Rəsmi Bakının Avropanın mərkəzindən savaş mesajı; Elmar Məmmədyarovu ATƏT toplantısında sərt çıxışa vadar edən əsas motiv; apreldəki 4 günlük savaşdan bu gün 5 ay ötür, sülh danışıqları isə hələ də dalandadır – səbəb...; zaman indi Ermənistanla yanaşı, vasitəçi dövlətlərin də əleyhinə işləyir; ekspertlər deyir ki...
Apreldəki hərbi eskalasiyadan - Azərbaycan Ordusunun əldə elədiyi mühüm blits-hərbi qələbədən bu gün 5 ay ötür. Bu hərbi qələbə şübhəsiz, 22 illik atəşkəs dövründə status-kvonu ilk dəfə Azərbaycanın xeyrinə dəyişmiş oldu. Çünki işğalçı tərəfin özü haqda on illərdir yaratdığı və danışıqlar masasında ölkəmizə, hətta vasitəçi güclərə qarşı siyasi təzyiq kimi istifadə elədiyi məğlubedilməz mifi darmadağın edildi, müharibənin hələ bitmədiyini həm təcavüzkara, həm də onun arxasındakı qüvvələrə aydın şəkildə nümayiş etdirdi.
Bu, əslində Azərbaycan əsgərinin yaratdığı tam yeni bir situasiya idi və onu istəsə də, istəməsə də ən əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə və ciddiyə almalı idilər. Hər necə olmasa, təmas xəttində və danışıqlar masası arxasında qüvvələr nisbəti artıq əvvəlki kimi deyildi, Bakının xeyrinə dəyişmişdi. Bu da vasitəçilərin problemin həllinə ənənəvi şablon yanaşmaya son qoyub, nəhayət, realist və konstruktiv mövqe tutmasını zəruri edirdi.
4 günlük müharibə eyni zamanda münaqişənin ədalətli şəkildə çözülməyəcəyi təqdirdə hər an böyük müharibə şəklində alovlana biləcəyi barədə Azərbaycan əsgərinin, Bakının həmsədr ölkələrə aydın bir mesajı idi. Bu, habelə Azərbaycan xalqının işğal rejiminə dözüm limitinin bitdiyi haqda sonuncu xəbərdarlıq mesajı idi.
*****
Əfsus ki, 4 günlük müharibənin əsas dərsləri öncə ciddiyə alınsa da, nizamlama prosesində müəyyən canlanma özünü göstərsə də, üstündən 5 ay ötəndən sonra - indi aprelin ibrət dərsləri sanki məqsədli şəkildə unudulmuş kimidir. Belə təəssürat yaranır ki, münaqişə ətrafında durum təzədən əvvəlki status-kvoya qayıdıb, işğalçı Ermənistan təzədən özünü cəzasızlıq mühitində, arxayın hiss etməyə başlayıb .
Image result for Aprel Döyüşləri
Bu isə çox təhlükəli bir durumdur, nədən ki, ermənilərin arxayınçılığına əsas yoxdur, bu - yalançı arxayınçılıqdır. Lap dəqiqi, müharibə hər an qızışa bilər, üstəlik, bu dəfə daha geniş miqyasda. Çünki aprel döyüşlərinin danışıqlar prosesində real siyasi nəticəsini görməyən Azərbaycan Ordusunu bu dəfə dayandırmaq mümkün olmayacaq, rayonlar bir-birinin ardınca azad ediləcək.
Image result for Məmmədyarov
Rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin müşaviri Sergey Markov da tam haqlıdır deyəndə ki, o halda müharibə təkcə 7 rayonla məhdudlaşmayacaq, Dağlıq Qarabağın ərazisinə də girəcək. Bu mənada zaman indi işğalçı Ermənistanla yanaşı, obyektiv səbəblərdən müharibə arzulamayan həmsədr dövlətlərin də əleyhinə işləyir.
*****
Şübhə yox ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məhz bu və digər reallıqları nəzərə alaraq ötən həftə Almaniyanın Potsdam şəhərində ATƏT xarici işlər nazirlərinin qeyri-formal toplantısında Qarabağ mövzusunda çıxışını sərt notlar üzərində qurmalı oldu, Ermənistanın işğal altında saxladığı ərazilərimizdən çıxmasının vaxtının çatdığını bir daha aidiyyəti ünvanlara və paytaxtlara çatdırdı.
