Nizamlanma prosesi ətraflında yeni gəlişmə; Moskvanın KTMT-ni İrəvana etibar etməsinin arxasındakı ilginc motiv; Putinin müşaviri: “Münaqişənin həllində sıçrayış üçün real imkan var”; erməni analitik: “Bizim alternativimiz qalmayıb, Sərkisyan bilməli idi ki...”
Qarabağ probleminin həllində irəliləyiş üçün ən əvvəl işğal altındakı ərazilərin bir qisminin ilkin mərhələdə azad edilməsinin dərki düşmən ölkədə əməllicə təlaş və çaşqınlıq yaradıb. Özü də bu ovqat təkcə Ermənistanın hakim çevrələrində deyil, ictimai və ekspert dairələrində də getdikcə qabarıq şəkildə görünməkdədir.
Azərbaycan ordusunun aprel uğuru, üstəlik, sülh danışıqlarında təzyiqlərin mümkün istiqamətini xeyli dərəcədə işğalçıya tərəf dəyişib ki, bu da düşmən tərəfi təlaşlandıran başqa bir mühüm reallıqdır. Bu xüsusda yeni ilginc gəlişmələr var.
***
Ondan başlayaq ki, bir neçə gün öncə “Rusiya NATO-su” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri postuna Ermənistan nümayəndəsinin - hazırkı müdafiə naziri Seyran Ohanyanın təyin olunacağı xəbəri yayılıb. Bu, təbii ki, Azərbaycanda narahatlıq yaradan xəbərdir. Hələ onu demirik ki, Ohanyan Xocalı hərbi canilərindən biri sayılır.
Lakin tanınmış rusiyalı politoloq, prezident Vladimir Putinin etibarlı şəxsi Sergey Markov təşkilatda gözlənilən baş katib dəyişikliyini şərh edərkən maraqlı məqamlara toxunub, belə demək mümkündürsə, rəsmi Bakının könlünü almağa hesablanmış şifrəli mesajlar verib. Əvvəlcə onun açıqlamalarına diqqət yetirək.
“Ermənistan KTMT-nin tamhüquqlu üzvü olduğu üçün onun nümayəndələri qurumda hansısa vəzifə tutmaq hüququndan məhrum edilməyib. Ancaq bu halda Rusiya təyinatın Bakıda neqativ qarşılanacağını anlayır. Rusiya Azərbaycana da mühüm müttəfiq kimi baxır. O səbəbə fikrimcə, KTMT-yə erməni şəxsin başçı təyin olunması hərbi və hərbi-texniki sahədə Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrində hansısa başqa formatlarla Moskva tərəfindən kompensasiya ediləcək. Rusiya Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirəcək”, - deyə politoloq rəsmi Bakını sakitləşdirməyə çalışıb.
Daha maraqlısı isə onun sonrakı fikirləridir. Putinin danışmanının sözlərinə görə, erməninin KTMT rəhbərliyinə gətirilməsi Kremlin Qarabağ konfliktinin həllinə yönəlik səylərinə neqativ təsir göstərməyəcək, hətta əksinə. Çünki Markova görə, nizamlama prosesində sıçrayış üçün indi real imkan var. “Ola bilsin ki, erməni siyasətçisinin yüksək vəzifəyə təyinatı da elə Ermənistan üçün hansısa kompensasiya formatıdır” - politoloq qeyd edib.
Yəni qənaət hasil olur ki, əslində KTMT rəhbərliyinin erməniyə etibar edilməsi İrəvanı əraziləri qaytarmaqla bağlı, bir növ, daha ürəkli olmağa hesablanıb, başqa sözlə, siyasi avans xarakteri daşıyır. Təxminən “Sizə bu güzəşti də etdik, əvəzində ərazilər məsələsində radikal mövqedən çəkinin, Moskvanın həll modelini sabotaj etməyin” tezisi şəklində.
Doğrudur, politoloq etiraf edir ki, KTMT-nin yeni erməni başçısı Ermənistanın digər təşkilatlardakı nümayəndələri kimi, Qarabağ məsələsində başqa ölkələri və təşkilatları Ermənistan tərəfə çəkməyə çalışacaq. “Lakin mən düşünmürəm ki, bu yöndə İrəvan hansısa uğura çata bilər”, - deyə Markov dərhal vurğulayıb.
Yada salaq ki, KTMT-nin başına erməni generalının gətirilməsi məsələsi bir neçə ay öncə də gündəmə gəlmişdi. Lakin bu təyinatın Türkiyə və Azərbaycanda qıcıq yaradacağı səbəbindən son anda həmin addımdan vaz keçilmişdi. İndi isə belə görünür ki, məsələ təzədən aktuallıq qazanıb. İstisna deyil ki, Moskva bununla həm də son vaxtlar Qərbə sarı boylanan və anti-Rusiya isterikası yaşanan Ermənistanı özünə daha güclü bağlamaq, ardınca isə, Markovun dediyi kimi, Qarabağ məsələsində onu daha ürəkli etmək niyyəti güdür.
