Qarabağın taleyində daha bir kritik gün - nəzərlər 5-ci dəfə Piterdə!

20-06-2016, 11:52   

Vyana anlaşmasının davamı - hərbə, yoxsa sülhə doğru?; Rusiyanın şimal paytaxtında prezidentlərin bu gün başlayan görüşü ən əvvəl müharibə məsələsinə aydınlıq gətirməlidir; görüş öncəsi Azərbaycanın hərbi təlimlərə start verməsi təkcə işğalçıya güc nümayişi və xəbərdarlıq mesajı deyil; qərbli ekspert: “Bu dəfə müharibəni dayandırmaq mümkün olmayacaq...”
Bu gün - iyunun 20-də Sankt-Peterburq şəhərində Rusiyanın təşəbbüsü ilə prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyan arasında iki və üçtərəfli formatda görüşlər olacaq. Rusiya dövlət başçısı öncə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşəcək, sonra isə üçtərəfli formatda danışıqlar olacaq. Əsas müzakirə mövzusu Dağlıq Qarabağdır.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Moskva münaqişənin həllində tərəflərə kömək etməkdən ötrü aktiv addımlar atacaq. Bu xüsusda o, aprel ayında təmas xəttində döyüş əməliyyatlarının dayandırılmasında Rusiyanın həlledici rol oynadığını xatırladıb. “İndi biz, təbii ki, ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri ilə birgə və 2009-cu ildən 2013-cü ilədək dövrdə Rusiya, ABŞ və Fransa prezidentlərinin bəyanatlarında əksini tapmış prinsiplər əsasında öz vasitəçilik missiyamızı davam etdirməyə hazırıq” - Putinin köməkçisi bildirib. Onun sözlərinə görə, Rusiya belə bir mövqedən çıxış edir ki, münaqişə tərəfləri 1994-cü ildə əldə olunmuş atəşkəsə ciddi şəkildə əməl eləməlidir.

***

Kreml rəsmisinin açıqlamasına rəğmən, bir sıra analitiklər prezidentlərin sayca 5-ci olacaq (2007, 2008, 2009, 2010) bugünkü Peterburq görüşünü sırf Moskvanın əlahiddə təşəbbüsü kimi qiymətləndirir və problemin həllində onun konkret irəliləyişə nail olmaq istəyindən daha çox, “güc nümayişi” kimi dəyərləndirirlər. ATƏT rəsmisinin bu görüşün quruma heç bir aidiyyətinin olmaması, onun təşkilində təşkilatın hər hansı rol oynamaması haqda verdiyi açıqlama sonuncu qənaəti möhkəmlədib.

Doğrudur, amerikalı vasitəçi Ceyms Uorlik Sankt-Peterburq danışıqlarına qatılacağını bildirib, ancaq təxminlər güclüdür ki, budəfəki görüşlər 16 may Vyana görüşünün və onun çərçivəsində əldə olunmuş ilkin anlaşmaların davamı olmaya da bilər. Söhbət ilk növbədə təmas xəttində nəzarət mexanizmlərini gücləndirməklə bağlı irəli sürülən təkliflərdən gedir. Belə görünür ki, Rusiya sırf özünün atəşkəsə nəzarət mexanizmini təklif edə bilər.

Ümumiyyətlə, Peterburq danışıqları ilə ilgili proqnoz və gözləntilər yetərincə ehtiyatlı xarakter daşıyır və çox da nikbin deyil. Məsələn, politoloq Rasim Musabəyova görə, bu görüşün əsas yekunu o ola bilər ki, konfliktə cəlb olunmuş iki ölkə - Azərbaycan və Ermənistan üçün bir məsələ aydınlaşacaq: bu iki ölkəni nə gözləyir - hərb, yoxsa sülh?

“Hərçənd, hamı bəyan edir ki, hərbi yol qəbuledilməzdir və sülh yolları aramaq lazımdır, bununla belə, sülh üçün hələ də heç bir praktik addım atılmayıb. Reallıq ondan ibarətdir ki, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması vaxtı bitib. Və indi Ermənistan bunu anlayaraq, ya əraziləri boşaltmaqla bağlı öhdəlik götürür, ya da o, müharibə variantını seçməklə Azərbaycan ərazilərində ikinci erməni dövləti qurmaq üçün cəhdləri davam etdirir. Yada salım ki, Vyanadakı görüşə rəğmən, nə Azərbaycan, nə də Ermənistan öz hərbi texnikasını təmas xəttindən geri çəkməyib. Vəziyyət kifayət qədər kövrəkdir” - politoloq vurğulayıb.



***

Bəs Moskva münaqişə tərəflərinin üzərinə müharibə etməmək öhdəliyi qoya bilərmi? Suala cavab verməkdən öncə qeyd edək ki, Sankt-Peterburq görüşü ərəfəsində bəlli olub ki, ABŞ-ın təklifi ilə Vyana görüşündə qəbul edilən münaqişə zonasında hadisələrin araşdırma mexanizmlərinin quraşdırılması təxirə salınıb. Buna səbəb kimi isə belə mexanizmlərin qurulması üçün vasitəçilərdə lazımi maliyyə vasitəsinin olmaması göstərilir. Vəsait isə böyük həcmdə tələb olunur. Bu barədə erməni nəşrlərindən biri yazıb.



