Ermənistanda təklənmə və de-işğal xofu – Serjin fiaskolu Moskva səfərinin pərdəarxası

15-08-2016, 08:33   
Ermənistanda təklənmə və de-işğal xofu – Serjin fiaskolu Moskva səfərinin pərdəarxası
Düşmən ölkə “ofsayd” duruma salınır; Qarabağ məsələsinə Bakı və Ankaranın artan təsirləri, Kremlin yanaşması işğalçını ikiqat təlaşlandırıb; türkiyəli ekspert: “Rusiya, Türkiyə, İran və Azərbaycan prezidentlərinin görüşündən sonra konflikt daha intensiv müzakirə ediləcək”; erməni əsilli rusiyalı politoloq: “Azərbaycanın torpaqları gec-tez qaytarılacaq...”
Qarabağ məsələsinə Bakı və Ankaranın artan təsirləri, Kremlin isə buna normal yanaşması işğalçını ikiqat təlaşlandırıb; türkiyəli ekspert: “Rusiya, Türkiyə, İran və Azərbaycan prezidentlərinin görüşündən sonra konflikt daha intensiv müzakirə ediləcək”; erməni əsilli rusiyalı politoloq: “Azərbaycan torpaqları gec-tez qaytarılacaq...”

Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin sammiti, ardınca Türkiyə və Rusiya liderlərinin Sankt-Peterburq görüşü Ermənistanın siyasi çevrələrində ciddi şəkildə narahatlıq yaradıb. Bu narahatlığı Serj Sərkisyanın Moskva səfəri də azalda bilməyib. Əksinə, belə görünür ki, artırıb.

Məsələ ondadır ki, Sərkisyanın atüstü Moskvaya səfər eləməsi ermənilərin gözlədiyi kimi, hadisəyə çevrilə bilmədi və prezidentlərin Bakı və Sankt-Peterburq sammitlərinin kölgəsində qaldı. Sərkisyan ölkə daxilində öz siyasi hakimiyyətinə Kremldən dəstək alsa da, Qarabağ məsələsində maksimalist mövqeyinə, işğal altındakı rayonlar məsələsində dəstək qazana bilmədi. Rusiya prezidenti Vladimir Putin “həll formulu elə olmalıdır ki, heç bir tərəf özünü qalib saymasın” sözləri isə həm də o anlama gəlir ki, Ermənistanın “ərazilər əvəzinə Dağlıq Qarabağ” təklifi heç vaxt qəbul edilməyəcək və 2-ci Qarabağ savaşında onun hərbi qələbəsi heç vaxt sənədləşməyəcək.



Sərkisyanın Moskva səfəri zamanı erməni tərəfini məyus edən daha bir mühüm detal: erməni jurnalistin Rusiyanın Azərbaycana silah satmasının Ermənistanı rahatsız eləməsi ilə bağlı sualını Putin kifayət qədər sərt şəkildə cavablandırdı və Bakı ilə Moskva arasında silah ticarətinin bundan sonra da davam edəcəyəni aydın şəkildə anlatdı. “Azərbaycan varlı ölkə olaraq silahı istənilən ölkədən ala bilər, başa düşürsünüzmü” cümləsini də sözlərinə əlavə edən Kreml başçısı bununla erməni toplumuna bu mövzuda spekulyasiyaları dayandırmaq mesajı göndərdi.

***

Əlbəttə ki, Rusiya üçün Azərbaycanın böyük önəmi kasıb və acından ölən Ermənistanla müqayisədə təkcə silah ticarətinə görə deyil. Bakı zirvəsi göstərdi ki, Moskva və Bakı böyük regional iqtisadi layihələrdə də ortaq və tərəfdaşdırlar. Çoxşaxəli əlaqələr isə avtomatik şəkildə siyasi əlaqələr, Azərbaycanın Rusiyanın yanında sözükeçərliyinin güclənməsi deməkdir - hansı ki, haqlı olaraq Ermənistanı ciddi şəkildə qayğılandırır.

Üstəlik, Azərbaycanın işğalçı ölkənin mühüm tərəfdaşı sayılan İranla da yaxınlaşması faktiki şəkildə təcavüzkar ölkədə təklənmə hissini gücləndirib və Dağlıq Qarabağ məsələsinin həllinə onun təsir imkanlarını minimuma endirəcək. Hazırda Ermənistanda, onun ictimai-siyasi və ekspert dairələrində, KİV-lərində yaşanan məyusluğu əsas səbəbi budur. Düşmən tərəf ehtiyat edir ki, günün birində Qarabağ, işğal altındakı ərazilərlə bağlı yekun qərar onun iradəsinin xaricində qəbul oluna, Ermənistan ofsayda salına bilər.

Düşmən toplumda başqa bir narahatlıq - Bakının episentrdə olacağı və Ermənistanı proseslərdən bir az da çıxdaş edəcək daha bir formatın - Türkiyə, Azərbaycan, Rusiya üçlü formatın və Türkiyə, Azərbaycan, İran, Rusiya dördlü formatlarının işə düşəcəyindən dolayıdır. Bəllidir ki, Peterburqda Ərdoğan-Putin görüşü çərçivəsində hər iki təklif səslənib. Bundan əlavə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu az sonra bəyan edib ki, Rusiya Türkiyə ilə Qarabağ məsələsini müzakirə eləmək istəyir.



