MTN generalı Akif Çovdarovun məhkəməsinin başlanıb. Onun cinayət işləri barədə faktlar açılır. ABU-nun rektoru olmuş Elşad Abdullayev də qardaşı Mahirin qətli ilə bağlı müraciət edib.
E.Abdullayev müraciətində yazır ki, “ölüm eskadronu”nun qorxunc lideri olan Akif Çovdarovun bu hadisədə barmağı var:
“Mahir Abdullayevi Mətanət İsgəndərlinin evindən oğurlayıblar. Mən bir hüquq professoru olaraq iddia etmirəm, maddi sübutlarla tam məsuliyyətlə təsdiq edirəm ki, Mahir Abdullayevi oğurlanması məkan - yer etibarı ilə müğənni Mətanət İsgəndərlinin evindən olub.
Mətanət İsgəndərli ilə heç bir şəxsi-qərəzliyim yoxdur. Onu efirdən tanımışam, Mahir oğurlana qədər də heç bir əlaqəm olmayıb.
Bu cinayət hadisəsindən sonra bir hüquqşünas kimi onun Mahir Abdullayevin oğurlanması cinayətindəki rolunu gizlincə araşdırmaq zərurətində qaldım”.
E.Abdullayevin sözlərinə görə, qardaşının oğurlanması cinayətinin bilavasitə təşkilatçısı MTN-in birinci müavini general Hilal Əsədov olub:
“Cinayətin icra prosesinə Akif Çovdarov və onun yaxın qohumu Qulu Cəfərov rəhbərlik ediblər. Cinayətin istiqamət verəni - "nakolşiki" Hilal Əsədovun yaxın qohumu və işçisi Sənan İbrahimov olub.
O, hər ay Hilal Əsədova “yağlı'' işlər verib və müqabilində pul alıb. Cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı - Təranə, dayısı oğlu-sürücüsü Teymur, onun anası və bacısı, prodüsser Ələddin və mediada ictimailəşdirdiyimiz şahidlərdi. Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini Hilal Əsədovun agenti olub”.
Keçmiş rektor deyib ki, Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub: “Akif Çovdarovun etdiyi bütün cinayətlərin təşkilatçısı Hilal Əsədov və Rəsul Rəsulovdur. Akif Çovdarov və Hilal Əsədov bir medalın iki üzüdü.
Hilal Əsədov Hacı Məmmədovun cinayət işində olduğu kimi, sonda, məhkəmə prosesində Akif Çovdarovu qurban verib özü kənarda qalacaq.
O, Akif Çovdarova söz verib ki, “adımı hallandırma, səni qurtaracam”. Həbsdə ölən MTN generalı İlqar Əliyev də onun əl işidir. Hilal Əsədov bu gün ’’MTN İşi'' cinayətlərinin əsas subyekti olmasına baxmayaraq məhkəmə məsuliyyətindən qorunur”.
Keçmiş rektor yazıb ki, H.Əsədov və M.İsgəndərli azadlıqda olduğu müddətdə A.Çovdarovun cinayətlərinə obyektiv hüquqi qiymət verilə bilməz: “Onların hər ikisinin Akiv Çovdarovla birlikdə məhkəmə məsuliyyətinə cəlb olunmasını tələb edirəm.
Cinayət Məcəlləsinin (AR-in CM-si) 296-cı maddəsi ”Bilə-bilə yalan xəbərçilik etməyə'' görə ağır cinayət məsuliyyəti müəyyən edib;
İkincisi, Mətanət İsgənərli və cinayətkar şəbəkə bu günə qədər bilə-bilə istintaq yalan ifadə veriblər.
CM-in 297-ci maddəsi bilə-bilə yalan ifadə verməyə görə ağır cinayət məsuliyyəti müəyyən edib;
Mətanət İsgəndərli, hələ gec deyil, məhkəmədə düzgün ifadə versəniz cinayət məsuliyyətindən azad oluna bilərsiniz. Həm də həyatınızı xilas edə bilərsiniz”.
E.Abdullayev detalları açıqlayıb: “Mahir İslam oğlu Abdullayev 13 oktyabr 2003-cü il tarixdə səhər saat 10:18-dən 16:20-dək müğənni Mətanət İsgəndərlinin Səbael rayonu, Nizami küçəsi ev 4, mənzil 8 ünvanında yerləşən evində zorən saxlanılıb.
Mahir müğənni Mətanət İsgəndərlinin evinə onun həmyerlisi və prodüsseri Əlləddin adlı şəxsin dəvəti ilə gəlib. İbtidai istintaq da ilkin vaxtlar bu faktın üzərində dayanmış və araşdırmalarını bu istiqamətdə aparmışdı.
İstintaq zamanı, həm də o məlum olmuşdu ki, İbrahimov Sənan İzzət oğlu, Əsədov Ələddin Qurban oğlu, Kərimov Asif Nəriman oğlu, Şəkili Eldar, Mətanət İsgəndərlinin qızı, müğənninin sürücüsü dayısı oğlu Teymur adlı şəxs 6 saat göstərilən mənzildə saxlanılan Mahir Abdullayevin başına gətirilənlərdən xəbərdardırlar.
Hətta bəzi məlumatlara görə Mahir 6 saat bu mənzildə zorla saxlandığı zaman odlu silahla yaralanıb. Lakin məlum olmayan səbəbdən sonradan istintaq bu istiqamətdə deyil, cinayətin ört-basdır edilməsinə gətirib çıxaran digər istiqamətlərdə aparılıb.
Məhz istintaqın yanlış istiqamətdə aparılmasının, sanki bilərəkdən cinayətin üstünün açılmamasına yönəldilməsi ötən 13 ildə heç bir nəticənin əldə edilməməsinə səbəb olmuş, əvəzində nəticəsiz istintaq işi süni şəkildə qalınlaşdırılır və müstəntiqlər bir-birinin ardınca dəyişdirilib.
Hilal Əsədovun qohumu Sənan İbrahimovun Mahirin oğurlanmasına bir gün qalmış tələm-tələsik məndən 50 min borca pul istəməsi, yenə də Mətanətin evinə gətirən dəlillər, Mahirin çantasından götürülən 600 min dollar təkzibedilmz faktlardır”.
Politika.Az