Rusiya və Azərbaycan arasında qarşılıqlı hesablaşmaların rus rublu ilə aparılması nə vəd edir?
Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərinin nəticələri barədə müsahibəsində deyib ki, hazırda iki ölkənin şirkətləri arasında qarşılıqlı hesablaşmalar əsasən dollarla aparılır. Amma bu hesablaşmaların milli valyutalara keçirilməsini stimullaşdıran şərait yaradılması istiqamətində iş aparılır.
“Şübhəsiz ki, ikitərəfli ticari-iqtisadi əlaqələrdə bugünkü mənfi hallar müvəqqəti xarakter daşıyır. Əminik ki, biz tərəfdaşlar kimi sıx birgə fəaliyyət göstərməklə qarşılıqlı ticarəti davamlı artım trayektoriyasına çıxara biləcəyik”, – deyə Putin bildirib.
Bu məsələ bir müddətdir ki, müzakirə mövzusudur. Ölkələrarası hesablaşmaların milli valyutayla aparılması əslində, birmənalı qarşılanmır. Bu da səbəbsiz deyil. Nəzərə almaq lazımdır ki, Qərbin, o cümlədən Avropa Birliyi və ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyanın iqtisadiyyatı çətin günlərini yaşayır. Belə davam edərsə, Rusiyanın valyuta ehtiyatları kəskin şəkildə azala bilər.
Bu baxımdan, Putinin ikitərəfli iqtisadi münasibətlərin tənzimlənməsində milli valyutadan istifadə etmək niyyəti başadüşüləndir. Amma Azərbaycan üçün bunun iqtisadi səmərəsi, perspektivinin olduğunu düşünməyə də heç bir əsas yoxdur.
Yeri gəlmişkən, bir vaxtlar Rusiya ilə Çin arasında da belə razılaşmalar vardı. Amma bunun ömrü az oldu. Çinin ticarət naziri milli valyutalarla sövdələşmələrə getməyi “fəlakət” adlandırdı. Nazir bu fikrini Çinin itkilərlə üzləşməsilə əsaslandırdı.
Hazırda Rusiyanın milli valyutasına inamın kəskin şəkildə aşağı düşdüyü dönəmdə belə bir sövdələşməyə getmək heç ağlabatan görünmür. Rus rublunun getdikcə dəyərdən düşdüyünü nəzərə alaraq, əlbəttə ki, belə bir valyutayla hansısa əməliyyatlar aparmağın perspektivi çox böyük sual altındadır.
Qeyd edək ki, Azərbaycan-Rusiya iqtisadi münasibətlərində şimal qonşumuz bundan daha çox faydalanır. Çünki Azərbaycan hazırda Rusiya üçün böyük bazardır. Ölkənin daxili ehtiyacının 11 faizi idxal hesabına ödənilir. Azərbaycanın Rusiyaya ixracı isə çox kiçik rəqəmlə – 2-3 faizlə ifadə olunur. Indiki dövrdə qarşılıqlı iqtisadi sövdələşmələrin milli valyutayla həyata keçirilməsi bizim üçün əlverişli deyil. Indiyədək milyardlarla zərər görmüş iqtisadiyyatımıza bu məsələ növbəti zərbə ola bilər.