2016martRəsmi Ankaranın bu addımı “FETÖ”nun maliyyə mənbələrini sıradan çıxarmağa yönəlib
İyulun 15-də Türkiyədə baş verən olay Ankaranın müttəfiqlərinə münasibətini dəyişdi. Rəsmi Ankara hazırda Gülənin təhsil ocaqlarının fəaliyyət göstərdiyi ölkələrdən onların qapadılmasını tələb edir. Eyni zamanda bu istiqamətdə diplomatik səylər də gücləndirilib. Türkiyə hökumətinin hazırkı hədəfi Gülənçilərin maliyyə dayaqlarını sarsıtmaqdır.
Çünki təşkilat məhz maliyyə qaynaqları üzərində dayanır. Gülənçilərin bu istiqamətdə əsas maliyyə mənbələrindən biri məhz Azərbaycandır. Ona görə Türkiyə hökuməti bu istiqamətdə mübarizəsini daha effektli etmək üçün “FETÖ”nun terrorçu təşkilat kimi tanınmasına çalışır. Artıq Gülən tərəfdarlarının terrorçu təşkilat kimi tanınması üçün Ankara konkret istəklərdə bulunur. Belə bir istəyin Azərbaycan hökumətindən də istənildiyi barədə məlumatlar var? Bəs, Türkiynin bu istəyinə rəsmi Bakının mövqeyi necə olacaq? Azərbaycan Gülənin təşkilatını terrorçu struktur kimi tanıyacaqmı?
Elxan Şahinoğlu: “Bu təşkilat terrorçu qurum kimi tanınarsa, onun maliyyə mənbələri ilə də mübarizə aparmaq asanlaşar”
elxan-shahinoglu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Gülənin şəbəkəsi artıq terrorçu təşkilat kimi tanınır. Bu mövqeyi yalnız Türkiyə cəmiyyətinin deyil eyni zamanda Türkiyə müxalifətinin də paylaşdığını deyən E.Şahinoğlu vurğuladı ki, Istanbul mitinqi də bunun təsdiqi idi. E.Şahinoğlunun sözlərinə görə, bu təkcə hakim partiyanın deyil, bütövlükdə Türkiyə cəmiyyətinin, müxalifətinin aksiyası idi: “Ehtimal edirəm ki, yaxın günlərdə Türkiyəli rəsmilər də Azərbaycan hökumətinə müraciət edərək, rəsmi Bakının da FETO-nu terrorçu təşkilat kimi tanınmasını gündəmə gətirə bilərlər. Azərbaycan hakimiyyətinin bu istiqamətdə müəyyən addımlar atmasına baxmayaraq, Gülənçi şəbəkənin maliyyə mənbələrinin ölkəmizdə hələ də qaldığını ehtimal edirəm. Onların mahiyyətləri hələ dəyişməyib. Ona görə də Azərbaycan strateji müttəfiqinin fikirlərini nəzərə alaraq “FETÖ”nu terrorçu təşkilat kimi tanıması aktuallaşacaq. Çünki Gülənçilərin maliyyə mənbələri ilə mübarizə aparmasının hüquqi tərəfləri bir qədər sual altındadır. Amma bu təşkilat terrorçu qurum kimi tanınarsa onun maliyyə mənbələri ilə də mübarizə aparmaq asanlaşar. Çünki Gülənçilər Azərbaycanın bir çox şirkətlərinə daxil olub. Kimsə zəmanət verə bilməz ki, gələcəkdə həmin o maliyyədən Azərbaycan dövlətçiliyi əleyhinə istifadə edilməsin. Azərbaycanda müxtəlif adlar altında “FETÖ”nun təşkilatları var. Bu təşkilatı terrorçu təşkilat kimi tanımadan onun Azərbaycandakı rəhbərlərinə qarşı addımlar atmaq mümkün olmayacaq”.
E.Şahinoğlunun fikrincə, Azərbaycan tərəfi Türkiyənin istəyinə uyğun olaraq müvafiq addımlar ata bilər. “Istanbul mitinqində sayca ikinci dalğalanan bayraq Azərbaycan bayrağı oldu. Bu isə o deməkdir ki, Azərbaycan da bir cəmiyyət olaraq Gülənin təşkilatının atdığı addımlardan qəzəblidir və onun əleyhinə çıxır. Bu mənada Azərbaycan “FETÖ”nu terrorçu təşkilat kimi tanımalıdır”, deyə E.Şahinoğlu vurğuladı.
Sülhəddin Əkbər: “Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanımaması, “FETÖ” ilə də bağlı eyni addımın atılacağını deməyə əsas verir”
sulheddin-ekber
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə vurğuladı ki, PKK ilə bağlı keçmiş təcrübə nəzərə alınarsa, Azərbaycanın “FETÖ”nu da terrorçu təşkilat kimi tanıması ehtimalı çox aşağıdır. S.Əkbərin sözlərinə görə, yəqin ki, Azərbaycan Türkiyə dövlətinin tələblərini səssizcə yerinə yetirəcək, amma kəskin şəkildə “FETÖ”nun terrorçu təşkilat olduğunu bəyan etməyəcək: “Bu rəsmən elan olunmayacaq. PKK-nın tanınması üçün Azərbaycan cəmiyyətinin, müxalifətin sərt tələbələri oldu. Amma bu günə qədər Azərbaycan hökumətinin belə bir qərarı yoxdur. Amma Azərbaycan hökuməti Türkiyənin Gülən məktəbləri ilə bağlı tələblərini yerinə yetirəcək. Gülənlə bağlı adamların vəzifələrdən uzaqlaşdırılması istəkləri də yerinə yetiriləcək. Amma Azərbaycan hökumətinin “FETÖ”nu terror təşkilatı kimi tanımaqla bağlı qərar qəbul edəcəyi az ehtimal olunandır”.