Bölgənin taleyində iz qoyacaq tarixi görüş; Bu gün ölkəmiz ilk dəfə Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli sammitinə ev sahibliyi edəcək; Bakı bölgənin vazkeçilməz iqtisadi-kommunikasiya ötürücüsünə və geosiyasi xaba çevrilir – Qarabağ məsələsi uduşda, işğalçı Ermənistan isə təlaşda...
Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək. Xəbər verildiyi kimi, dövlət başçıları üç ölkəni bir-birinə daha da bağlayacaq strateji əhəmiyyətli “Cənub-Şərq” nəqliyyat dəhlizi layihəsini müzakirə edəcəklər. Prezidentlər həm ikitərəfli, həm də üçtərəfli formatlarda bir araya gələcək, ikitərəfli və regional əhəmiyyətli digər məsələləri diqqət mərkəzinə gətirəcəklər.
Siyasi müşahidəçilər bu toplantını təkcə üç ölkə üçün yox, bütövlükdə region və ətraf ölkələr üçün də mühüm əhəmiyyətli sayırlar. “Sammit ”Cənub-Şərq" layihəsinin sonrakı tikinti və realizəsi prosesində vacib bir mərhələ olacaq". Bunu Vaşinqtondakı “Gulf State Analytics”in məsləhətçisi, siyasi şərhçi Teodor Karasik deyib. Onun sözlərinə görə, görüş həmin layihənin realizəsinə təkan verəcək və prosesi sürətləndirəcək. T.Karasik qeyd edib ki, layihə yalnız iqtisadi mahiyyət kəsb eləmir.
Rusiyalı politoloq Vitali Arkova görə də, hər üç lider Bakıda iqtisadi və siyasi məsələlərlə bağlı ciddi müzakirələr aparacaqlar. “Müzakirə edilən mövzular sırasında, təbii ki, regiondakı təhlükəsizlik məsələləri, terrorizm təhdidinə qarşı birgə mübarizə də olacaq. İqtisadi sahədə əsas məqamlardan biri İran üzərindən sanksiyalar götürüldükdən sonra Hind okeanından Atlantik okeanına qədər nəqliyyat dəhlizinin yaradılması olacaq. Sözügedən marşrut Hindistan, Pakistan, İran məhsullarının Xəzər dənizi və Azərbaycanın dəmiryolları şəbəkəsi vasitəsilə Rusiya və daha sonra Avropaya ötürülməsinə kömək edəcək. Bundan əlavə, Bakıda çox vacib və çətin energetika məsələsinin həll variantı tapılmalıdır”,- ekspert qeyd edib.
*****
“İran, Rusiya və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələri nəzərə alaraq üç ölkə prezidentlərinin Bakıda keçiriləcək görüşünün çox müsbət nəticə verəcəyinə inanıram”. Bunu isə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Fars agentliyinə müsahibəsində deyib.
Səfir bildirib ki, son 3 ildə prezidentlər 6 dəfə görüşüblər: “Prezidentlərin siyasi iradəsinin nəticəsində bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, elm sahələrində münasibətlər xeyli inkişaf edib”.
M.Pakayin deyib ki, bu gün İran və Azərbaycan anlayır ki, regionda təhlükəsizliyə olan təhdidlərlə birgə mübarizə aparmalı və mövcud regional problemləri birgə həll etməlidirlər. Diplomat əlavə edib ki, Tehran və Bakı dəmir yolu, nəqliyyat, informasiya texnologiyaları, terrorizmlə mübarizə, turizm, enerji sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
*****
Bakı sammiti çərçivəsində, təbii ki, Dağlıq Qarabağ probleminin də ikitərəfli görüşlər formatında müzakirəsi gözlənilir. “Rusiya prezidenti Putin Qarabağ probleminin nizamlanmasında eksklüziv iştirak edir. Nəzərə alsaq ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir, o zaman Qarabağ məsələsinin bu ölkənin prezidenti ilə müzakirə edilməsi Azərbaycan üçün mühüm önəm kəsb edir”. Bu fikri politoloq Rasim Musabəyov deyib.
