Əliyev komandasından qorxmağa başlayıb

14-09-2016, 08:38   
Əliyev komandasından  qorxmağa başlayıb
Konstitusiyaya dəyişiklik daxildəki çatlardan qaynaqlanır

Ilham Əliyev ölkədəki eybəcər vəziyyəti dəyişmək əvəzinə, Konstitusiyanı “dəyişmək” qərarına gəldi. Təbii ki, Konstitusiyaya dəyişiklik cəmiyyətdə etirazla qarşılandı, insanlar bu addımın şəxsi maraqlar naminə atıldığını başa düşdü və hüquqşünaslar da bunun hüquqi baxımdan mürtəce addım olduğunu təsdiqlədi.
Amma məsələnin başqa bir tərəfi də var. Uzun illərdi ölkədə seçkilər saxtalaşdırılır, korrupsiya tüğyan edir, vətəndaşların hüququ pozulur, süründürməçilik, özbaşınalıq normaya çevrilib və bütün bu neqativlər faktlarla təsdiqini tapır. Amma hakimiyyət bundan qətiyyən narahat olmur, xalqdan qorxmur və saymazcasına çirkli fəaliyyətini davam etdirir. Yəni, vətəndaşın nifrətnidən, bunların əməllərindən xəbərdar olmasından təşviş keçirməyiblər. Xalqı o qədər kölə, müti hesab ediblər ki, rahatlıqla “inkişaf edirik”, “yoxsuluğun kökü kəsilib”, “insanların həyat şəraiti yaxşılaşıb” təbliğatı apara biliblər. Əmin olublar ki, heç kim bu yalanlara qarşılıq verməyəcək, əhali müqavimət hissini itirib və insanlar şəxsi problemlərin həlliylə məşğuldu. Azlıqda olan etirazçı təbəqənin isə müxtəlif vasitələrlə sıradan çıxarmağa, ləkələməyə çalışıblar. Beləliklə, Ilham Əliyev komandasına arxayın olaraq, istədiyi addımı atıb, polisin gücünə arxalanıb, xalqdan təhlükə gözləməyib.
Indi isə vəziyyət dəyişib. Ilham Əliyevin Konstitusiyaya tələsik dəyişikliklər etmək istəməsi, ətrafındakı komandaya inamsızlıqla bağlıdır. Daha doğrusu Əliyev növbəti mərhələdə ən böyük zərbəni öz komandasından gözləyir. Bəli, Əliyev özünün təyin etdiyi, tanıdığı, ətrafına yığdığı adamlardan daha çox qorxmağa başlayıb. Bilir ki, komandanın daxilində möhkəm birlik yoxdur və istənilən titrəmə ona qarşı cəbhə formalaşdıra bilər.
Yaranmış mənzərə ondan ibarətdir ki, Əliyevin xalqdan dəstəyi, ətrafından əminliyi yoxdur. Uzun illər onu hakimiyyətdə saxlamış komandadan ehtiyat edir, bu komandanın içindəki qruplaşmalardan özünü sığortalamağa çalışır. Bu isə başqa bir həqiqəti ortaya çıxarır. Xalqın sevgisini qazanmamış və monolit komandası olmayan prezident ölkə üçün yararlı ola bilməz. Uzun illər ərzində aparılan siyasət xalqla hakimiyyət arasında dərin uçurum yaradıb. Hökumət komandasının heç bir üzvünün cəmiyyətdə nüfuzu yoxdur. Prinsipial məqamda Ilham Əliyevə görə özünü qurban verməyə hazır olan məmur da, Əliyevin çağırışına cavab verəcək xalq da yoxdur. Bir qrup yaltaq var ki, vəziyyət dəyişəndə onlar daha sərt anti-Əliyevçi olacaqlar.
Xalq da anlamalıdır ki, bu komanda ilə nə Qarabağ məsələsini həll etmək, nə də böhrandan çıxmaq olar. Komanda bütövlükdə çirkabın içindədir və hər kəs özünü qorumağın yollarını axtarır. Yəni, ölkədə vəziyyət pisləşdikcə böhrandan çıxış yolları yox, kürsünü qorumağın yolları axtarılacaq. Xalqdan səs almamış və xalqa divan tutmuş komanda üçün xalqın etirazı daha qorxuludur. Bir sözlə, Ilham Əliyevin Konstitusiyaya cırmaq atması əlacsızlıqdan və qorxudan doğub.
Namiq Muradlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.