Müharibəyə bir neçə gün qaldı: 5 rayon azad edilir, Putin məğlub olur

13-08-2016, 09:39   



Rusiya və Ukrayna arasında yeni müharibənin başlanması ehtimalı hər keçən gün daha da artır. Kiyev və Moskvada həm hərbi, həm siyasi, həm də psixoloji hazırlıq davam edir. Moskva Ankara ilə keçmiş küskünlükləri kənara qoyaraq, yeni manevrlərini genişləndirir. 15 iyul çevriliş cəhdindən sonra da Türkiyə tədricən özünə gəlməkdədir. Dağlıq Qarabağ münaqişəsinə dair yeni detallar da ortaya çıxır.

Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı qaytarılır

Erməni politoloq Tatul Akopyan deyib ki, Qarabağ ətrafındakı rayonlar boşaldılacaq.

“Məndə dəqiq informasiya var ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin sonuncu dəfə üçtərəfli görüşündə “Lavrov planı” müzakirə olunub. Danışıqların gedişatında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının Azərbaycana qaytarılması nəzərdə tutulur. Dağlıq Qarabağa daha yüksək səviyyəli status verilir. Bunun qarşılığında Ermənistan Dağlıq Qarabağdan öz qoşunlarını çıxaracaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Moskva Bakıya konkret vəd verib.

ABŞ üzərində qələbə və Avropa Birliyinin parçalanması

Ukrayna Ali Radanın deputatı Vadim Denisenko bildirib ki, Kremlin əsas xarici siyasət hədəfi bunlardır.

Rada üzvünün sözlərinə görə, Rusiya rəhbərliyinin operativ hədəfləri Avropa Birliyi ilə Ukrayna arasında vizasız rejimə imkan verməmək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəsi ilə NATO-nun qeyri-formal sabotajını təşkil etmək və Skandinaviya ölkələrinin NATO-ya girişinin qarşısını almaqdır.
“Aralıq hədəf sanksiyaların ləğvidir. Ortamüddətli hədəf SSRİ-yə qayıtmaqdır”, - Denisenko əlavə edib.

Müharibə yaxınlaşır, son qərarı Putin verəcək

“İzvestiya” nəşrinə Rusiyanın xarici siyasət dairələrindəki mənbə deyib ki, Moskva Kiyevlə diplomatik münasibətləri tamamilə kəsə bilər.

Onun sözlərinə görə, bu variant hazırda nəzərdən keçirilir. Bu məsələdə qəti qərarı Rusiya prezidenti Vladimir Putin qəbul etməlidir.

Ekspertlər bunu müharibənin yaxınlaşması kimi qiymətləndirir.

Artıq Ukrayna tərəfi hərəkətə keçib. Məlumata görə, Ukraynanın Təhlükəsizlik Xidməti Donetsk və Luqansk vilayətləri ilə Krım yarımadasında terror təhlükəsinin ən yüksək səviyyəsi olan “qırmızı səviyyə”ni elan edib. Buna səbəb Krımla sərhəddə və Ukraynanın şərqində döyüş hərəkətləri zonasında vəziyyətin kəskinləşməsi ehtimalıdır.

Xüsusi xidmət orqanı həmçinin ölkənin digər regionları üçün terror təhlükəsinin müxtəlif səviyyələrini elan edib. Zaporojye, Nikolayev, Odessa, Sumsk, Xarkov, Herson və Çerniqov vilayətlərində “sarı səviyyə” tətbiq edilib. Dneprepetrovsk, Zakarpatya, Xmelnitski, Çerkasski, Çerniqov və Kiyev vilayətləri “göy səviyyə” zonasında yer alıb.

Vinnitsa, Volıski, Jıtomirski, İvano-Frankovski, Kirovoqrad, Lvov, Poltava və Ternopol vilayətlərində “boz səviyyə” elan edilib.

Müharibənin başlanma vaxtı

Siyasi müşahidəçilərin çoxu ehtiyat edirlər ki, Rusiya prezidenti Vladimir Putin bu ilin avqustunda kiçik regional müharibəyə başlayacaq. Rusiya Dövlət Dumasına seçkiləri 18 sentyabra keçirib.