“Buraya xüsusi mexanizmin quraşdırılması və daimi nəzarət daxildir. Artıq hakimiyyətdə də qəbul ediblər ki, mexanizmlər bu il quraşdırılmayacaq. Güman ki, maliyyə məsələsinin həlli də uzun zaman alacaq. Prezidentlərin iyunun 20-də Sankt-Peterbuqrda keçiriləcək görüşündə də yəqin ki, bu məsələ ümumiyyətlə, müzakirə olunmayacaq” - mənbə vurğulayıb.



Yeri gəlmişkən, Azərbaycanla yanaşı, Rusiya da bu ideyaya qarşıdır. Çünki onun qəbul edilməsi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün müharibə etmək hüququnu əlindən alır. Atəşkəsə nəzarət mexanizminin quraşdırılması, müşahidə missiyası əməkdaşlarının sayının artması isə ABŞ-ın münaqişədə təşəbbüsü ələ alması ilə nəticələnə bilər ki, bu da Rusiyanın maraqlarına uyğun deyil.

Məlumatlara görə, Rusiya görüşə 2011-ci ildə qəbul olunmuş “Kazan formulu” ilə gəlir. Bu da ilkin mərhələdə Qarabağ ətrafı rayonlardan 5, yaxud 6-sının qaytarılmasını nəzərdə tutur...

***



Bu arada Qarabağ münaqişəsi üzrə nüfuzlu beynəlxalq ekspert, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal konflikt ətrafındakı vəziyyətə dair maraqlı proqnozlarla çıxış edib (Virtualaz.org). Müəllifə görə, aprel döyüşləri Dağlıq Qarabağ ətrafında yeni təhlükəsizlik boşluğunu üzə çıxarıb. Onun fikrincə, ABŞ, Rusiya və Fransa Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü təşkil eləməklə bu boşluğu doldurmağa çalışıb. Həmin görüşdə razılaşdırılıb ki, tərəflər atəşkəsin monitorinqinin möhkəmləndirilməsinə dair təklifləri qəbul edir və münaqişənin nizamlanması üçün danışıqlara başlayırlar.

Müəllifə görə, danışıqların növbəti raundu haqda razılaşma əldə olunsa da yeni toqquşmaların alovlanması riski yüksək olaraq qalır. Tomas de Vaal yazır ki, 2015-ci ilin sonlarında müdafiə naziri Zakir Həsənov 2016-ci ildə Qarabağ torpaqlarının işğalçıların ayaqları altında od tutub yanacağı haqda xəbərdarlıq edib.

Ekspert aprel döyüşlərindən sonra münaqişənin gələcəyinin necə olacağını proqnozlaşdırmağın çətin olduğunu söyləyib: “Ya yeni siyasi proses başlayıb nəticələr verəcək, ya böyük müharibə olacaq”. Onun fikrincə, regionda emosiyalar olduqca yüksəkdir və atəşkəs rejimi çox kövrəkdir. “Bir məsələ aydındır ki, müharibənin yeni mərhələsini dayandırmaq əvvəlki toqquşmalar kimi mümkün olmayacaq. Ehtimal ki, bu müharibə daha geniş coğrafiyanı əhatə edəcək, daha dağıdıcı silahlar işə düşəcək, daha çox qan axacaq” - Tomas de Vaal xəbərdarlıq edib. Onun əminliyinə görə, təhlükəsizlik boşluğunu ancaq münaqişənin həllinə aparan uzunmüddətli beynəlxalq təkanla doldurmaq olar.

***



Maraqlıdır ki, Peterburq görüşünə bir gün qalmış Azərbaycan cəbhə boyu bölgədə və Naxçıvanda 25 min hərbi qulluqçunun, yüzlərlə zirehli texnika və artilleriya qursunun cəlb olunduğu geniş miqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlər 2016-cı ilin planına uyğun olsa da, bir çox siyasi təhlilçilər bunu əsla təsadüfi saymır və haqlı olaraq, qarşıdakı görüş ərəfəsi işğalçıya psixoloji təzyiq, xəbərdarlıq kimi dəyərləndirirlər.

Əslində Bakının xəbərdarlığı təkcə işğalçıya deyil, həm də işğalçı Ermənistanı ədalətli sülhə kökləməyə tələsmək istəməyən vasitəçi dövlətlərə ünvanlıdır. Ötən həftəsonu QMİ-dəki iftar süfrəsinə qatılan prezident İlham Əliyev bunu bir daha aydın şəkildə diqqətə çatdırıb. Ölkə başçısı deyib ki, münaqişənin qısa zamanda həlli ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb. “Vasitəçilər də başa düşməlidirlər ki, bu münaqişə dondurulmuş deyil. Aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək” - ölkə başçısı vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.