Yaxud Putinin Ermənistan sədaqəti
Vəziyyət sözün həqiqi mənasında “ruscadı”. Yəni Qarabağın açarını axtardığımız Rusiya, bu açarı Ermənistana təhvil verib və bunu danmır. Əvvəlki yazılarımızda Vladimir Putinin “Qarabağ münaqişəsində qalib tərəf olmamalıdır” bəyanatına münasibət bildirmişik.
Bir daha təkrar edirik ki, bu bəyanat birbaşa Ermənistanın maraqlarına xidmət edir və danışıqlar prosesinin imitasiya olduğunu göstərir. Azərbaycan hökuməti isə baş verənlərə susmaqla mövzunu dəyişmək, acı reallığı gizlətmək istəyir. “5 rayon azad ediləcək”, “Rusiya Ermənistana təzyiq göstərəcək”, “mərhələli həll planı start götürəcək” təbliğatı ilə xalqa yalan vədlər verirlər. Amma hökumət rüsvayçılığı gizlətməyə çalışdıqca, Putin və Sərkisyan sülh danışıqlarının mənasızlığını, aparılan təbliğatın yalan olduğunu təsdiqləyir. Belə ki, Rusiya prezidenti Vladimir Putin avqustun 10-da Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb və Bakı səfərinin detallarını bölüşüb. Daha dəqiq desək, Putin Sərkisyanı arxayın edib ki, Qarabağ etibarlı əllərdədi. Daha dəqiq desək, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Putin “Ermənistan bizim müttəfiqimizdir və KTMT üzvüdür, bizim qarşılıqlı öhdəliklərimiz var və Rusiya hər zaman öhdəliklərini yerinə yetirəcək” söyləyib. Bəli, Putin Ermənistanda bir daha xatırladıb ki, bu ölkəyə sona qədər hərbi dəstək verəcək və onun maraqlarının keşiyində dayanacaq. Göründüyü kimi, Azərbaycan hakimiyyətinin Rusiya sədaqəti dövlət maraqlarının təminatçısına çevrilmir. Əksinə, Rusiya Azərbaycandan yararlanıb Ermənistana töhfələr verir. Putin Sərkisyanla görüşündə onu da bildirib ki, bundan sonra tərəflərin birbaşa görüşə bilməsi üçün vasitəçilk edəcək. Yəni Rusiyanın Qarabağ məsələsindəki qatqısı iki prezidentin mənasız danışıqlarına şərait yaratmaqdan ibarət olacaq. Bir sözlə, Putin Bakı səfərindən sonra Sərkisyanla görüşündə də işğal faktını görməzlikdən gəldi və status-kvonun dəyişməyəcəyinə işarə vurdu. Xatırlayırsızsa, aprel döyüşlərinsən sonra Rusiyanın baş naziri Medvedev də “Münaqişənin dondurulmuş qalması, müharibə olmasından yaxşıdı” söyləmişdi. Bəli, ilk gündən Rusiyanın mövqeyi açıq ifadə olundu və son olaraq da Putin möhür vurdu. Bu həm də təsdiqlədi ki, 23 il müddətində münaqişənin həlli istiqamətində heç bir razılıq əldə olunmayıb, işıq görünməyib. Azərbaycan hakimiyyəti isə müdrikcəsinə susub. Sanki söhbət Azərbaycanın işğal edilmiş ərazilərindən yox, Afrikanın cəngəlliklərindən gedir. Nəticə həm də onu göstərdi ki, bu illər ərzində iqtisadi siyasət kimi, diplomatik siyasət də sıfır qiymət alır. Və bu qənaətə gəlmək olur ki, hakimiyyət Qarabağ itkisiylə barışıb və buna görə də Sərkisyanın, Putinin açıqlamaları sarı simə toxunmur.