İranın paytaxtı Tehranda yerləşən "Ararat" klubunda 48-ci Erməni Olimpiadasının açılışı keçirilib.
SalamNews “Tasnim” agentliyinə istinadən xəbər verir ki, açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, İranın Ermənistandakı səfiri və Ermənistanın tanınmış atletləri iştirak ediblər.
İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi və İran prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi də tədbir iştirakçıları arasında olub.
10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atlet 9 idman növü üzrə yarışacaq. Rəsmi məlumatlarda qeyd olunmasa da, olimpiadanın açılışı zamanı çəkilən fotoşəkillərdə qondarma Dağlıq Qarabağ Respubikasının da təmsil olunduğu aşkar görünür. Belə ki, erməni idmançılarının üzərində "Artsax" yazılmış geyimlərində qondarma respublikanın bayraqları da əks olunub.
Bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd Ermənistan idmanında yeni istedadları üzə çıxarmaq və gənclərin idmana marağını artırmaqdır.