Vitse-prezidentlər kimləri səlahiyyətsiz qoyacaq?

26-07-2016, 08:17   

Gültəkin Hacıbəyli: «Böyük ehtimalla vitse-prezidentlər Prezident Administrasiyasının rəhbərliyinin, Baş nazirin səlahiyyətlərini mənimsəyəcək»

Konstitusiyaya dəyişikliklərdə vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulsa da, birinci vitse-prezident və vitse-prezidentlərin səlahiyyətləri bəlli deyildir. Layihədə yalnız o qeyd edilib ki, prezidentin səlahiyyətlərini icra etməsi mümkün olmadıqda müvafiq ardıcıllıqla prezidentin səlahiyyətlərini birinci vitse-prezident və vitse-prezidentlər icra edə bilər. Bəs vitse-prezidentlərin işi nədən ibarət olacaq, onların səlahiyyətləri hansı institutların səlahiyyətlərinin alınması hesabına genişləndiriləcək?

Vitse-prezidentlik olan ölkələrdə qanunvericilik aktları ilə onların səlahiyyətləri və vəzifələri müəyyənləşdirilir. Bəzi ölkələrdə vitse-prezidentlər Prezident Administrasiyasına, bəzilərində qanunverici orqana rəhbərlik edir, bəzilərində isə dövlətin xarici siyasətinə cavabdehlik daşıyır.


“Beynəlxalq aləmdə analoqu olmayan təklif”

Milli Şuranın Koordinasiya Mərkəzinin Gültəkin Hacıbəyli vurğuladı ki, Azərbaycan Konstitusiyasına təklif olunan dəyişiklikləri beynəlxalq təcrübə ilə müqayisə etmək qüsurludur. Birincisi ona görə ki, bu dəyişikliklərin mahiyyəti ilə bağlı, demək olar, heç nə aydın deyil. G.Hacıbəylinin sözlərinə görə, bir qayda olaraq beynəlxalq qanunvericilik bu qədər yüksək səlahiyyətləri olan institutlar təsis edirsə, bu zaman onların səlahiyyətlərinin konkret hədləri ilə bağlı qanunvericilikdə müddəalar daxil edilir: “Vitse-prezidentlərin konkret hansı funksiyanı həyata keçirəcəkləri, səlahiyyətlərinin çərçivəsini qanunvericilik bəzi hallarda isə Konstitusiya özü müəyyənləşdirir. Azərbaycanda təklif olunan dəyişikliklərdə isə vitse-prezitdentlik institutu ilə bağlı heç nə yoxdur. Ümumiyyətlə, onun prezidentin bütün səlahiyyətlərini əvəz etməsiylə bağlı müddəa var. Bu, əslində kifayət qədər qeyri-müəyyən müddəadır. Bu, ilk növbədə Konstitusiyanın birinci maddəsinə ziddiyyət təşkil edir. Çünki Konstitusiyanın birinci maddəsinə görə hakimiyyətin mənbəyi xalqdır. Konstitusiyanın 155-ci maddəsi ilə birinci maddə ilə bağlı hər hansı məhdudlaşdırıcı dəyişikliklər edilə bilməz. Vitse-prezidentlik institutunun təsis edilməsi və prezidentin səlahiyyətləri ilə görəvləndirilməsi, ilk növbədə həmin maddədə təsbit edilmiş, hakimiyyətin mənbəyi xalqdır hüququnun məhdudlaşdırılmasıdır. Bu baxımdan həmin maddənin mahiyyəti aradan qalxır”.

