Yəqin ki, hazırda istənilən rusiyalının başlıca tipik qorxusu – elan edilməmiş və səhranın ortasında, uzaq müsəlman ölkəsində heç kimə lazım olmayan müharibədir. Yevgeni Yevtuşenkonun sürrealistik şeirində Əfqanıstanda öldürülmüş rus əsgərinin üzündə gəzişən qarışqa ondan soruşur: ”Əgər sənin öz ölkəndə mağazada yemək yoxdursa, onda bəs mənim bu dilənçi vətənimə sən nə verə bilərsən?”
Aleksey Balabanovun “Yük-200” filmindəki manyak polis Əfqanıstandan gətirilmiş tabutun içərisindəki meyiti çıxarıb gənc qadının yatağına qoyaraq, deyir: ”Budur, nişanlın gəlib!”. Yəqin ki, bu bütün tarixi boyunca rus kinosunun ən məşum səhnəsidir.
On illik Əfqanıstan müharibəsi Sovet İttifaqının dağılmasının əsas səbəblərindən biri olub. Uzun müddət ərzində insanlar ağır sovet məişətinə “Təki müharibə olmasın” formulası ilə bəraət qazandırırdılar və bu, haradasa özünəməxsus şəkildə ictimai müqavilə sayılırdı. Leonid Brejnev bunu pozdu və həyat heç də daha yaxşı olmadı, müharibə isə bir çox rus ailəsinin içinə girdi.
Rusiyada əllinci illərdə doğulmuşlar həmin qorxunu xatırlayırlar – orduya çağrılmaq və Əfqanıstana ölümə göndərilmək!
“Yük-200” filmində bu konveyer dəqiqliyi ilə göstərilir. Böyük yük avtomobillərindən yüzlərcə tabut çıxarırlar və onların yerinə Kremlin geosiyasi fantaziyaları naminə Əfqanıstana göndərilən əsgərlər minirlər.
Vladimir Putinin bir il əvvəl Suriyada hərbi əməliyyatlara başlaması, Brejnevin Əfqanıstanda – xeyir götürülməsi naməlum, riski isə böyük olan müharibə qərarını xatırladır. Həm də ki, Brejnevdən fərqli olaraq, Putin artıq bu cür müharibələrin nə ilə qurtardığını bilir. Amma buna baxmayaraq, o, vuruşmaq qərarına gəlib. Nəyə görə?
2013-cü ildə məhz Putin Bəşər Əsədə Qarblə kompromis tapmağa və beynəlxalq hərbi münaqişədən qaçmağa yardım edən şəxs olmuşdu. Bunun üstündən dörd il keçdikdən sonra, Putinin Əsəd və Qərb arasındakı vasitəçilik rolu hansısa əks bir şeyə çevrilib. Rusiya ordusu faktiki baxımdan Suriya rejimi ilə silahlı müxalifət arasındakı döyüşlərdə Dəməşq tərəfindən vuruşur.
2013-cü ildə Putinin Rusiyadakı tərəfdaşları Suriyada sülh yaratmaq cəhdinə görə, ciddi şəkildə ona Nobel mükafatı verilməsini müzakirə edirdilər. Bu gün isə tamamilə əksinə olaraq, müharibənin əsas dəstəkləyicisi Rusiyadır. Amma nə qədər qəribə görünsə də, Rusiya üçün Suriya müharibəsi, Suriyada deyil, Ukraynada başlayıb.
2014-cü ilin yazında Krımın ilhaqı günlərində Kreml hələ illüziya ilə yaşayırdı. Onlar hesab edirdilər ki, Qərb və əsasən də Şərqi Avropa ilə dil tapan Putin, Ukraynadan qoparılmış ərazi ilə bağlı məsələyə sakit reaksiya verilməsinə nail olacaq.
