Hökumətin “Konstitusiya əməliyyatı” gündəmə gələndən heç bir normal əsaslandırma müşahidə edilmir. O qədər mürtəce addımlar atırlar ki, bu addımlara hüquqi don geyindirmək mümkün olmur. Nə qədər çalışsalar da verilmiş qərar lüt görünür.
Bir qrup deputat ortaya düşüb, Konstitusiya dəyişikliyinin dövlətçiliyi inkişaf etdirəcəyini, xalqın maraqlarına uyğun olduğunu, inkişafın təminatçısına çevriləcəyini bildirirlər. Amma bu inkişfın nədən ibarət olacağını, bu uğurun nədə ifadə olunduğunu heç kim açıqlaya bilmir. Hökumət komandasının ən savadlı hüquqşünası Səfa Mirzəyev isə prezidentlik müddətinin uzadılmasını belə izah etmişdi ki, 5 il müddətində fəaliyyəti tamamlamaq, palanları həyata keçirmək mümkün olmur, görüləsi işlər çoxdur və buna görə də 7 illik prezidentlik müddəti zərurətə çevrilib. Bu da hökumətin “hüquqi”, “daşdan keçən” əsaslandırması oldu.
Amma bu da son deyil. YAP-çı deputat Siyavuş Novruzov bir az da irəli gedərək, Konstitusiya dəyişikliklərinin əleyhdarlarını ittiham edib: “Təklif olunan əlavə və dəyişikliklərin əleyhdarı olanlar ortaya hüquqi fakt qoya bilmirlər. Yəni onların hüquqi cəhətdən heç bir açıqlaması yoxdur. Konstitusiyaya əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir”- deyə Siyavuş Novruzov bildirib.
Əvvəla, Siyavuş Novruzova sual edirik ki, bugünə qədər ölkədəki seçki saxtakarlığını, məmur korrupsiyasını, ədalətsiz məhkəmə qərarlarını ifşa edən faktlarla bağlı hansı addımlar atılıb ki, indi də ortaya qoyulan hüquqi faktlara adekvat addım atılsın? Bugünə qədər onlarla deputatın saxta seçilməsiylə bağlı Avropa Məhkəməsinin qərarları var və buna görə dövlət haqqı oğurlananlara təzminat ödəyib. Həmin deputatlar parlamentdən uzaqlaşdırılıbmı, haqqı oğurlanan şəxsin haqqı qaytarılıbmı? Bəlkə, məmurların bizneslə məşğul olmasının, bütün sahələrin məmur inhisarında olmasının hüquqi əsası var?
Ikincisi, hüququ ölkədən itkin salanların, qanunları minib çapanların hüquqi fakt axtarması absurd görünür. Ölkədə mütləq monarxiya yaradılır, xalqın iradəsi zorlanır, prezdent hakimiyyəti gücləndirilir və bu eybəcərliyə etiraz etdiyimizə görə bizdən hüquqi fakt tələb olunur. Onsuz da hüququ yox sayıb, iki dəfədən artıq prezident seçilmək ənənəsi yaradılıb, indi isə prezidentlik müddətinin ömrü 7 il edilərək, eyni şəxsin daha iki müddət prezident seçilməsinə “yaşıl işıq” yandırılır. Ölkədə böhran dərinləşir, əhalini sabaha ümidi itib, dövlət borc bataqlığına düşüb və belə bir vəziyyətdə hökumət şəxsi maraqların təminatı üçün ana qanunumuzun atasını yandırmaqla məşğuldu.
Hüquqi fakta gəlincə, Konstitusiyanın birinci maddəsinə görə hakimiyyətin mənbəyi xalqdır. Amma bu dəyişikliyin məqsədi xaqlın iradəsinə qarşı getməkdir. Məsələn, Milli Məclsin deputatlarını xalq seçir. Bu dəyişiklikdən sonra isə xalqın seçdiyini prezident rədd edə biləcək. Deməli, xalqın formalaşdırdığı qanunverici hakimiyyət prezident hakimiyyətindən asılı vəziyyətə düşəcək. Təbii ki, Azərbaycanda seçki rəhmətə gedib və parlament təyinatlı orqana çevrilib. Amma qanunlara istinad edəndə Konstitusiyanın 1-ci maddəsi çoxdan pozulub və bu pozuculuq davam edir.
Nəhayət, xalq nəyə görə hökumətin bu təşəbbüsünü dəstəkləməlidir və niyə etiraz etməməlidir? 23 ildə bu hakimiyyət xalqa nə verib ki, bundan sonra da nə verə bilsin? Iqtisadiyyatımız, səhiyyəmiz, təhsilimiz, hüquq sistemimiz, büdcəmiz göz qabağındadır. Iri müəssisələr, banklar çökür, yoxsulluq səviyyəsi artır, insanlar borc içindədir, verilən əməkhaqqı ilə 10 gün yaşamaq mümkün deyil, intihar statistikası hər gün böyüyür və s. Ölkə külli miqdarda neft pulları gəldiyi zaman vətəndaşa gün ağlamayan zehniyyət, valyuta ehtiyatlarının tükəndiyi vaxtda hansı irəliləyişə nail ola bilər? Üstəlik, korrupsiya, monopoliya, qanunsuzluq hələ də qüvvədədirsə, prezidentlik müddəti 50 olsa nə dəyişəcək?
Hüquq və azadlıqları məhv edib, Konstitusiya dəyişikliyini “hüquq və azadlıqlara xidmət edəcək” adıyla təqdim etmək absurddur. Siyavuş Novruzov əvvəlcə bu ölkədə hüququn olduğunu sübut etsin, sonra biz dəyişikliyin hüquqsuzluğunu sübut edərik.
İlham