Amma təbliğatın tragikomik tərəfi bunda ifadə olunur ki, dünənə qədər ABŞ-ı, Avropanı söyənlər, indi Obamanın, Kameronun məktubundan özlərinə təbliğat qurur, təsəlli tapırlar. Bir müddət əvvəl “Obamanın iki üzü” başlıqlı məqalə dərc edən qəzet, indi Obamanın xoş sözlərini etalon kimi təqdim edir, bunu böyük uğur kimi qiymətləndirir. Hətta məqalədə Con Kerrinin Azərbaycanla bağlı müsbət fikirlərindən də sitat gətirilib. Hansıki, bir müddət əvvəl rəsmi təbliğat Con Kerrinin kabinetində anti-Azərbaycan layihəsinin hazırlandığını sübut etməyə çalışırdı.

Bəli, Avropanı,ABŞ-ı gecə-gündüz söyüş atəşinə tutan zehniyyət, bu məqalədə dünya liderlərini “müdrik ağsaqqal”, “mötəbər şəxsiyyət” kimi gözə soxurlar.

Əlbəttə hökumət başa düşür ki, Avropanı, ABŞ-ı söyməklə nəticə əldə etmək mümkün deyil. Eyni zamanda dərk edirlər ki, ölkə daxilində anti-Qərb təbliğatının aparılması xarici siyasətin iflasa uğradığını və hakimiyyətin bütün dünyadan təcrid olunduğunu yəqinləşdirir. Ona görə son dövrlər bu tipli “analiz”lər aparmaqla, cəmiyyətə “dünya bizi dəstəkləyir” mesajı vermək istəyirlər.

Amma bu formada təbliğat qurulması hakimiyyəti yenə də ciddi sual qarşısında qoyur. Əgər ABŞ, Avropa liderlərinin fikirləri sizin üçün belə önəmlidirsə, onların münasibətini ölçü hesab edirsizisə, onlardan gələn tənqidləri niyə süngü ilə qarşılayırsız? ABŞ, Avropa hökumətləri Azərbaycandakı repressiyalardan, korrupsiyadan, seçki saxtakarlığından danışanda “ermənipərəst”, “qərəzli”, “ikilistandartlar dəstəsi” kimi təqdim edilir. Amma “Azərbaycan mühüm enerji tərəfdaşıdır” deyəndə mötəbərləşirlər. Barak Obama Azərbaycan kimi avtoritar ölkələrin demokratiyaya təhlükə olduğunu söyləyəndə bütün hakimiyyət komandası ABŞ-ı terroçuluqda, müstəqilliyimizi təhdid etməkdə suçlayırdı. Indi isə Barak Obamanın məktubundakı 1-2 xoş sözdən sevincək olublar.

ABŞ Konqresnidə Azərbaycanla bağlı 2 qətnamə müzakirəyə çıxarılıb, Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiq edilməsi gündəmə gəlib. Hətta Azərbaycan hökuməti o qədər başını itirdi ki, Milli Məclisdə ABŞ-a qarşı sanksiya tətbiq etmək qərarına gəldilər. Yaxud, Almaniya Bundestaqı, Avropa Parlamenti Azərbaycan hakimiyyətinin qanunsuz addımlarını, anti-demokratik mahiyyətini özündə əks etdirən qətnamə qəbul etdi. Əgər bu qurumlar, bu liderlər sizin üçün dəyərlidirsə, onların tənqidlərinə niyə adekvat reaksiya verilmir? Bugünlərdə Ingiltərədə mühüm qərar qəbul edildi. Devid Kameron şəxsən bildir ki, çirkli pullarla Londonda biznes qurmuş, malikanələr almış adamlar cəzalandırılacaq və Londonda çirkli pulların yaratdığı dəbdəbəyə yer olmayacaq. Bu fikirlər birbaşa Azərbaycan hakimiyyətini təhdid edir. Çünki, Londonda çirkli pullarla dəbdəbə quran, ofşorlarda milyardlar saxlayan bizim hökumətin nümayəndələridir.

Demək istəyirik ki, bugün Obamanın və Kameronun məktubundan xoşbəxt olanlar, bu ölkələrdən gələn əsas tələblərin də haqlı olduğunu qəbul etməlidilər və çirkin əməllərindən əl çəkməlidlər.

Istənilən halda ABŞ-ı, Avropanı düşmən kimi təqdim edib, sonra Obamanın, Kameronun məktubları ilə təsəlli tapmaq ikrah doğurur. Hakimiyytin nə qədər riyakar, qeyri-səmimi olduğunu göstərir.

Bir sözlə, “bizim öz yolumuz var” deyənlər, Barak Obamanın, Devid Kameronun gəldiyi yola “xalça” salmaqla məşğuldular. Və aydın görünür ki, bu hakimiyyət ABŞ-ın, Avropanın kağız parçasına yazdığı məktuba da möhtacdı. Beynəlxalq aləmdə o qədər nüfuz itiriblər ki, hansısa Qərb liderinin bir kəlməlik xoş sözünə təşnədilər. Yəni, “kəsəcəyik” dedikləri budaqdan bərk-bərk yapışıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.