Bunu Atlantik Şurasının böyük elmi işçisi Anders Aslund ABŞ-ın “Atlantic Council” nəşrində yazıb.

“Putin Ukraynaya yeni hücum hazırlayırmı?” başlıqlı yazıda ekspert qeyd edir ki, Putində öz xalqının səfərbərliyi məqsədi ilə “kiçik və qalib müharibə” keçirməsinə meyl var.

“1999-cu ildə ikinci çeçen müharibəsi onun prezident postuna başlamasından əvvəl oldu. 2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum etdi. 2014-cü ilin fevralında Rusiya Krımı zəbt etdi və bu addım Rusiyada olduqca məşhur idi. Suriyada onun müharibəsi tamamilə müvəffəqiyyətdir. Son iki ildə Rusiya iqtisadiyyatı düşmə vəziyyətindədir. Avqust ayı Moskvanın hərbi hərəkətləri üçün ən yaxşı vaxtdır. Çünki məsuliyyətli qərb siyasətçiləri məzuniyyətdədir. Berlin divarının tikintisi 1961-ci ilin avqustunda başlanmışdı, Çexoslovakiyaya müdaxilə 1968-ci ilin avqustunda oldu və Moskvada çevriliş 1991-ci ilin avqustunda oldu”, - o, qeyd edib.

Ekspertin fikrincə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsi ilə paralellər sadəcə valehedicidir: “Bu münaqişə Pekin Olimpiya Oyunları ilə birlikdə başlandı. Birləşmiş Ştatların prezidenti bu zaman artıq prezident seçkiləri kampaniyasının fonunda “axsaq ördək” idi. Rusiya həmin vaxt Şimali Qafqazda “Qafqaz” adlı genişmiqyaslı təlimlər keçirdi. Avqustda müharibə daxili səbəblər üzrə tamamilə ehtimal ediləndir. Amma müharibə harada olacaq? Keçən həftə aydın oldu ki, Ukrayna hədəf olacaq. Həftənin sonunda Donbas və Krıma istiqamətində ağır artilleriya və yüzlərlə tankın iştirakı ilə Rusiya qoşunlarının genişmiqyaslı yerdəyişmələri haqqında xəbərlər daxil oldu. Bu hərəkətlər “Qafqaz 2016” adlı böyük Rusiya hərbi təlimlərinin bir hissəsi oldu. Avqustun 6-da Rusiya marionetkası və “Luqansk Xalq Respublikası”nın lideri İqor Plotniski Luqanskda maşınının partladılması nəticəsində ağır yara aldı. Ukrayna kəşfiyyatı sui-qəsdin təşkilində daxili gücləri ittiham etdi, halbuki Rusiya məsuliyyəti Ukrayna xüsusi xidmət orqanlarının üzərinə qoydu. 6-7 avqust tarixlərində Rusiya qoşunları Krımın şimal hissəsinə cəmləndi. Yollarda blokpostlar quruldu və regionu Ukraynanın qalan hissəsi ilə bağlayan üç nəzarət buraxılış məntəqəsi bağlandı. Ukrayna diversiya hərəkətlərində ittiham olundu. Ukrayna prezidenti Pyotr Poroşenko öz qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi”.

Putin məğlub oldu

Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett deyib.

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin Ukrayna xalqını qiymətləndirmədi. Buna görə də Donbas və Krıma hərbi təcavüz zamanı çox səhv buraxdı.

“Kreml ümid edir və ya gözləyirdi ki, NATO parçalanacaq, həmçinin ABŞ-la onun Avropa müttəfiqləri arasında qarşıdurma yaranacaq. Prezident Obamanın böyük xidməti ondan ibarətdir ki, o, avropalı həmkarları ilə birliyin saxlanılması üçün vaxtın böyük hissəsini ayırdı”, - amerikalı diplomat bildirib.

Ərdoğanı da məğlub etmək üçün qurulan plan ortaya çıxıb

“Yeni Şafak” qəzetinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin içindəki adamlarının əli ilə Suriya sərhədinə nəzarət edən FETÖ-nün (Fəthullahçı Terror Təşkilatı) şok İŞİD planı üzə çıxıb.

