Sumqayıtda kütləvi zəhərlənmə, zəhərlənənlərə "bu haqda susun" göstərişi verilib
Sumqayıtda yerləşən müəssisələrdən birində işçilər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Belə ki, bununla bağlı yayılan məlumatlarda bildirilir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən USPAY texnologiyalar müəssisəsində qeydə alınıb. Bildirək ki, sözügedən müəssisə Sumqayıt Texnologiyalar Parkının tərkibində yerləşir.
Məlumata görə, nahar vaxtı qida qəbul etdikdən sonra 15 işçi özünü pis hiss edib. Zəhərlənən şəxslər 1 saylı Sumqayıt şəhər Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırılıb. Onlar ilkin ambulator yardım aldıqdan sonra evə buraxılıblar. Hadisə ilə bağlı, cumhuriyyet.az-a Sumqayıtdakı mənbələrdən daxil olan məlumata görə zəhərlənmə faktı ərzaq keyfiyyətsizliyi üzündən baş verib: “Burda verilən yeməklərdən dəfələrlə narazılıq olsa da müəsisə rəhbərliyi bunu heç zaman nəzərə almayıb”.
Onu da bildirək ki, kütləvi zəhərlənmə faktının ört-basdır edilməsi üçün müəsisə rəhbərliyi dərhal hərəkətə keçib və lazımi orqanlarla razılaşmalara cəhd edib. Belə ki, zərərçəkmişlərdən birinin cumhuriyyet.az-a bildirdiyinə görə hətta fəhlələrə də bu haqda danışmamaq tapşırılıb.
Mövzu ilə bağlı ətraflı məlumatları təqdim edəcəyik….