Kremllə 5 rayon anlaşması – Ankaradan sensasion açıqlama

14-10-2016, 09:08   
Kremllə 5 rayon anlaşması – Ankaradan sensasion açıqlama

“Rusiya təklif verdi, Türkiyə dəstəklədi, Azərbaycan isə...”; Türkiyə XİN rəhbərindən prezidentlərin üçlü İstanbul görüşündən dərhal sonra ilginc Qarabağ bəyanatı; Putinin İrəvan səfəri ərəfəsi isə “Stratfor”dan anlaşmanı şübhə altına alan xəbərdarlıq gəldi...
Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ mövzusunda sensasion sayılacaq son açıqlaması bəzi “i”lərin üzərinə “nöqtə” qoyub. Prezidentin “bağlı qapılar arxasında bizə təzyiq var” fikri müxtəlif aspektlərdən şərh edilsə də, əslində konfliktin həllində dönüş yaratmağın vaxtı çatdığının zəruriliyi kimi də anlaşıla bilər. Bu üzdən ölkə başçısının açıqlaması Azərbaycan xalqı ilə yanaşı, vasitəçilərə də ünvanlanıb.

Vasitəçilər - ATƏT-in Minsk Qrupu həmsədrləri isə ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin daha bir görüşünü təşkil eləmək ümidindədirlər. Ola bilsin, onlar buna nail olsunlar. Bəzi rusiyalı ekspertlərə görə, hətta bir aydan sonra danışıqlar prosesi təzədən canlana bilər, çünki uzun müddətli durğunluq yeni müharibə riskini artırır. Qarabağ münaqişəsi zonasında geniş miqyaslı hərbi toqquşma isə nə Rusiyaya, nə də ABŞ-a əl verir. Səbəblər barədə kifayət qədər yazılıb.

*****

Məsələ də ondadır ki, münaqişənin dinc yolla həllində dönüş əsas etibarilə elə bu iki dövlətdən - Rusiya və ABŞ-dan asılı durumdadır. Vaşinqton və Moskva isə belə demək mümkünsə, ikitərəfli münasibətlər tarixində ən kritik dönəmlərdən birini yaşayır - öncəliklə də Suriya böhranına görə.

Hər necə olmasa, Qarabağ məsələsində bəzi ortaq maraqlar - misal üçün, yeni müharibənin arzu olunmaması - Rusiya və ABŞ-ı problemi başlı-başına da buraxmağa imkan vermir. Qısası, prezidentin açıqlamasından da göründüyü kimi, elə bir məqam yetişib ki, konfliktin həllində yaxın aylarda nəsə eləmək, təhlükəli status-kvonu dəyişmək lazımdır. Bu “nəsə” isə problemin mərhələli həllindən - Azərbaycanın işğal altındakı rayonlarının bir hissəsini azad eləməkdən keçir. Başqa istənilən “həll variantı”na cəhd labüd surətdə hərbi toqquşmalara gətirəcək.

Təbii ki, yaranmış vəziyyətə görə Rusiyanın üzərinə daha böyük məsuliyyət düşür - çünki işğalçıya ən güclü təsir və təzyiq rıçaqı ona məxsusdur. Prinsipcə, ABŞ da buna qarşı deyil. Xatırladaq ki, aylar öncə rəsmi Vaşinqton Kremlin Qarabağ məsələsində dominant rolunu etiraf eləmişdi. Ancaq o da var ki, Amerikanın prosesə töhfəsi olmadan nizamlamanı irəli aparmaq çətin görünür. Başqa sözlə, Qarabağla bağlı iki paytaxtın ilkin ortaq anlaşması qaçılmazdır.

*****
Belə bir anlaşma varmı? Söyləmək çətindir. Ancaq təkrar edirik, müharibə variantının önlənməsi üçün hər iki dövlət ilkin mərhələdə Azərbaycanın bir neçə rayonun azad olunmasının vacibliyini yəqin ki, anlayır. Söhbət “5+2" formulunda mərhələli nizamlamadan gedir. Rəsmi Bakı bu formula prinsipial razılığını verib. Prezidentlərin Sank-Peterburq görüşündən sonra Azərbaycanın yüksək çinli rəsmilərinin açıqlaması buna sübutdur. Qalır Ermənistan. Onu isə yola gətirmək ilk öncə Rusiyanın işidir.