Politoloq məhz Rusiyanın tez-tez Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin təşəbbüsçüsü olması faktına diqqət yönəldib. “İndi də proses xeyli dərəcədə Rusiya prezidentinin patronajlığı altında gedir. Başqa yandan, vacibdir ki, bu məsələdə Tehran da konstruktiv mövqe tutsun”, - deyə politoloq Bakıdakı üçtərəfli görüşün Qarabağ nizamlanmasına mümkün təsirlərindən danışarkən deyib.
“1992-ci ildə İranın vasitəçiliyi boşa çıxdı. Tehran anlaşmasının mürəkkəbi qurumamış ermənilər Şuşanı işğal elədilər. Və İran öz vasitəçilik nüfuzunu bərpa eləmək üçün o vaxtdan heç nə eləməyib” - Musabəyov əlavə edib.
*****
Bu və digər amillərə görə prezidentlərin Bakı sammiti əslində təkcə iqtisadi deyil, eyni dərəcədə mühüm geosiyasi əhəmiyyət daşıyır və nə xoş ki, Azərbaycan hər iki prosesdə, həmçinin, regional super dövlətlərin yaxınlaşmasında özünəməxsus xab rolu oynamağa başlayıb. Bu isə bizim əsas məsələmiz olan Qarabağ konfliktinin ədalətli nizamlanması üçün yeni əlverişli siyasi zəminin yaranması şansı deməkdir.
Təsadüfi deyil ki, işğalçı Ermənistan Bakının regional proseslərdə artan rolundan ciddi narahatlıq keçirməyə başlayıb. Hər necə olmasa, İran və Rusiya İrəvan üçün iki ən vazkeşilməz ölkə, faktiki, siyasi varlıq qarantıdır: biri onun əsas hərbi-siyasi müttəfiqidirsə, Tehran da onu iqtisadi baxımdan ayaqda durması üçün “pəncərə” rolu oynayan dövlətdir.
Bu iki dövlətin - şimal və cənub qonşumuzun ölkəmizlə iqtisadi, maliyyə, kommunikasiya bağlarının sürətlə möhkəmlənməsi aydın məsələdir ki, Ermənistanı narahat edir, təlaşlandırır. Ona görə ki, iqtisadi bağlar siyasi bağların yaranmasına və möhkəmlənməsinə aparır. Üstəlik, bu proseslər Ermənistanın iqtisadi cəhətcə daha da təklənməsinə gətirməklə onun “oyundan kənar” statusunu möhkəmlədir. Təcavüzkar ölkənin böyük iqtisadi layihələr üçün olan-qalan əhəmiyyətini də heçə endirir.
Əlavə edək ki, nə Putin, nə də Ruhani “balans yaratmaq”, “ermənilərin könlünü” almaq üçün Bakı sammitindən sonra dərhal İrəvana yollanmaq niyyətində deyillər. Bu da bir daha işğalçı ölkənin region üçün heç bir iqtisadi dəyər daşımadığının təsdiqidir.
Sonuncu qənaəti gücləndirən daha bir detal: erməni mənbələri Serj Sərkisyana yaxın qaynaqlardan öyrəniblər ki, əslində avqustun 10-da Sərkisyanı Moskvaya Putin çağırmayıb, o, özü Rusiya liderindən görüş xahişində bulunub. Mənbənin bildirdiyinə görə, əsas motiv də budur ki, rəsmi İrəvan öyrənmək istəyir ki, bütün bu proqramlarda Ermənistan hansısa rol oynayırmı, yoxsa o, növbəti dəfə kənarda saxlanılır? “Və təbii ki, başqa bir narahatlıq Dağlıq Qarabağ məsələsi ilə bağlıdır” - qaynaq qeyd edib.
Analitik xidmət