Rusiya görəndə ki, bu alınmır, onda Ukraynanın iki regionunda şiddətli müharibəyə girişdi və Malayziyaya məxsus “MH17” reysli “Boeing” təyyarəsi vuruldu. ”G8”-lər yenidən “G-7” çevrildi. Putinin yaxın dostlarının adları sanksiya siyahısına salındı. Beynəlxalq təcrid səviyyəsinə görə postsovet Rusiyası ilk dəfə idi ki, Sovet İttifaqının Əfqanıstan müharibəsindəki vəziyyətə yaxınlaşdı.
Kremlin rəsmi bəlağəti Rusiyanın daxili auditoriyası üçün nəzərdə tutulub. Onlar vətəndaşlarını sakitləşdiricək sözlər tapıblar – Rusiya yenidən böyük ölkə olmağa başlayıb, ona görə də Qərb bizdən qorxur və ziyan vurmaq istəyir.
Lakin bu cür təbliğat kələkbazlıqları demək olar ki, çox az təsir göstərə bilər. Çünki Putin Brejnev deyil və Qərblə münasibətlər onun üçün siyasi prestij məsələsindən daha çox özünə yaxın olan oliqarxların Qərbdə yerləşdirilmiş maliyyə aktivlərinin müqəddəratı ilə bağlıdır.
Ukrayna dalanına dirənmiş Vladimir Putin, kazino oyunçusu kimi kəskin şəkildə bəhsi artırmağı qərara alıb. Bunu elə səviyyəyə qaldırıb ki, Ukrayna probleminin əhəmiyyəti azalsın. Beləliklə də Rusiya Qərb üçün elə əsas oyunçuya çevrilib ki, qlobal problemlərin həlli məsələləri onların iştirakı olmadan yoluna qoyulmur. Putin üçün belə bir bəhs Suriya oldu. Bir hissəsi İŞİD-in nəzarəti altında olan bu ölkənin daxilindəki münaqişənin uzanması, Putin üçün əsl hədiyyə deməkdir.
Rusiyanın bu münaqişənin iştirakçısına çevrilməsi, aydındır ki, Qərbin Moskva ilə danışıqlara getməsini vacib hala gətirməlidir. Elə məhz buna görə də Rusiya ordusunun hücumlarının obyekti İŞİD yox, əsas etibarı ilə Əsədə qarşı vuruşan Qərbyönümlü müxalifətdir.
Düşmən tərəflərini barışdırmaq şüarı altında münaqişəni söndürmək yox, onu dərinləşdirmək kimi qəribə bir missiya! Corc Oruell özünün “1984-cü il” romanındakı “Sülh-elə müharibədir” ifadələri ilə birlikdə, Rusiyanın Suriyadakı hərbi qərargahının “Barışıq mərkəzi” adlandırılmasını bilsəydi, dərindən gülərdi.
Putinin Suriya siyasətinin əsl rəmzi – Palmira antik xarabalıqlarındakı klassik musiqi konserti oldu. Bu konsertin baş aparıcısı Putinin köhnə dostu və “Panama sənədləri”nə görə adına məlum olmayan mənbələrdən milyardlar yazılan vilonçelist Sergey Rolduqin idi.
Suriyanın Rusiya üçün yeni bir Əfqanıstana çevrilməsi riskləri barəsində, yəqin ki, Putin düşünmür. Əfqanıstan müharibəsindən fərqli olaraq, Suriyada yalnız muzdlular döyüşürlər və ona görə də gənc çağırışçı əsgərlərin ölümü istisna edilir.
Rusiya ictimai fikri əmindir ki, Rusiya öz daxilində terrorun qarşısını almaq üçün İŞİD-lə vuruşur. Həm də ki, müharibə, öz satış imkanları ilə Rusiya iqtisadiyyatının böyüməsinə yardım edə biləcək rus silahının reklamıdır.
Suriyadakı müharibə Rusiyanın sabitliyinə təhlükə törətmir, əksinə olaraq onun mövqeyini möhkəmləndirir. Ona görə də Qərb liderləri, Putinlə Suriya barəsində deyil, Ukrayna və sanksiyalar haqda danışmağın vacibliyini anlayana qədər bomba yağdırmaq olar.
(“The Guardian” – Böyük Britaniya/azpolitika.info/