Bu, əslinə qalsa, Azərbaycanın növbəti, bu dəfə daha aydın müharibə xəbərdarlığı idi, Azərbaycan xalqının səbir limitinin bitdiyi haqda son dəfə Avropaya, demokratiya paytaxtlarına, vasitəçi güclərə xəbərdarlıq mesajı idi. Bu xəbərdarlıq və mesajlar, nəhayət, ünvana çatacaqmı, ciddiyə alınacaqmı?
Hələlik söyləmək çətindir. Yalnız bunu qeyd eləmək olar və bir çox analitiklər də bu haqda xəbərdarlıq etməyə başlayıb ki, sentyabr ayı da danışıqlar prosesində ciddi dönüş olmasa, Qarabağ münaqişəsi tarixində bu payız yaydan da qaynar bir dönəm kimi qala bilər.
Image result for Aprel Döyüşləri
*****
“Məmmədyarovun Dağlıq Qarabağla bağlı mövqeyi kifayət qədər sərtdir və bu sərtlik ona görədir ki, vaxt gedir”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, mahiyyətcə ciddi danışıqlar getməlidir, ancaq ermənilər hazırda bundan boyun qaçırırlar: “Məmmədyarov bu məsələyə orada toplaşan xarici işlər nazirlərinin diqqətini cəlb edə bilib. Onun Dağlıq Qarabağla bağlı mövqeyi kifayət qədər sərtdir və bu sərtlik ona görədir ki, vaxt gedir. Paralel surətdə həmsədrlər eyni zamanda Moskvada görüşürlər. Düşünürəm ki, bunun arxasınca Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla da dialoqda olacaq. Danışıqlar nəticə vermədiyi və ənənəvi olaraq dalana dirəndiyi halda vəziyyət yenə gərginləşəcək. Hesab edirəm ki, bu, hamıya aydın olmalıdır”, - politoloq qeyd edib.
Image result for Aprel Döyüşləri
Qeyd edək ki, bu həftə - sentyabrın 8-də həmsədrlər Moskvada bir araya gələcəklər. Nikbin əhvallı ekspertlər vasitəçilərin bu görüşünü əhəmiyyətli hesab edirlər. Məsələn, qarşıdakı görüşü və onun mümkün nəticəsini şərh edən başqa bir azərbaycanlı politoloq Qabil Hüseynə görə, həmsədrlər danışıqlar prosesini yenidən irəliyə aparmaq və konsensusa gəlmək istəyirlər.
Image result for Həmsədrlər
Sabiq dövlət müşaviri erməni tərəfinin hazırda hər vasitə ilə prosesi pozmağa çalışdığına diqqət yönəldərək deyir: “Həmsədrlər danışıqlar prosesini yenidən irəliyə aparmaq və konsensusa gəlmək istəyirlər. Ancaq erməni tərəfi Qarabağla bağlı məsələləri sabotaj edir. Rusiyanın Azərbaycana müəyyən söz verməsinə baxmayaraq, Moskvanın reaksiyası çox zəifdir. Ona görə də danışıqlar prosesində irəliləyiş yoxdur. Dağlıq Qarabağın işğaldan azad olunması üçün bütün dünya bu işə əl qoymalı, kömək etməlidir. Həmsədrlər artıq görüşüblər və bu yaxınlarda xarici işlər nazirlərinin görüşü gözlənilir. Xarici işlər nazirləri isə prezidentlərin görüşünü hazırlamalıdır. Rusiyadan belə səslər eşidilir ki, guya prezidentlərin növbəti görüşündə hansısa irəliləyişlər ola bilər. Düzdür, belə şeyləri çox eşitmişik, ancaq ehtiyatla deyirəm ki, bu payızda məsələnin həllində irəliləyişlər ola bilər. Çünki qarşıda xarici işlər nazirləri və prezidentlər səviyyəsində görüşlər intensivləşəcək”.
*****
Əlbəttə ki, “İstənilən pis sülh müharibən yaxşıdır”, deyirlər. Lakin əgər “pis sülh” daima, məqsədli şəkildə ədalətli sülhü əngəlləmək üçün kiminsə əlində vasitəyə çevrilirsə, artıq o, müharibənin özündən də təhlükəli amilə çevrilmiş olur. Azərbaycana pis sülh yox, ədalətli sülh, ədalətli nizamlama lazımdır. Bu, onun beynəlxalq hüquqla təsbit edilən halal haqqıdır. Bu xalq qədərindən də artıq gözləyib və onun gözləmə limiti bitib - hansını ki, baş diplomatımız bir daha Avropadan bəyan elədi. Azərbaycan xalqı adından.
Kim müharibə istəyirsə, onu da alacaq. Zira, sülhün alternativi hərbdir.
Analitik xidmət