Qarabağ məsələsi ətrafında təhlükəli “U dönüşü” - kritik gəlişmə

1-10-2016, 09:42   
Qarabağ məsələsi ətrafında təhlükəli “U dönüşü” - kritik gəlişmə

Payızda solan sülh ümidləri, artan müharibə riskləri; ABŞ münaqişənin həllinə görə məsuliyyəti Azərbaycan və Ermənistan rəhbərlərinin üstünə atdı – səbəb; Rusiyanın da ləngiyən təşəbbüskarlığı və yaxasını kənara çəkməsi geridönməz proseslərə gətirə bilər...
“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”. Belə bir bəyanatla ABŞ-ın dövlət katibi Con Kerri çıxış edib. Amerika xarici siyasət idarəsinin başçısı hesab edir ki, Azərbaycan və Ermənistan arasındakı Qarabağ konfliktinin həlli üçün şərait hələ yetişməyib.

“Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər”, deyə - Con Kerri bildirib.

Bu açıqlama bir neçə mühüm məqamı ilə diqqət çəkir. Biri və birincisi odur ki, Kerri bununla Dağlıq Qarabağ ixtilafının həllinin Ağ Ev üçün ən azı, yaxın perspektivdə prioritet məsələ olmadığına açıq işarə vurub. Bu da əslində anlaşılandır.

Söhbət təkcə Amerikanın başının Suriya böhranına, İŞİD-ə qarışmasından getmir. Həm də ondan gedir ki, Obama administrasiyasının siyasi ömrü 1-2 aydan sonra bitəcək. Bu üzdən Qarabağ konflikti kimi qəliz problemin həllinə Ağ Ev hökumətinin vaxtı və diplomatik potensialı, sadəcə, yetməyə bilər.

İkincisi, ABŞ dövlət katibi son açıqlama ilə çox güman ki, bir daha münaqişənin həllində Ermənistanın müstəqil qərar verməyinin nə dərəcədə önəmli olmasına diqqət yönəltməyə çalışıb. Müstəqil qərarı isə İrəvan yalnız Moskvadan siyasi-hərbi asılılığı azaldacağı təqdirdə mümkündür. Hər halda, ABŞ-da da bilirlər ki, hazırda Ermənistan rəhbərinin Qarabağ məsələsində söz sahibliyi Azərbaycan prezidentindən fərqli olaraq, faktiki, sıfırın yanındadır.
Bu mənada Kerri “liderlər sülhə hazır deyil” sözləri ilə həm də Rusiyanın sülhə hazır olmadığını bəyan edib. Çünki Qarabağa dair danışıqlarda Ermənistanı, faktiki, Rusiya əvəz edir və problemin çözümündə ABŞ-ın da öncələr etiraf elədiyi kimi, Moskva həlledici amil rolundadır.

Image result for White house

Rusiya isə belə görünür, ABŞ kimi yaxasını kənara çəkib, danışıqlar prosesində dönüş olmaq üçün işğalçı tərəfə ciddi təzyiq göstərmək həvəsində deyil. Əksinə, son vaxtlar Ermənistanın təhlükəsizliyini gücləndirmək yönündə addımlar atmağa, ona müəyyən təhlükəli silahlar ötürməyə başlayıb.

*****
ABŞ-la Rusiya arasında Suriya böhranına görə son həftələr güclənən ixtilaf da Qarabağ münaqişəsinin həllinə özünəməxsus neqativ təsirini göstərməkdədir. Hər necə olmasa, iki qlobal güc arasında Suriya anlaşması başqa konfliktlərin həlli üçün də münbit siyasi atmosfer yarada bilərdi. Bu isə yoxdur. O üzdən də Rusiya “həyati maraqlar” zonası saydığı bölgələrdə, o sırada Güney Qafqazda özünü əziyyətə salmaq istəmir. “Qum saatı” isə artıq işə düşüb, qızıldan qiymətli vaxt gedir.

Başqa yandan, Kreml yəqin onu da ciddiyə alır ki, Dağlıq Qarabağ ixtilafının hər hansı formada həlli, yaxud savaş variantının gündəmdən çıxması Rusiyanın silah bazarına neqativ təsir edəcək; Azərbaycanın rus silahlarına daha əvvəlki tək ehtiyacı qalmayacaq. Bu isə ilbəil sərtləşən sanksiyalardan əziyyət çəkən kasad Rusiya büdcəsi üçün əlavə maliyyə itkisidir. Yeri gəlmişkən, iddialara görə, Moskva “İsgəndər” qalmaqalı ilə Azərbaycanı da bu silahlardan almaq zorunda qoyub, “qabağa düşmək” niyyətindədir.

Image result for İsgəndər M

Ancaq Rusiya istəsə də, istəməsə də, Qarabağ konflikti artıq elə səviyyəyə çatıb ki, onu heç olmasa, təcili şəkildə “yumşaltmaq” qaçılmazdır. Əks halda, yeni və qat-qat dağıdıcı müharibədən yayınmaq heç kimə müyəssər olmayacaq. Budəfəki müharibəni Moskvanın dayandıra biləcəyi də mümkünsüz hesab edilir. Bölgənin alovlanması isə öncəliklə Rusiya və onun regiondakı maraqları üçün böyük təhdidlər yaradacaq.

