İŞİD üçün gerisayım başladı – Azərbaycan üçün də mühüm qərar

10-09-2016, 08:43   
İŞİD üçün gerisayım başladı – Azərbaycan üçün də mühüm qərar

Böyük savaşa sayılı günlər qaldı – kritik gəlişmə;Türkiyə və ABŞ terror təşkilatının sonuna çıxmağa hazırlaşır, Rusiya isə... tərəddüddədir; qardaş ölkə bölgədə yeni tarix yazır; növbə bir gün Güney Qafqaza, Qarabağa da çatacaq...
Türkiyənin Suriya ərazisində “Fərat qalxanı” əməliyyatı davam edir. Artıq qardaş ölkənin Suriya tərəfdən İŞİD-lə həmsərhəd bütün əraziləri azad edilib. Türkiyə Silahlı Qüvvələri isə Azad Suriya Ordusu (ASO) ilə birgə uğurlu hərbi əməliyyatlara ara vermək niyyətində deyil.

Gözlənildiyi kimi, Türkiyənin siyasi və hərbi rəhbərliyi bununla kifayətlənməyərək, terror təşkilatını yuvasındaca məhv eləmək üçün irəliləməkdə qətiyyətlidir. Bu da o anlama gəlir ki, bölgə artıq ən həlledici və kritik bir dönəmə daxil olmaqdadır.

Srağagün NATO baş katibi Yens Stoltenberqin qəfil Türkiyə səfəri də sübhəsiz ki, öncəliklə bununla - proseslərin sürətlənməsi ilə bağlı idi. Rəsmi Ankara təbii ki, hərbi əməliyyatları yüz ölçüb-bir biçməklə, konfliktə cəlb olunmuş xarici güclərin, NATO üzrə müttəfiqlərin maraqlarını nəzərə almaqla aparır.

***

Anti-İŞİD anlaşması yönündə danışıqlar “G-20"-nin Çin sammitində ABŞ, Türkiyə və Rusiya prezidentləri arasında ikitərəfli müzakirələrdən sonra intensivləşib. Ardınca Londonda toplanan bir neçə ölkə lideri səviyyəsində Suriyada savaşın bitməsi ilı bağlı qərar qəbul edilib. Həmin görüşdən sonra İŞİD-in ”paytaxtı" Rakka və İraq şəhəri Mosulun azad edilməsinə dair hazırlanmış planın detalları üzə çıxıb.

Image result for İSİS Rakka

Məlumata görə, əməliyyata ABŞ, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı başda olmaqla, bölgədəki digər ölkələr də qatılacaq. Hücum zamanı Türkiyə və NATO qüvvələri İŞİD mövqelərinə hava zərbələri endirəcək. O da bildirilir ki, əməliyyatla bağlı yekun qərar 13-20 sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Məclisinin sessiyası çərçivəsində veriləcək. Yəni böyük savaşa sayılı günlər qalır.

Ona kimi isə konflikt cəlb olunmuş daha bir böyük dövlətlə - Rusiya ilə anlaşmanın tapılacağı gözlənilir. Çünki rəsmi Moskva Türkiyə və ABŞ-ın müraciətlərinə rəğmən, öz mövqeyini hələ ki, qətiləşdirməyib. Məntiqlə Rusiya da İŞİD-in məhvində maraqlıdırsa, o zaman o da prosesə sanballı töhfə verməli, ən azından, İŞİD-ə qarşı quru əməliyyatlarının effektli olmasına əngəl yaratmamalıdır.

Yeri gəlmişkən, dünən Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin rəsmi saytında məlumat verilir. Söhbət zamanı tərəflər Türkiyə-Rusiya münasibətlərinin gələcək inkişafını müzakirə ediblər. Xüsusi diqqət Suriyadakı vəziyyətə yönəldilib. İki prezident Suriya münaqişəsinin nizamlanması prosesində səylərin koordinasiya edilməsi üçün intensiv əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

***

Londonda isə Türkiyə müdafiə naziri Fikri İşıq və onun amerikalı həmkarı Eşton Karter Rakka əməliyyatını müzakirə ediblər. İki nazir Rakkanın geri alınması üçün başladılacaq prosesin mərkəzində yerli qüvvələrin olmasının vacibliyini vurğulayıb. Hər iki nazir əməliyyatın başında məhz yerli qüvvələrin dayanması ilə bağlı anlaşma əldə edib.
Pentaqon başçısı həmçinin Türkiyənin “Fərat qalxanı” əməliyyatını dəstəklədiklərini söyləyib. Karter mətbuata açıqlamasında Mosul və Rakkanın qısa müddətdə İŞİD-dən təmizlənəcəyini də bildirib. Lakin bundan ötrü Rusiyanın da dəstəyinə ehtiyac duyulur.
“Suriya böhranında açar ölkə Rusiyadır. Rusların doğru yönə keçməsi lazımdır”.