“Parlament funksiyasını tam itirir”

G.Hacıbəyli vurğuladı ki, vitse-prezidentlik institunun tətbiqi parlamentin xalq təmsilçiliyi olaraq funksiyasını itirməsinə gətirib çıxaracaq. Nəticə etibarı ilə parlamentin səlahiyyətlərinin bu dərəcədə azaldılması respublika quruluşuna zərbədir: “Respublika idarə üsulunun əsas prinsiplərindən biri hakimiyyətin bölgüsüdür. Beynəlxalq təcrübəyə görə, onu söyləmək olar ki, demokratik ölkələrin əksəriyyətində bu prinsip Konstitusiyaların vazkeçilməz təməlidir. ABŞ-da ”yoxla və tarazlaşdır” prinsipi kimi təsbit olunan bu prinsip icra, qanunverici və məhkəmə hakimiyyəti arasında balansın qorunmasına, bu hakimiyyətlərin hər birinin müstəqilliyinə xidmət edir. Azərbaycan Konstitusiyasına təklif olunan bu dəyişikliklər həmin beynəlxalq parktikanın kobud şəkildə pozulmasıdır. Bu dəyişikliklər qəbul olunandan sonra onsuz da icra hakimiyyətinin uzantısı olan və faktiki olaraq notarial kantor funksiyasını yerinə yetirən parlament Konstitusiya səviyyəsində statuslarından məhrum ediləcək. Nəticədə onun statusu Mərkəzi Bankın Idarə Heyətinin statusundan da aşağı səviyyəyə endiriləcək. Eyni zamanda məhkəmə hakimiyyəti də tamamilə formal xarakter daşıyıcaq”.

G.Hacıbəyli onu da bildirdi ki, Azərbaycanda onsuz da formal xarakter daşıyan hakimiyyət bölgüsü konstitusion formada da aradan qalxır. G.Hacıbəylinin sözlərinə görə, beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurasının Venesiya Komissiyası dəfələrlə Azərbaycan hökumətinə parlamentin gücləndirilməsi, icranın zəiflədilməsi istiqamətində ciddi addımların atılmasıyla bağlı tələblər irəli sürüb. Xüsusilə də parlamentin büdcə üzərində nəzarətinin olmaması nöqsan kimi qeyd edilib”.

Kimlərin səlahiyyətləri alınacaq?

Bəs, hazırkı səlahiyyət bölgüsündə hansı strukturlar vitse-prezidentlik institunun xeyrinə öz səlahiyyətlərini itirəcəklər?

G.Hacıbəyli hesab edir ki, böyük ehtimalla birinci vitse-prezident və sayı bəlli olmayan vitse-prezidentlər Prezident Administrasiyasının rəhbərliyinin, Baş nazirin səlahiyyətlərini mənimsəyəcəklər: “Nəticədə baş nazirin vitse-prezidentlərdən də aşağı səviyyəli səlahiyyətləri olacaq. Düşünürəm ki, hakimiyyət bölgüsü prinsipindən bu qədər açıq şəkildə imtina çox böyük beynəlxalq təpkiyə səbəb olacaq. Çünki, faktiki olaraq ölkənin Respublika qurluşu ciddi sual altına alınır”.

Baş verənlərlə bağlı tez-tez səslənən suallardan biri budur ki, nəyə görə I.Əliyev kadr dəyişikliyinə deyil, bu cür Konstitusiya dəyişikliyinə getdi. Baş nazir və başqa mühüm post tutan şəxsləri dəyişmək daha asan olmazdımı: “Bu suala iki istiqamətdə cavab verə bilərəm. Təəssüflər olsun ki, Azərbaycanda nə qədər avtoritar idarə üsulu olsa da, nazirlər, müəyyən şəxslər qarşısında sanki bir gözükölgəlik faktoru var. Məsələn, hansısa naziri işdən çıxarmaq əvəzinə onun səlahiyyətləri əlindən alınır, nazirlik parçalanır. Amma nazir bu sıradan çıxarılmış institutun rəhbəri olmaqda davam edir. Bu, əlbəttə, absurd yanaşmadır. Və ya başqa izahat da ola bilər ki, səlahiyyətlərin baş nazirə keçəcəyi təqdirdə, yeni Baş nazirə parlament dəstək verməlidir. Amma vitse-prezidentləri prezident heç kimlə məsləhətləşmədən, Milli Məclisin razılığını almadan öz seçiminə görə təyin edə bilər. Bu dəyişikliklər prezidentə daha geniş azadlıqlar, sərbəstliklər verir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.