Nəzərə alsaq ki, belə vəziyyətdən, - xüsusən də İŞİD-in axırına çıxıldıqdan sonra, - beynəlxalq terror təşkilatları da Rusiya əleyhinə yararlanacaq, o zaman mənzərə aydın olar. Yeri gəlmişkən, bugünlərdə Rusiya kəşfiyyatının başçısı Aleksandr Bortnikov Bakıda bəyan elədi ki, Yaxın Şərqdəki terror təşkilatlarının rəhbərləri öz fəaliyyətlərini Şimali Qafqaza keçirməyə hazırlaşırlar. Rusiyaya analoji xəbərdarlıqla ABŞ da çıxış edib.

Image result for Moskow Kreml

*****
Sözü ona gətiririk ki, Qarabağ münaqişəsinin sonsuzadək və süni şəkildə uzadılması nə ABŞ-ın, nə də ələlxüsus şimal qonşumuzun strateji maraqlarına cavab verə bilməz. Ən azından məntiq bunu deyir. Ekspertlər də Moskvanın tələsməli olması qənaətindədir.

“Payızda danışıqlar prosesi başlamalı, 5 rayonun geri qaytarılması məsələsi müzakirə edilməlidir. Lakin Rusiya bu prosesləri öz üzərinə götürsə də, hələ ki hərəkətə keçməyib. Üstəlik, Ermənistana yeni dağıdıcı tipli silahlar verilir. Belə olan surətdə Azərbaycan təsirli cavab tədbirləri görməklə düşmən üzərində hərbi, siyasi və psixoloji üstünlüyünü heç zaman əldən verməyəcək”.

Bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinə görə, Azərbaycanın qardaş Türkiyədən alacağı yarımballistik raketlər dağıdıcı gücünə görə heç də Rusiyanın Ermənistana verdiyi silahlardan geri qalmır: “Azərbaycanda Müdafiə Sənayesinin yeni bir sahəsi - raketqayırma sənayesi formalaşmaqdadır və bazası da artıq yaradılıb. Azərbaycan 280 kilometr məsafəyə uça bilən raketlərin istehsalını layihələndirib. Ümumiyyətlə, ilin sonunadək 120 adda yeni hərbi məmulatın hazırlığı və istehsalı nəzərdə tutulur ki, bu da ölkənin müdafiə sənayesini çox yüksək bir səviyyəyə çatdıracaq. Əlbəttə, Azərbaycan Ermənistana verilən ”İsgəndər"lərlə bağlı Rusiya ilə diplomatik kanallar vasitəsilə fikir mübadiləsi aparır və bu raketlərin təyinatının dəyişdirilməsi, yəni Azərbaycana qarşı istifadə edilməməsi istiqamətində Moskvadan təminat almaq istəyir. Azərbaycanın sözügedən raketlərdən bir neçəsini alması da istisna deyil. Düşmənin təkcə Qarabağda deyil, Ermənistan ərazisindəki bütün hərbi obyektləri də ciddi nəzarət altıdadır. Biz buna məcburuq, çünki payızda danışıqlar prosesi başlayacaq".

Image result for ISIS

Proseslərin gedişatını dəyərləndirən ekspert bu arada çox önəmli bir məqama, separatçıların Moskvada gözlənilən görüşünün qəfil təxirə salınmasının pərdəarxasına da işıq salıb: “Bu görüşü qeyri-hökumət təşkilatının keçirdiyi deyilsə də, bu mümkünsüzdür. Bu, dövlət xətti ilə həyata keçirilən tədbirdir, Azərbaycan, Gürcüstan və Moldovada da ciddi etiraz doğurub. Qərb ölkələri artıq həyəcan içərisindədirlər ki, Rusiya postsovet məkanındakı münaqişələri qızışdırmaqla yanaşı, indi də Avropaya barmaq uzadır. Qərbin Rusiyaya qarşı qəzəbi hədsiz artıb. Amerikanın Rusiya olan münasibəti hər gün daha da pisləşir. ABŞ və AB artıq Rusiyaya ultimativ xarakterli xəbərdarlıqlar göndərib. Kerri çıxışında qeyd etdi ki, heç də uzaq olmayan bir zamanda İŞİD darmadağın edildikdə bundan canını qurtaran müəyyən qüvvələr Şimali Qafqaza toplaşacaqlar. Amerika kəşfiyyatının məlumatına əsasən, Gürcüstan, Çeçenistan və Dağıstandan olan İŞİD-çilər təşkilatın qərargahını Rusiyaya keçirə bilərlər. Əlbəttə ki, bunu alqışlamaq olmaz, çünki İŞİD təkcə Rusiya üçün deyil, bütün post-sovet məkanı üçün təhlükəlidir”.

*****

Moskvada separatçıların toplantısının ləğv olunması sözsüz ki, rəsmi Moskvanın iradəsi əsasında olub və öncə də vurğuladığımız kimi, Bakıya qarşı xoşməramlı jest sayıla bilər. Lakin bu kimi jestlər Qarabağ konfliktinin təzədən hərbi fazaya keçməsi üçün yetərli deyil. Müharibəni önləmək, danışıqları dalandan çıxarmaq imkanları isə ABŞ-dan fərqli olaraq, Rusiyada qat-qat çoxdur. Hələ ki çoxdur...

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.