***

“Türkiyə, İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşündən sonra Qarabağ konflikti daha intensiv müzakirə ediləcək”. Bu barədə türkiyəli tanınmış ekspert, Qafqaz Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Həsən Oqtay erməni nəşrinə açıqlamasında Çavuşoğlunun bəyanatını şərh edərkən bildirib.

Politoloqa görə, Qarabağ münaqişəsi müharibəyə çevrilə bilər ki, bu da Rusiyanın daxili və xarici təhlükəsizliyinə ziyan vurar. “Roma papasının İrəvana səfərindən sonra Ermənistanda Rusiyaya neqativ münasibətin güclənməsi və yaşanan məlum hərbi böhran sübut elədi ki, bölgədə ciddi problemlər var” - ekspert qeyd edib.



“Putinin Sərkisyanla görüşdə dediyi kimi, konflikt həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə həll olunacaq. Əgər buna nail olunmasa, o zaman Moskva öz sülhməramlı qüvvələrini Qarabağa cəlb edəcək”, - deyə analitik vurğulayıb və bir daha qeyd edib ki, Türkiyə, İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşündən sonra Qarabağ konflikti daha tez-tez müzakirə ediləcək.

***

Beləliklə, Qarabağ məsələsində Azərbaycan və Türkiyə faktorlarının kifayət qədər güclənməsi, hətta tandem şəkildə önə çıxması, ən əsası rəsmi Moskvanın buna normal baxması münaqişənin həllində doğrudan da yeni və hərəkətverici amilə çevrilə bilər. Bu isə o deməkdir ki, Ermənistan əvvəlki illərdəki kimi Azərbaycan ərazilərini rahat şəkildə işğalda saxlaya bilməyəcək. Ayrı sözlə, de-işğal üçün ona ayrılmış zaman limiti bitməkdədir. Söhbət Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasından gedir - nəyin anonsunu ki, bir neçə gün öncə Türkiyə prezidenti də verib.

Ermənistanda bu zərurəti indi heç vaxt olmadığı qədər anlamağa başlayıblar. Düzdür, müqavimət də var. Amma ortada Rusiyanın iradəsi olarsa, təbii ki, bu müqavimətin zərrəcə əhəmiyyəti qalmayacaq. Bu üzdən qonşu ölkədə eyni zamanda xof yaşanır - əraziləri boşaltmaq zərurətindən və təklənmək riskindən dolayı xof.



***
“Məndə məlumat var ki, vəziyyət olduqca ciddidir. Sizi əmin edirəm, bütün strukturlara xüsusi tapşırıq verilib ki, ərazilərin qaytarılmasına hazırlıq görsünlər”. Bu sözləri İrəvanda Qarabağ mövzusunda keçirilən dəyirmi masada erməni hüquq müdafiəçisi Avetik İşxanyan deyib (Virtualaz.org). Lakin o, məlumatı hansı mənbələrdən aldığına dair əlavə heç nə deməyib. “Aravot” qəzetinin yazdığına görə, İşxanyan hamını “ərazilərin qaytarılması planına müqavimət göstərməyə” çağırıb.

“Avqustun 10-da Vladimir Putinlə Serj Sərkisyanın Moskvadakı görüşündən sonra Rusiya KİV yeni üçtərəfli Putin-Sarkisyan-Əliyev danışıqlarının hazırlanmasından xəbər verdilər. Qarabağ münaqişəsinin həllində hərəkətlənmə gözlənilir və müəyyən qədər vaxt lazımdır ki, artıq əldə edilmiş razılaşmalar yeni görüşə qədər yerinə yetirilsin”. Bunu isə Rusiya Federasiyası XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, erməni əsilli rusiyalı politoloq Andranik Miqranyan münaqişə ətrafındakı son durumu şərh edərkən deyib.



“Adətən belə yüksək səviyyəli görüşlər nəticəsiz bitdikdə bu, görüşün təşkilatçısının nüfuzuna zərbə kimi qiymətləndirilir. Hazırda Fransa tərəfindən Sarkisyan-Əliyev görüşünə hazırlıq gedir”, - Miqranyan bildirib. Ekspertin fikrincə, Dağlıq Qarabağın ətrafındakı torpaqların qaytarılması hər zaman, Ermənistanın istənilən prezidentinin dövründə Azərbaycanla danışıqlar mövzusu olub. “Beynəlxalq ictimaiyyət üçün həmin ərazilər lap əvvəldən Azərbaycana qaytarılması zəruri olan ərazilər hesab edilib.

Rusiya da, ATƏT-in Minsk Qrupunun həmsədrləri də onları Azərbaycanın ərazisi hesab edirlər”, - Miqranyan bildirib. Rusarminfo-nun həmin ərazilərin Azərbaycana qaytarılmasının zəruri olub-olmaması barədə suallını cavablandıran Miqranyan təsdiqi cavab verərək deyib: “Gec-tez hər şey öz yerini tutur. Lap yüz il, min il keçsə də”.

Analitik xidmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.