Ərdoğan ABŞ-dan Güləni istədi, Kerridən cavab gəldi

17-07-2016, 09:24   
Ərdoğan ABŞ-dan Güləni istədi, Kerridən cavab gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edib. Ərdoğan çıxışında çevriliş cəhdinin qarşısının alındığını, millətin qiyamçıları məğlub etdiyini deyib. Türkiyə prezidenti hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bildirib. “Türkiyə bu “paralelçilərdən” çox çəkdi”, – deyə o qeyd edib.

Ərdoğan ABŞ prezidenti Barak Obamaya müraciət edərək Fətullah Gülənin təhvil verilməsini istəyib: “Pensilvaniyada, 400 hektarlıq ərazidəki iqamətgahında oturub Türkiyəni qarışdıran “örgüt liderini” ya deportasiya etməyə, ya Türkiyəyə təhvil verməyə çağırıram. Mən bunların çevriliş planlaşdırdıqlarını demişdim, ancaq sözümü dinləmədilər. İndi bir daha ABŞ-a, onun prezidentinə müraciət edirəm-Pensilvaniyadakı o zatı Türkiyəyə təslim edin”- deyə Ərdoğan bildirib.

Ərdoğandan əvvəl də baş nazir Binali Yıldırım Güləni ABŞ-dan istədiklərinə və ABŞ-ın özünü Türkiyəyə dost sayırsa, bunu etməli olduğuna işraə vurmuşdu.


Türkiyə hökumətindən Gülənlə bağlı təzələnən çağırışlara Vaşinqtonun cavabı gecikməyib. Dövlət katibi Con Kerri deyib ki, onun ölkəsi indiyədək Türkiyədən Fətullah Gülənlə bağlı heç bir müraciət almayıb:

“Gözləyirik ki, cənab Gülən haqda bizə suallar veriləcək. Və əlbəttə ki, Türkiyə hökumətindən həmişə etdiyimiz kimi bizə ittihamların təsdiqi olaraq tutarlı sübut təqdim etməsini xahiş edəcəyik. Birləşmiş Ştatlar onları qəbul edəcək, araşdıracaq və münasib qərar verəcək”.

Bu arada Gülənin özü də Türkiyədəki çevriliş cəhdinə münasibət bildirib. “Bu hhərbi çevriliş cəhdini şiddətlə qınayıram. Son 50 ildə yaşanan hər hərbi çevrilişin acısını çəkən biri olaraq, bu cəhdlə əlaqələndirilməm qüruruma toxunur. Bu iftiraları qətiyyətlə rədd edirəm” deyə Gülən açıqlama yayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.