Dünən İmişli rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.
BiG.AZ-ın məlumatına görə, Gövhərli kəndində 1988-ci il təvəllüdlü Nəsirov Ağabba Albaba oğlu həyat yoldaşı 1999-cu il təvəllüdlü Abdulxalıqova Aygün Altay qızını qısqanclıq zəminində öldürdüyünü bildirib. İlkin araşdırma zamanı məlum olub ki, oktyabrın 14-nə keçən gecə saat 01 radələrində A.Nəsirov xanımını aldadaraq həyətə düşürüb və bu zaman balta ilə onun başına zərbələr endirib. 17 yaşlı Aygünü öldürən Ağababa meyiti həyətdə qoyub və daha sonra evə qalxaraq yatıb.
Hadisə vaxtı evdə gənc ər-arvaddan başqa kimsə olmayıb. Səhər saatlarında A.Nəsirov Bakıya getmiş ata-anasına zəng vuraraq təcili kəndə qayıtmalarını, özünü pis hiss etdiyini deyib. Onlar da oğullarının dediyi kimi ediblər və evə çatanda dəhşətli mənzərənin şahidi olublar. Nəhayət dünən günorta saat 13 radələrində A.Nəsirov törətdiyi cinayətlə bağlı polisə məlumat verib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, A.Nəsirovla 17 yaşlı Aygün arasında rəsmi nikah olmayıb. Onların heç toyu da keçirilməyib. Belə ki, Abşeron rayonunun Hökməli qəsəbəsində avtoyuma məntəqəsində işləyən Ağabba Qobu qəsəbəsində yaşayan bacısıgilə gedib-gələrkən qonşuluqda yaşayan və əslən Ağsu rayonundan olan Aygünü görüb və onlar arasında münasibət yaranıb. Bir neçə ay əvvəl isə onlar birgə yaşamağa başlayıblar və İmişliyə gediblər.
Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.