Image result for KTMT

Yeri gəlmişkən, bu gün Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri başlayır. Putin orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ali toplantısında iştirak edəcək. Qarabağ bölgəsi “Rus NATO-su”nun təsir zonasında olmasa da, hər halda, mövzunun ən azı, bağlı qapılar arxasında Putin və Sərkisyan arasında müzakirə predmeti olacağı istisna deyil.
Belə bir ehtimalı gücləndirən amillərdın biri də Rusiya liderinin təzəlikcə İstanbulda Azərbaycan və Türkiyə prezidentləri ilə bir araya gəlməsidir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son açıqlaması bu xüsusda ümidləri artırır. Belə ki, nazir Ermənistanın Azərbaycanın işğal olunmuş 5 rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Image result for Putin İlham Əliyev Ərdoğan enerji

Çavuşoğlu deyib: “Rusiya bizimlə bu ideyanı paylaşdı, biz isə dəstəklədik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Ermənistanla münasibətin normallaşması üçün də xeyli iş görmüşük. Hətta İsveçrədə saziş də bağlamışıq (Sürix protokolları nəzərdə tutulur -red.), lakin bu, nəticə verməyib” (oxu.az).

“Bu gün Minsk Qrupunun və Rusiyanın həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüblər. Gündəmdə işğal olunmuş ən azı, 5 rayonun Azərbaycana qaytarılması məsələsi durur. Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik. Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik” , - deyə Çavuşoğlu Avropa Şurasının Parlament Assambleyasının iclasında Milli Məclisin deputatı Qənirə Paşayevanın sualına cavab olaraq bildirib.

Image result for Çavuşoğlu

Türkiyə XİN başçısı Ankara-İrəvan münasibətlərinə də toxunub. “Biz Ermənistanla da münasibətlərin normallaşmasını istəyirik. Əgər bu problem (Qarabağ problemi -red.) həll olunsa, güman edirik ki, Azərbaycan da bunu istəyəcək. Nəyə görə Cənubi Qafqazda bu cür təhlükə, bu cür problem olmalıdır? Niyə o, həll olunmur? Minsk Qrupu da səy göstərməlidir”, - deyə Çavuşoğlu qeyd edib.

*****
Çavuşoğlunun Qarabağ, “5 rayon” açıqlaması Putinin Türkiyə səfərindən dərhal sonraya təsadüf etməsi ilə xüsusi diqqət çəkir. Belə çıxır, İstanbulda Qarabağ mövzusu hər halda hansısa şəkildə müzakirə edilib və ən əsası, “5+2" formatı öz aktuallığını itirməyib. Onu da yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ötən yay - Sank-Peterburq səfəri zamanı Putinlə görüşdən sonra bənzər bəyanat vermişdi.

Ərdoğan o vaxt demişdi: “Bu məsələ ilə bağlı xarici işlər nazirimizlə Azərbaycanın xarici işlər naziri danışdı. Mən də cənab Putinlə danışdım, o da razı qaldı. Məqsədimiz bölgədəki siyasi prosesləri yaxından təqib etməkdir. Xüsusilə də indi Qarabağ problemi var.... Əlbəttə ki işğaldan söhbət gedir. Bu işğalı da hər kəs qəbul edir. Madam işğal var, niyə nəticə əldə edə bilmirlər? İndi müəyyən irəliləyişlər var. Cənab Putin bu işlə məşğuldur. Cənab Əliyev də mənə bu haqda dedi. Əgər əvvəl 5 rayon qaytarılsa, zənn edirəm ki, problemin həlli daha asan mərhələyə keçəcək, regionda sözün əsl mənasında normallaşma prosesi başlayar”.
*****

Image result for 5 rayon

Sözsüz ki, Kremlin “5+2" formatı ilə bağlı öz hədəfləri var. Bu, öncəliklə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır. Buna isə Bakı ilə yanaşı, Qərbin, ən əvvəl də ABŞ-ın razılığı gərəkdir. Bakının əsas şərti bəllidir. Hazırda Rusiyanın gərgin münasibətlərdə olduğu Amerikanın isə Moskvanın Güney Qafqazda, Qarabağda hərbi cəhətcə möhkəmlənməsinə seyrçi qalacağı inandırıcı deyil. Qonşu Gürcüstanda ABŞ-ın möhkəmlənmək səyləri də bunu mümkünsüz edir.

Image result for 5 rayon

Maraqlıdır ki, bu arada Amerikanın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik mərkəzi ilin sonu üçün Suriyada ABŞ və Rusiya arasında hərbi toqquşmanın ola biləcəyini proqnoz edib. “Bu ilin dördüncü rübündə toqquşma ehtimalı artacaq - nəzərə alsaq ki, Vaşinqton Suriyada sünni könüllüləri gücləndirir və bununla da Moskva ilə dialoq siyasətini prioritet olmaqdan məhrum edir. Situasiyaya həm də Türkiyə kimi, başqa regional oyunçular da təsir edir” - qurumun analitikləri vurğulayıb.

Belə bir toqquşma reallaşarsa, o zaman onun əks-sədası şübhəsiz ki, Cənubi Qafqazda, Qarabağ məsələsində də özünü göstərəcək. Böyük ehtimalla, həm də tormozlayıcı planda. Əlavə edək ki, bugünlərdə ABŞ-ın nüfuzlu nəşrlərindən biri Putinin postsovet məkanında 6 əsas hədəflərindən birinin Qarabağ olduğunu yazmışdı.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.