Plana görə, 15 iyul dövlət çevrilişi cəhdi uğurlu olsaydı, Suriya sərhədindəki on minlərlə İŞİD döyüşçüsü Türkiyəyə daxil olacaqdı.

Nəşrin yazdığına görə, 2-ci Ordu Komandanı general Adəm Huduti, 5-ci Zirehli Briqada Komandiri general-mayor Murad Soysal, general-mayor Semih Terzi və general-mayor Həsən Polat tərəfindən silahlandırılacaq İŞİD-çilər ələvi məhəllələrinə hücum edəcəkdilər. Burada qətliamlar təşkil edəcək xuntaçılar ölkədə vətəndaş müharibəsinin başlanması üçün zəmin hazırlayacaqdı.

“Yeni Şafak” qeyd edir ki, FETÖ-çülərin Suriya sərhədindən təmizlənməsindən sonra Suriyanın müxalif güclərinin Hələbdə Bəşər Əsədin mühasirəsini yarması diqqət çəkib.

FETÖ lideri Fətullah Gülən Türkiyəyə qaytarıla bilər.

Bunun üçün Ağ Evin rəsmi saytında başladılan petisiya lazım olan 100 min səsi toplayıb.

“Bütün FETÖ-çülərin kəlləsini verəcəyik”.

Bu barədə isə Bolqarıstanın baş naziri Boykov Borisov deyib.

O, FETÖ-çü Abdullah Büyükün Türkiyəyə təslim edilməsini tənqid edənlərə sərt cavab verib: “Lazım olsa, hamının kəlləsini verəcəyik. Bizim Türkiyə hökuməti və prezidenti ilə çox yaxşı münasibətlərimiz var. Ən vacibi olan da Türkiyə ilə münasibətlərimizin yaxşı olmasıdır”.

Borisov qeyd edib ki, Türkiyədə xaos yaradıb 500 min miqrantı sərbəst buraxsalar, onların ilk gələcəyi ölkə Bolqarıstan olacaq.

Fətullah Gülən və Dəccal

Türkiyəli jurnalist Süleyman Özışık FETÖ lideri ilə Mehdidən öncə gələcəyi deyilən Dəccalın oxşarlıqlarını araşdırıb. Onun firkirncə, burada bir çox oxşarlıqlar var.

Yeri gəlmişkən qeyd edək ki, F.Gülənin özünü Mehdi adlandırdığı da deyilir.

“Bordobərəlilər”in bir-biri ilə döyüşü

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı “Bordobərəlilər”in qiyamçılarla döyüşünü əks etdirən videokadrlar yayılıb.

Döyüşlər 16 iyul səhər saatlarında Ankarada Gölbaşı Xüsusi Təyinatlılar Birliyinin təlim ərazisində baş verib. Ən maraqlısı isə qiyamçılara qarşı döyüşən “bordobərəlilər”in mülki geyimdə olmasıdır. Məlumata görə, qiyam olan gün evlərində olan “bordobərəlilər” mülki geyimdə qaçaraq döyüş yerinə gəliblər.

Yeni nüvə müharibəsinə doğru

Çin və ətrafındakı demək olar ki, bütün qonşularının qarşı-qarşıya gəldiyi Cənubi Çin dənizi regionunda gərginlik artır.

ABŞ-ın Hərbi hava qüvvələri naziri Debora Li Ceyms Sakit okean regionuna ilk dəfə üç strateji bombardman təyyarəsinin yerləşdirildiyini bildirib. Nazir ABŞ-ın B-52, B-1 və B-2 təyyarələrinin ilk dəfə eyni anda Guamdakı Andersen hava bazasında yerləşdirildiyini açıqlayıb.

Vaşinqtonun nüvə silahı daşıma gücünə malik təyyarələrini regionda yerləşdirməsi Çin və Şimali Koreyaya qarşı təhdid xarakteri daşıyır. ABŞ-ın bu addımını Çinin bölgədə THAAD raket əleyhinə müdafiə sistemini yerləşdirməsindən sonra atması diqqət çəkir.

Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar.

Dünyanın gedişatı təhlükəli görünür.moderator.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.