Bunu da Pentaqon başçısı deyib. O, Rusiyanın Qərbin işlərinə qarışmamalı olduğunu da bildirib: “Biz Rusiyanın timsalında düşmən axtarışında deyilik. Lakin burada yanlışlıq olmasın. Müttəfiqlərimizi və prinsiplərə söykənən beynəlxalq öhdəlikləri qoruyacağıq. Suriyadan gələn xəbərlər dəhşətdir. Bu seçimi edən isə Rusiya idi. Nəticələrə görə Rusiya da məsuliyyət daşıyır”.

***

“İŞİD-lə mübarizə bu mərhələdə çətin olmayacaq. Rusiyanın etirazlarına baxmayaraq, Türkiyə və ABŞ qələbəni öz ayaqlarına yazmaq imkanına malik olacaq və bununla da tarixə düşəcək”. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Suriyada Mosul-Rakka əməliyyatlarına başlaması barədə danışarkən politoloq Qabil Hüseynli deyib.

Image result for İSİS Rakka

Sabiq dövlət müşaviri bildirib ki, Türkiyənin İŞİD-ə qarşı Suriyada quru əməliyyatlarına başlaması çox böyük əhəmiyyət kəsb edir: “Düzdür, Ankaranın birinci məqsədi İŞİD-i tamamilə Yaxın Şərqdən silməkdir. Ancaq Türkiyə paralel olaraq kürdlərin dənizdən-dənizə dövlət layihəsini də məhv etməyi qarşısına məqsəd qoyub. Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə əlaqədar Rusiya və Amerika fərqli fikirlər səsləndirir. Türkiyə, hələ ki Amerikanın dediyinə əməl edərək kürdlərlə vuruşmur. Obama ilə Ərdoğan İŞİD-ə qarşı son mübarizəyədək Amerika və Türkiyənin quru və hərbi hava qüvvələrini birləşdirməsi barədə razılaşıblar.

NATO-nun hərbi hava qüvvələri də əməliyyatlarda iştirak edəcək. Amerikanın çox müasir raket silahları artıq Türkiyənin sərhədlərinə gətirilib. Yaxın günlərdə bu ölkənin dəniz piyadaları və eləcə də xüsusi təyinatlı qoşunları Türkiyə ilə birgə əməliyyat planlarını həyata keçirəcək. Amerika və türk generalları Rakkanın alınması üzrə birgə hərbi əməliyyat planı hazırlayırlar. Bu yaxınlarda hər iki dövlətin Rakkaya böyük hücum əməliyyatı gözlənilir”.

Image result for İSİS Rakka Turkish Army

Politoloq Amerikanın bu dəfə İŞİD-i yox etməkdə daha qərarlı göründüyünü bildirib: “Türkiyənin Əsədə qarşı münasibəti dəyişib, keçid dövrü və dinc siyasi proseslərin həyata keçirilməsi ön plandadır. ABŞ və Rusiya bu planı dəstəkləyir. Ancaq Rusiya nədənsə hərbi əməliyyatlara qatılmaq istəmir. Amerika isə bu dəfə İŞİD-i yox etməkdə daha qərarlı görünür. Mosulun alınmasına da az qalıb. İŞİD sıralarında fərarilik halları artır. Görünür, İŞİD-lə mübarizə bu mərhələdə çətin olmayacaq. Rusiyanın etirazlarına baxmayaraq, Türkiyə və Amerika qələbəni öz ayaqlarına yazmaq imkanına malik olacaq və bununla da tarixə düşəcəklər”.

Image result for Türkiye Cerablusta

***

Beləliklə, İŞİD üçün geri sayımın başladığını inamla söyləmək olar. Bu terror təşkilatının axırına çıxılması isə Suriya böhranının həllinin tezləşməsi, dünyanın ən qorxunc terror təhdidindən qurtulması, Avropanın miqrant böhranından qurtulması demək olacaq.

Yaxın Şərq böhranının aradan qaldırılması sövq-təbii digər regionlardakı potensial müharibə və münaqişə ocaqlarının, o cümlədən Güney Qafqazdakı konfliktlərin, Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına əlverişli zəmin yarada bilər.

Image result for Qarabağ

Ən əsası, bu münaqişələrin də həllində Türkiyə digər qlobal və regional güclərlə birgə öz vazkeçilməz rolunu oynayacaq ki, bu da Azərbaycanın milli maraqlarına tamamilə uyğundur.

Demək, Azərbaycan da mühüm və tarixi bir dönəmin astanasındadır. Odur ki, rəsmi Bakı bölgə və onun ətrafında gedən prosesləri diqqətlə izləməli, qardaş ölkə ilə çevik, sinxron və uzlaşdırılmış siyasət yürütməyi bacarmalıdır.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.