***
Maraqlıdır ki, Markovun açıqlaması ilə təxminən eyni gündə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “İnterfax”a verdiyi müsahibədə erməniləri məyus edən fikirlər səsləndirib. Xüsusən də onun Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin qaytarılmasının nəzərdə tutulması barədə söylədikləri Ermənistanda narahatlığı daha da artırıb.
Müsahibədə ermənilərə xoş gəlməyən başqa maraqlı məqamlar da yer alıb. Belə ki, Uorlik Dağlıq Qarabağda qaliblərin və məğlubların olmaması gərəkdiyi barədə Rusiya prezidenti Putinin söylədiklərini təkrar edərək deyib: “Danışıqlar o vaxt uğurlu olacaq ki, bundan həm Azərbaycanın, həm də Ermənistanın əhalisi qazanacaq. Bu region dinc və təhlükəsizlikdə yaşamağa layiqdir”.
Musavat.com-un məlumatına görə, amerikalı həmsədrin bu sözləri ən qatı qərbpərəst erməni analitiklərinin də xoşuna gəlməyib. Çünki onların fikrincə, münaqişənin yalnız bir şəriksiz qalibi var və o “qalib”in nəinki Qarabağ, hətta ətraf rayonları belə ilhaq etməyə haqqı çatır.
Diplomatın müsahibəsində diqqət çəkən digər xüsusat isə onun azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasının vacibliyinə diqqət yönəltməsidir. Çünki Uorlik məhz bu cümlələrin arxasınca ərazilərin qaytarılması müqabilində Dağlıq Qarabağa status verilməsi məsələsindən danışıb. Yəni “Azərbaycanın tərkibində status alacaq Dağlıq Qarabağın erməni əhalisi azərbaycanlılarla bir yerdə yaşaya bilər” məntiqi.
O, habelə Rusiyanın münaqişənin həllindəki rolunu olduqca məhsuldar və pozitiv hesab etdiyini söyləyib. Rusiyanın isə hazırda daha çox “Lavrov planı”na istinad elədiyi bildirilir. Həmin plan Uorlikin xatırlatdığı kimi, ərazilərin boşaldılması qarşılığında Dağlıq Qarabağa aralıq status verilməsini nəzərdə tutur...
***
Amerikalı həmsədrin son açıqlamaları ilə bağlı erməni tərəfdən narahat dolu reaksiya özünü çox gözlətməyib. Qondarma “DQR”in “prezidenti”nin mətbuat katibi David Babayan təklif edilən statusun öz-özlüyündə qondarma qurumun təhlükəsizliyi üçün təminat ola bilməyəcəyini söyləyib. Separatçı qeyd edib ki, ərazilər məsələsi daima Azərbaycan tərəfindən qaldırıldığı üçün həmsədrlər istər-istəməz onu gündəmə salmağa məcbur olurlar. “Ərazilərin qaytarılması müqabilində statusun verilməsi Azərbaycanın tərkibində muxtariyyəti də nəzərdə tuta bilər”, - deyə erməni narahatlığını gizlətməyib.
“Bu prinsip 1994-cü ildən - Bişkək protokolundan sonra qüvvədə olub: nəyinsə qarşılığında ərazi. Əvvəlcə status qarşılığında ərazi güzəştindən danışılırdı, sonra isə sülh qarşılığında status söhbəti başladı. Son müzakirələrin gedişində isə bu prinsip ərazi əvəzinə aralıq status anlamı daşımağa başlayıb”. Bunu isə tanınmış erməni politoloqu, “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyan Qarabağ danışıqlarının hazırkı mərhələsini şərh edərkən bildirib.
“Bu, yenilik deyil. Biz 1994-cü ildə nəyi əkmişdiksə, Madrid prinsipləri ilə nəyi becərmişdiksə, onu də indi biçirik. Sülh naminə güzəştlər sülhə yox, dəhşətli müharibəyə gətirəcək. Bizim seçimimiz pislə ən pis arasındadır. Pis - hazırkı vəziyyətdir. Ərazi güzəşti (erməni politoloq Azərbaycan ərazilərinin qaytarılmasını belə adlandırır - red.) situasiyanın pisləşməsinə gətirəcək. Çünki o halda ”DQR" daha asan hədəfə gələcək, onun yaşayış məntəqələri atəş altına düşəcək" - Papyan iddia edib.
Lakin erməni ekspertin fikrincə, hazırda danışıqlar prosesi getdiyi üçün Ermənistanın alternativi qalmayıb. “Serj Sərkisyanı əraziləri verməyə məcbur edirlər. Ancaq 2008-ci ildə - hakimiyyətə gələrkən o, gözəl bilirdi ki, onu nə gözləyir” - sonda Ara Papyan vurğulayıb.
Analitik xidmət