“ABŞ Suriyanı Qarabağa dəyişdirmək istəyir” - Putinin yaxın adamından sensasion iddia

15-07-2016, 08:56   
“ABŞ Suriyanı Qarabağa dəyişdirmək istəyir” - Putinin yaxın adamından sensasion iddia
“ABŞ Suriyanı Qarabağa dəyişdirmək istəyir” - Putinin yaxın adamından sensasion iddia
4 günlük müharibə ilə bağlı yeni versiya; Postsovet məkanındakı münaqişələr iki güc mərkəzinin maraq mübarizəsində “nifaq alması”na çevrilir; aprel savaşlarını ABŞ-ın qızışdırdığını deyən rusiyalı siyasi analitik: “Bu hadisələrə bir neçə ay qalmış Bakının mehmanxanalarında amerikalı hərbi təlimatçılardan ibarət qruplar yerləşdirlib”; “Stratfor”: “Rusiya münaqişənin həllini istəmir...”
Aprel döyüşlərindən sonra Qarabağla bağlı siyasi-diplomatik fəallıq artsa da hələ ki, ortada optimist bəyanatlardan savayı heç nə yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrovun Baklı səfəri də aparılan danışıqlara konkretlik gətirmədi. Hər halda, Rusiya XİN rəhbəri və bu ölkənin ciddi politoloqlarının səsləndirdikləri olduqca nikbin açıqlamalara rəğmən, “yük” yerində qalır.

Problemin həlli isə sözsüz ki, ən çox Moskvadan asılıdır. Bunu ATƏT-in Minsk Qrupunun digər iki həmsədr dövləti - ABŞ və Fransa, habelə ATƏT sədri Almaniya da etiraf edir. Di gəl ki, Moskva böyük imkan və şansın yaratdığı məsuliyyətə uyğun davranmır, ona bəslənən ümidlərə barmaqarası baxır, obrazlı desək, “sabun bişirmək” istəmir - hərçənd özünü elə aparır ki, münaqişənin nizama salınmasında ən çox elə o maraqlıdır.
Rəsmi Kremlin belə davranışı sözsüz ki, həm də Qarabağ münaqişənin varlığının şimal qonşumuzdan ötrü böyük önəm daşıması və bölgədə, eləcə də konfliktdə Rusiya-ABŞ maraqlarının toqquşması ilə bağlıdır. Odur ki, Kreml tələsmir, yaxud olduqca ehtiyatlı taktika ilə hərəkət edir.

* * *

Yeri gəlmişkən, srağagün ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi öz məqaləsində Moskvanın əraziləri boşaltmaq üçün Ermənistana təzyiq eləmək həvəsində olmadığını, deməli, konfliktin çözümünə xüsusi maraq göstərmədiyini yazmışdı. Dünən isə ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan nüfuzlu “Stratfor” araşdırma şirkəti Qarabağa məsələsi ətrafında son durumla bağlı hesabatda Kremlin konfliktin həllində maraqlı olmadığını qeyd edib (Report).



“Qarabağ münaqişəsi ilə bağlı danışıqlar status-kvoda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmalıdır. Bu münaqişənin həlli sözdən çox əməli iş tələb edir” - “Stratfor” yazır. Analitik mərkəz aprel hadisələrini xatırladır və o vaxtdan bəri döyüşlərin səngidiyini, amma diplomatik fəallığın yüksəldiyini, münaqişənin beynəlxalq ictimaiyyətin diqqətini çəkdiyini bildirir.

Hesabatda həmçinin, S. Lavrovun bu günlərdə Bakıya etdiyi səfər də xatırladılır. Xüsusi diqqət Lavrovun “danışıqlar heç vaxt olmadığı qədər uğura yaxındır” fikrinə yönəldilir. Eyni zamanda “Stratfor” bu məsələdə hansısa detalın diqqətə çatdırılmadığını qeyd edir.
“Stratfor”un hesabatında ardınca vurğulanır ki, Rusiya bu münaqişədə arbitr rolunu oynasa da, problemi həll olunmasını ən az istəyən ölkədir: “Çünki bu münaqişə ona həm Ermənistan, həm də Azərbaycan üzərində nəzarəti əldə saxlamağa, eləcə də regional rəqiblərindən - Türkiyə və ABŞ-dan bir addım öndə olmağa imkan verir”.

Sənəddə daha sonra deyilir ki, Dağlıq Qarabağa sülhməramlıların göndərilməsi Moskvanın hərbi mövcudluğunu gücləndirəcək. “Bununla belə, bu addım Rusiya qoşunlarını birbaşa hərbi münaqişəyə cəlb olunma ehtimalını artırdığından, Moskva bundan yayınmaq üçün çalışır”.



* * *

Bu arada vəzifəsinə görə prezident Vladimir Putinə yaxın adamlardan biri, Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü, Moskva Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Andrey Manoylo Qarabağ problemi ilə bağlı kifayət qədər sensasiyalı iddia ilə çıxış edib.



“Svobodnaya pressa”ya müsahibəsində aprel hərbi eskalasiyasına görə məsuliyyəti Amerikanın üzərinə qoyan Manoylo deyib: “Amerikanlar Qarabağ kartından istifadə eləməklə Rusiyanın Güney Qafqazdakı mövqelərini zəiflətməyə cəhd etdilər. Görünür, niyyətləri həm də bizim sərhədlərimiz boyu başqa konfliktləri də qızışdırmaq idi”.
Analitik ardınca fikrini belə əsaslandırıb: “Uzun illər Qarabağ konflikti dondurulmuş vəziyyətdə qalmışdı. Heç bir dinamika müşahidə olunmurdu. Və qəfildən ötən yaz vəziyyət kəskin dəyişdi. Bu da ona görə baş verdi ki, ABŞ Suriyada Bəşər Əsədi devirməyə imkan vermədiyimiz üçün bizə bu formada cavab vermək qərarına gəldi”.



Rusiyalı professorun sözlərinə görə, Birləşmiş Ştatlar aprel olaylarına bir il qalmış hazırlaşıb: “Mənim həmkarlarım aprel hadisələrinə hələ bir neçə ay qalmış paytaxt Bakının mehmanxanalarında amerikalı hərbi təlimatçılardan ibarət qrupların yerləşdirildiyini görüblər. Amerikanın aktiv müdaxiləsi olmasaydı, münaqişə elə dondurulmuş vəziyyətdə də qalacaqdı. ABŞ yəqin ki, Qarabağda vəziyyəti bir daha gərginləçdirməyəcəyinin əvəzində Rusiyadan Suriya ilə bağlı müəyyən imtiyazlar almağa çalışacaq”, - siyasi analitik sonda iddia edib.



Andrey Manoylo

Yəni belə çıxır ki, Qarabağ məsələsi iki güc mərkəzi arasında həm də Suriya mövzusunda gizli bir siyasi bazarlıq predmetidir.

* * *

Yada salaq ki, aprel döyüşləri başlayanda Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan IV Qlobal Nüvə Sammiti çərçivəsində Nyu-Yorkda səfərdə olublar. Rusiyanın aparıcı KİV-ləri isə uzun müddət bu hadisələrə görə Türkiyəni ittiham edib, müharibədə guya Ankaranın maraqlı olması iddiaları ilə çıxış edib.

Analitik xidmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.